Şeyx Sərdar Hacıhəsənlinin müdafiəsinə tanınmış vəkil Nemət Kərimli qoşulub

Şeyx Sərdar Hacıhəsənlinin müdafiəsinə tanınmış vəkil Nemət Kərimli qoşulub

Mayın 19-da “Namaz məhbusu” kimi tanınan Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) məhkəməsi başlayır. Onun müdafiəsinə tanınmış vəkil Nemət Kərimli qoşulub.
 
Maide.Az xəbər verir ki, bu haqda “Basta”ya məlumat verən vəkil bildirib ki, Sərdar Hacıhəsənlinin həbsinə səbəb onun 3 ay öncə Masallı Cümə məscidində xütbə oxuması olub.
 
“Sərdar Hacıhəsənlini məscidə QMİ-nin bölgə üzrə qazisi Seyid Mir Qiyas dəvət edib. Onun təklifi ilə xütbə oxuyub. Xütbətə qeyri-qanuni, yaxud siyasi xarakterli hər hansı bir söz deyilməyib. Amma bununla belə, onu xütbədən sonra həbs ediblər”, – vəkil bildirib.
 
Nemət Kərimli qeyd edib ki, Sərdar Hacıhəsənliyə qarşı CM-nin 168.1.3 maddəsi ilə (qanunsuz dini təbliğat) cinayət işi qaldırılıb. Sabah Masallı Rayon Məhkəməsində iş üzrə dinləmələr başlayacaq.
 
Bu arada Azərbaycanda dini qanunvericiliyə dəyişiklik edilib. Milli Məclisinin mayın 16-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb və layihə səsə qoyularaq qəbul edilib. 
 
Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla. İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-nə yeni səlahiyyət verilir. Yeni qanunla indiyə qədər olan tam qadağa məhdudiyyəti qismən də olsa yumşaldılıb.
 
Nemət Kərimli bildirib ki, Sərdar Hacıhəsənli İranda dini təhsil alıb, ona qarşı ittihamın əsasını xaricdə təhsil alanların dinlə məşğul olmasını məhdudlaşdıran müddəadır. “Artıq qanunda da dəyişiklik edildiyi üçün Sərdar Hacıhəsənli həbsdən azad olunması barədə vəsatət qaldıracayıq”, – Nemət Kərimli bildirib. 

Google+ WhatsApp ok.ru