İRAN XALQININ SƏADƏT VƏ TƏRƏQQİ YOLU

İRAN XALQININ SƏADƏT VƏ TƏRƏQQİ YOLU

-- İran İslam İnqilabının qələbəsindən 39 il ötür

“Mən İrandan gəlirəm - müasir dövrün ən şöhrətli, eyni zamanda tam tanınmamış inqilabının vətənindən; Allahın dini əsasında qələbə çalan, böyük peyğəmbərlərin və islahatçıların yolunun, bütün bəşər tarixi uzunluğunda bir yolun davamı olan inqilabın vətənindən! Bu inqilabın güclü əsası və təməl düşüncəsi monoteist İslam dünyagörüşüdür...”
 
Təqdim etdiyim sətirlər İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Hüseyni Xamenei cənablarının Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 42-ci sessiyasındakı (1987) çıxışındandır. Mətndən də göründüyü kimi, Ayətullah Xamenei 1979-cu ildə Şərqdən bir günəş təki doğan İslam inqilabından söhbət açır, o inqilab ki, bu günlərdə 39-cu ildönümü böyük təntənə ilə qeyd edilir. 
 
İran İslam İnqilabı haqqında çox danışılıb, yazılıb və indidən sonra da şərhinə illərlə vaxt ayırıb cild-cild kitablar hazırlansa belə, yenə mövzu bitib tükənməz, əhəmiyyətini layiqincə dəyərləndirmək, miqyasını tamamilə əhatələmək qeyri-mümkün olar. Amma tarixi hadisəni Ali Rəhbərin baxışlarında bir daha nəzərdən keçirmək və təhlili ilə tanışlıq əlbəttə, çox maraqlıdır. Çünki İslam inqilabının adi inqilablarda olmayan spesifik, əsas xüsusiyyətləri belə diqqətə çatdırılır: 
 
1. Əsl xalq inqilabı.
 
“Birincisi budur ki, bu inqilab hətta başlanğıcda da yüz faiz xalq inqilabı idi; nə silahlı bir partizan qrupunun, nə siyasi-hərbi bir partiyanın, nə də inqilabçı və azadlıqsevər zabitlər qrupunun; yalnız xalqın inqilabı idi. Tamamilə silahsız xalq öz vücudu və inqilabçı şüarları ilə Tehranın və başqa yerlərin küçə və xiyabanlarını elə doldurdular ki, hökumət üçün heç bir yer qalmadı. Onlar həm bir-bir, həm də kollektiv şəkildə saraylardan, hökumət binalarından və sonra ölkədən çıxmağa məcbur oldular. Şah, Baş nazir, ordu rəhbərləri, nazirlər və digər yüksək məmurlardan hansı bacardısa xalqdan qaçdı. Bu, onların bir ildən artıq müddətdə özlərinin bütün siyasi, hərbi imkanlarından və polis qüvvələrindən bəhrələnməklə xalqı dağıtmağa, evlərinə və iş yerlərinə qaytarmağa çalışmalarından sonra baş verdi. Həmin müddətdə minlərlə insan hamının gözü önündə - küçədə, məsciddə, universitetdə, iş yerində öldürüldü, lakin xalqın fəallığı günbəgün yüksəldi. 
 
Sonrakı aylarda rejimin qəddarlığı çoxaldı və qarşılığında xalqın izdihamı da artdı. Canından əlini üzmüş xalqın qəzəbi qarşısında dayana bilməyən rejim özünün ən böyük imtiyazını verməyə məcbur oldu: şah getdi. Bundan sonra isə ardıcıl və sürətli geriçəkilmələr başlandı. 
 
Hər sözü hər adama ruh, ayıqlıq və dərs verən böyük inqilab rəhbəri bütün güclərin sahibi olan Allah-Taalaya güvənərək, xalqın əzəmətli və sarsılmaz iradəsinə arxalanaraq inqilab hökumətini qurdu. Zalım şahın kabineti də öz-özünə kürsünü tərk elədi. Son səngərlər isə əsgər və zabitsiz qalan boş qarnizonlar idi. Onlar da ya qaçmış, ya da xalqa qoşulmuşdular. Yalnız qarnizonların süqutundan sonra xalq silah gördü, o zaman isə şah rejimi artıq süqut etmişdi. Bu silahlar inqilabın yeni ağacını qorumaq üçün işlədildi. Güclü və silahlı görünən, ən böyük güclər tərəfindən himayə olunan Pəhləvi rejimini məğlub edən, İslam Respublikası quruluşunu yaradan yeganə qüvvə xalq – gənclər, qocalar, qadınlar və kişilər idi. Onların silahı imanları, güclü iradələri, qanları idi və qan xəncərə qalib gəldi. Qanın qılınca qələbəsi siyasəti məzlum müqavimət siyasətidir. Bizim rəhbərimiz inqilabın qələbəsindən öncə elan etmişdi və bunun ilk möcüzəsi təpədən-dırnağa qədər silahlanmış, Amerika və Qərb tərəfindən tam himayə olunan rejim üzərində qələbə idi”.
 
2. İslam dininə əsaslanması.
 
“İkincisi budur ki, bu inqilab dinə və İslama əsaslanırdı. Mübarizəsi dini inancdan qaynaqlanan, lakin strukturunda bu imanın az, yaxud heç bir rolu olmayan inqilablar çoxdur. Bizim inqilabımız isə hər şeyini - məqsədlərini, prinsiplərini, hətta mübarizə üsullarını, eləcə də yeni quruluşun formasını və idarə tərzini də İslamdan götürdü. Bu, inqilaba möhtəşəm cəhətlər bəxş edir və onun qələbəsinə dair yeni tərif ortaya qoyur.
 
İslam belə əzəmətli inqilabçılıq və quruculuq potensialına sahibliyinə görə ən azı 150 ildir müstəmləkəçi güclər və onların mürtəce, zəbun və rəzil muzdurları tərəfindən hücuma məruz qalır. Bundan əlavə, İslam əllidən artıq ölkə və bir milyard insan tərəfindən müqəddəs inanc və ilahi din sayılır. Ruhu və məzmunu İslamdan ibarət bir inqilabın qələbəsi əslində həmin düşmənlərin hamısı üzərində və bu bir milyardın hamısı üçün qələbədir. Yüz milyonlarla müsəlman kişi və qadın onlarla ölkədə bizim inqilabımızın qələbə çaldığına görə zəfər hissi keçirdi. Bu xüsusiyyət həmçinin xalqa, inqilabın rəhbərinə və idarəçilərinə geriçəkilmə, məğlubiyyət, zəiflik və qorxu yollarını bağlayır. Allah yolunda məğlubiyyət olmadığı üçün zəiflik, qorxu və geriçəkilmə də yoxdur”.
 
3. Şərqə və Qərbə bağlanmaması.
 
“İnqilabımızın üçüncü müstəsna xüsusiyyəti onun Şərqə, yaxud Qərbə bağlı olmamasıdır. Hansı ki, indi də inqilabçı quruluşumuzun qəti siyasətidir. Bunun özü fərdi və ictimai həyatımızın bütün sahələrində Allaha etiqadın və güvənin əlamətlərindən biridir. Hazırda beyinlərə hakim təfəkkür, böyük güc qütblərindən birinə arxalanmadan müasir siyasətdə qalmağın mümkünsüzlüyüdür. Bunun güclü, yaxud zəifliyinə dair fikir ayrılığı olsa da, özünə etiraz yoxdur. Hətta düşüncədə güvənməyi və öhdəçi olmağı qəbul etməyənlər də, əməldə bunu vacib sayırlar.
 
Bizim inqilabımız belə şəraitdə yeni bir fəlsəfə ortaya qoydu və indiyədək ona sadiq qalır. Sübut etdi ki, istismarçı gücləri özünə yaxın buraxmamaq, quldurluqlarını ciddiyə almamaq və onlara bac verməmək mümkündür; bir şərtlə ki, hər maddi gücdən daha güclü olan Allaha güvənəsən. Biz adıçəkilən etiqad və yol üçün ağır bədəl ödəməyin gərəkliyini bilirik və özümüzü buna hazırlamışıq. Qoy həmin təcrübə xalqları həqiqi və sarsılmaz müstəqilliyə, sonda isə dünyanın böyük istismarçılarının tam inkarına yönəltsin. İndiki güc bölgüsü də bəşəriyyəti daha acı gələcəklə hədələyir”.
 
 4. “Bizim inqilabımızın dördüncü müstəsna xüsusiyyəti də var ki, o da əleyhinə aparılan misilsiz düşmənliklər və hücumlardır”.
 
Təbii ki, bütün ictimai formasiyaların ideoloji lideri, çəkici qüvvəsi, nəzəri və əməli müəllifi var ki, son nəticə daha çox kütlələrin başında duran həmin şəxsiyyətin səviyyəsindən, nüfuzundan, dünyagörüşündən, digər xarizmatik qabiliyyətlərindən asılıdır. Ayətullah Xamenei məhz bu məqama da dəqqət çəkərək İslam inqilabının banisi, böyük alim, din və dövlət xadimi Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) ilahi məqamını real dəlillərlə tanıtdırır:     
 
“Onu yalnız peyğəmbərlərlə, övliyalarla, məsumlarla müqayisə etmək olar. İmam onların şagirdi və ardıcılı idi, məhz buna görə dünyanın siyasi rəhbərləri ilə eyni cərgədə qərar tutmur. Biz dünyanın siyasi rəhbərlərini tanıyırıq, xalqların mübarizə tarixini diqqətlə oxumuşuq. Həqiqətən heyfdir ki, onlara da rəhbər deyək, imama da. O, ümumiyyətlə peyğəmbərlər növündən və nəslindən idi. Allahın və Onun saleh bəndələrinin əzizi olan bu şəxsiyyətin təsviri həqiqətən çox çətindir.
 
Həqiqətən əziz imamımız kimi misilsiz bir şəxsiyyətə və böyük insana ən seçilmiş insanlar, ən güclü beyin, ən saf və ən təmiz qəlb sahibləri təzim etməli, hörmət göstərməlidirlər. İmamın müxtəlif xüsusiyyətləri vardı: çox ağıllı, təvazökar, ayıq-sayıq, zirək, qətiyyətli, mehriban, səbirli və təqvalı idi. Heç bir şeyi ona tərsinə göstərmək mümkün deyildi. Polad iradəyə sahib idi və heç bir maneə onu hərəkətdən saxlaya bilmirdi. Çox rəhmli və ürəyiyumşaq insan idi. İstər Allahla münacat etdiyi zaman, istər təbii şəkildə qəlbləri yumşaldan və mərhəmətə vadar edən hallarla rastlaşdığında nəfs istəkləri və maddi gözəlliklər təqvalı vücudunun uca zirvəsinə toxuna bilmirdi. Öz nəfsinin sultanı idi, istəkləri ona hakim olmurdu. Səbirli və dözümlü idi. Ən ağır hadisələr də onun vücudunun möhtəşəm okeanında təlatüm yarada bilmirdi.
 
Bilin ki, qurtuluş və səadətə nail olmaq, xəbis və hiyləgər düşmənlərə qələbə çalmaq, Allahın razılığını qazanmaq, İslamın və inqilabın müqəddəs məqsədlərinə çatmaq üçün əziz imamımızın tövsiyələrinə əməl etmək lazımdır; yəni Allahla rabitəni qorumaq, Ona təvəkkül etmək, Allahın düşmənlərindən qorxmamaq, bütün imkanlarla İslam Respublikasını dəstəkləmək və qorumaq. İran xalqının yolu budur. Xalq və məmurlar bütün imkanlardan istifadə edib bizim əziz imamımızın ən dəyərli yadigarı olan İslam Respublikasını qorumalı, himayə etməli və düşmənlərin qarşısında möhkəm dayanmalıdırlar. Bilsinlər ki, Allah onlarladır və düşmən özünün bütün hiylələri ilə birgə zəifdir. Bilsinlər ki, İran xalqının səadət yolu rəhbərimiz imamın vasitəsi ilə tanıdığımız, qədəm qoyduğumuz və irəlilədiyimiz yoldur.
Nəzər-diqqəti inqilabın ilahi mesajının cahanşümulluğuna yönəldən Ali Rəhbər İslami idarəçiliyin əsl Məhəmməd (s) İslamının şəriəti üzərində qurulduğundan xüsusi bir sərhədlə, milliyyət və irqlə məhdudlaşmadığını vurğulayır: 
 
Söhbət ondan getmir ki, İran xalqı, yaxud bu ölkənin məmurları dünyanın adi üsulları ilə inqilabı harasa və kiməsə ixrac etsinlər. Məsələ, müsəlmanların bir qrupu üçün İslam təfəkkürü, ilahi dərk və yeni baxış meydana çıxdıqda bütün İslam dünyasının öz imkan və mövqeyi qədərincə onlardan istifadəsindədir. Hegemonluğun təbliğat şəbəkələrinin İslam inqilabı əleyhinə zəhərli təbliğat aparması gözləniləndir. Çünki onların təbliğatı hiylə və yalan üzərində qurulub. Məsələ burasındadır ki, düzgün bir düşüncə, azad edən və oyadan bir təfəkkür İslama əsaslandıqda bütün İslam bölgələrində özünə tərəfdar, müştəri, sevən və istəyən tapır”.
 
Ayətullah Xamenei İslam inqilabı ənənələrinin müdafiəsi ilə bağlı mərhum İmam Xomeyninin vəsiyyətlərinə toxunaraq həm təhlükələri, onların qaynaqlandığı istiqamətləri göstərir, həm də mütərəqqi fikirli insanların qarşısında duran ümdə vəzifələri xatırladır:
 
“Xalqın iki qrupu düşmənin təsirini asanlaşdırır. Birinci qrup qərəzlilər, İslam, inqilab, İslam Respublikası quruluşu, ruhanilik və mənəvi dəyərlərin hakimiyyətinə müxaliflərdir. Bunlar çox azdır, lakin təsirsiz deyillər. İkinci qrup isə qərəzli olmayan, lakin məlumatsız, avam və qərəzlilərə aldananlardır. İkinci qrupu məlumatlandırmaq lazımdır. Bizi qəbul etməyən hər kəslə sərt rəftara ehtiyac yoxdur. Üsulumuz qüdrət və ağılla, əsəbilikdən uzaq rəftardır. Düzgün üsul və idarəçiliklə, insafı olarsa, düşməni dosta çevirməliyik. 
 
Mömin xalqın, xüsusən də gənclərin vəzifəsi əvvəla qərəzliləri tanımaq və onları xeyirxahlarla səhv salmamaq, ikincisi isə məlumatsız insanları məlumatlandırmaq, yol göstərməkdir.
İnqilabın müdafiəsi, İslam Respublikası quruluşunun yaşaması üçün çalışmaq birinci işimizdir. Buna görə imam dəfələrlə buyururdu ki, İslam quruluşunu qorumaq ən vacib əməldir. İnqilab İslam Respublikası quruluşundan ayrı deyil. Kimsə bunların bir-birindən ayrılığını güman etməsin. İnqilabın təcəssümü bütün dünya quldurlarının əl-ələ verib məhvinə çalışdığı İslam Respublikası quruluşudur.
 
Bu gün də Amerika hegemonluğunun, böyük beynəlxalq oliqarxların, Qüdsü işğalda saxlayan rejimin və mürtəce dövlətlərin ədavəti və düşmənçiliyi davam edir. Bizim inqilabımız qələbə çalanda İslam Respublikası quruluşu doğuldu. Deməli, bu quruluşun müdafiəsi İran xalqının birinci, ən müqəddəs və vacib işidir. Çünki o, əslində İslamı və Quranı müdafiə edir...”
 
 
Hazırladı: Qurban Cəbrayıl
 

Google+ WhatsApp ok.ru