İran: SOCAR-la əməkdaşlıq hər iki ölkənin xeyrinə ola bilər

İran: SOCAR-la əməkdaşlıq hər iki ölkənin xeyrinə ola bilər

-- Hazırda bu sahə üzrə iş aparırıq

Biz  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)  ilə əməkdaşlıq etməkdə maraqlıyıq.  
 
Maide.Az bildirir ki, bunu APA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zamani-Niya deyib.
 
O qeyd edib ki, əməkdaşlıq Xəzər dənizində mövcud olan neft blokları və həmin blokların birgə inkişaf etdirilməsi ilə bağlıdır. “Hazırda bu sahə üzrə iş aparırıq. Düşünürəm ki, nailiyyətlər əldə etmişik. Ümid edirik, cənab prezident Həsən Ruhanin mart ayının sonlarında Bakıya edəcəyi səfərdən öncə bu sahədə müzakirələrimizdən müsbət nəticələr əldə olunacaq,” – deyə Ə. H. Zamani-Niya bildirib.
 
Ə. H. Zamani-Niya deyib ki, əgər Xəzər dənizindəki neft  yataqlarının birgə işlənilməsi sahəsində razılıq əldə olunarsa, bu, hər iki ölkənin xeyrinə ola bilər. Onun sözlərinə görə, SOCAR da İranın neft yataqlarında  sərmayə yatırmaqda maraqlıdır: “Biz onların bu istəyini alqışlayırıq. Hazırda bu şirkət İranın hansı neft – qaz yatağında  sərmayə yatırması məsələsini araşdırır.”

Google+ WhatsApp ok.ru