İƏT Gənclər Forumu: İslam Dünyasında innovativ və texnoloji həmlə

İƏT Gənclər Forumu: İslam Dünyasında innovativ və texnoloji həmlə

-- 1000-ə yaxın innovativ layihə

Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan “İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu”nun dünən, 10 may tarixində, təntənəli açılış mərasimi oldu.
 
Bu Forum, İƏT ölkələrində gənclər arasında innovativ layihələrin və Startapların təşviqi, təlimi, maliyyələşdirilməsi və sonrakı inkişafının dəstəklənməsi məqsədilə 4-cü ildir ki, İƏT Gənclər Forumunun dəstəyi, Tatarstan Hökumətinin partnyorluğu və İƏT ölkələrindən olan innovativ mərkəzlərin iştirakı ilə yüzlərlə gənc iş adamlarının irəli sürdüyü layihələrin cəlb olunduğu beynəlxalq Platformaya çevrilib.
 
Bu il Foruma müxtəlif ölkələrdən online olaraq 1000-ə yaxın innovativ layihə daxil olmuş, onların arasından 26 ölkəni təmsil edən 50 ən yaxşısı və uğurlusu seçilərək Forumda təqdimat və araşdırması həyata keçirilmiş, maliyyələşmə üçün investorlara təqdim edilmişdir. 6 gün davam edən Forum zamanı eyni zamanda İƏT ölkələrindən dəvət olunmuş yüzlərlə gənc iş adamları və startap layihələri müəllifləri üçün təlimlər, iş adamları ilə görüşlər, praktiki panellər, informativ vorkşoplar təşkil olunmuş, bununla onların gələcək inkişafı və innovativ layihələri üçün dəstək göstərilib.
 
Forumun açılış mərasimində Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Təşkilatı Baş Katibi Yusif əl Useymin, İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, Tatarstanın Sələt Gənclər Hərəkatının sədri Timur Suleymanov çıxış ediblər.
 
Prezident Rüstəm Minnixanov bu Forumun 4-cü ildir ki, davamlı və inkişaf edərək fəaliyyət göstərməsini təqdir edərək İƏT Gənclər Forumunu təbrik etmiş, Tatarstanın “İnnopolis” Yüksək Texnologiyalar şəhərinin bütün imkanlarının bu Forumun bundan sonra da inkişafı üçün təqdim edə biləcəklərini bildirib.
 
İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov 4 ildir uğurla davam edən bu təşəbbüsün əsas hədəflərinin islam ölkələrində gənclər arasında işsizliyin azaldılması, bu gənclərin beynəlxalq rəqabət şəraitində təsirli yer tutması olduğunu vurğuladı. E. İskəndərov bu il sentyabr ayında İslam Dünyasında ilk dəfə İstanbulda İƏT Gənc İş Adamları Beynəlxalq Sərgisinin keçiriləcəyini və bu sərgidən gözləntilərin də böyük olacağını, belə təşəbbüslər vasitəsilə gənclər arasında texnoloji və innovativ irəliləyişin baş verəcəyinə inamını da ifadə etdi.
 
Qeyd edək ki, 4 ildə bu platforma vasitəsilə müxtəlif ölkələrdən minlərlə layihə cəlb olunmuş, yüzdən çox layihə bilavasitə Kazan Forumu zamanı investorlar tərəfindən maliyyələşdirilmiş, yüzlərlə gənc iş adamı beynəlxalq trenerlərin iştirakı ilə müvafiq intensiv təlimlərdən faydalanaraq başqa platformalarda öz layihələrinə investorlar cəlb edə bilmişlər. Bu illərdə Kazan Forumunda Azərbaycandan da olan gənc iş adamları iştirak etmiş, onların bəzisi öz layihələri üçün müxtəlif beynəlxalq platformalarda investorlardan böyük həcmdə vəsait cəlb edə biliblər
 
Bu ildən Kazan Gənc İş Adamları Forumuna Pakistanın məşhur “Crorona Ka” investisiya şirkəti də partnyor olaraq qoşulub.(modern.az)
 

Google+ WhatsApp ok.ru