`İşıq məhbusları`na hökm: İki nəfərə həbs cəzası verildi

`İşıq məhbusları`na hökm: İki nəfərə həbs cəzası verildi

Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi başa çatıb. Hakim Təranə Hüseynova təqsirləndirilən 5 nəfərdən 3-ünün şərti olaraq azadlığa buraxılmasına hökm verib.
 
Bu haqda AzadlıqRadiosu-na təqsirləndirilən şəxslərin vəkillərindən Elçin Sadıqov məlumat verib.
 
Vəkilin bildirdiyinə görə, hökm avqustun 14-də elan edilib.
 
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Gülağa Alməmmədov, İlkin İsgəndərov və Cəlal Quliyev şərti olaraq azadlığa buraxılıb.
 
Məhkəmə digər iki nəfərin - Ülvi Quliyev və Zaur Feyruzlunun 1 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib.
 
E.Sadıqov hökmün, hələlik onlara təqdim edilmədiyini bildirir. Onun deməsinə görə, hökmü aldıqdan sonra yuxarı məhkəmələrə şikayət edilib-edilməməsini müzakirə edəcəklər.
 
XATIRLATMA
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.
 
Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, onlardan da xəsarət alanlar olub və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.
 
Köçkünlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Aliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs edilib. Onlara CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.
 
Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib. /

Google+ WhatsApp ok.ru