Şeyx Sərdarın hər addımına görə verilən həbs

Şeyx Sərdarın hər addımına görə verilən həbs

Azərbaycanın daha bir dəyərli ruhanisi “azadlıqdan” məhrum edilib. Dar düşüncəlilərin fikrinə görə Şeyxin zahiri azadlığını məhdudlaşdırıblar. Amma Allahın bəndəsinin azadlığını əlindən almağın qeyri-mümkün olduğunu yəqin ki, çoxlarımız bilir.

Hacı Sərdar hər zaman azad insan olub. İstər sözündə, istərsə də əməlində bunu sübut edib.

Şeyxin həbs edilməsindən bu günə kimi baş verən bütün hadisələrə nəzər salanda ibrət alınacaq məqamların olduğun aydın görə bilirik. İstər məhkəmə proseslərində, istərsə də məhkəmədən kənar baş verənlər bu azadə insanın Allah tərəfindən necə ucaldıldığının şahidi oluruq. Ona qaşı irəli sürülən ittihamın özü də Hacı Sərdarın tam şəxsiyyətini ifadə edir.

Şeyx Sərdar namaz məhbusudur. “Cümə namazı” qıldığı üçün həbs edilib. Bu məsələnin görünən tərəfidir. Əsas hədəfin isə nə qədər yayındırılmasına çalışsalar da elə Şeyxin məhkəmədə söylədiyi bir cümlə ilə mahiyyət tamamilə ortaya çıxdı. “Bu gün ateist qanunları ilə İslam mühakimə olunur.” Təbii ki, namaz qılmaq, elə qanunun təbiri ilə desək “dini ayin icra etmək” Allahın hökmüdür və hər bir müsəlman üçün vacibdir. Şeyx Sərdar də bu vacibi yerinə yetirib. Yəni hər hansı qanundan kənara çıxmayıb. Təbii ki, söhbət Allahın qanunlarından gedir. Amma zahirən Şeyx Sərdar digər qanunları “pozub.” Burda elə Hacı Sərdarın yenə məhkəmədə söylədiyi bir fikri yada düşür. “Siz Allahla bəndəni üz-üzə qoymaq istəyirsiniz. Əgər namaz qılmasan sizin qanunlara tabe olub Allahın qanunlarını taptalayıram. Qılsam bunun əksi olur.”

Bütün məhkəmələr boyu öz təmkinini qoruyan Şeyx Sərdarın son sözü də bir daha onun əqidəsini ortaya qoymuş oldu. Dövlət ittihamçısının 4 il həbs cəzası istəməsinin fonunda “Bu bizim son sözümüz deyil, ilk sözümüzdür. Bizim çıxışlarımız bundan sonra da olacaq. Siz 4 il yox 40 il həbs verə bilərsiniz. Bu bizi öz yolumuzdan döndərməyəcək. Bizim yolumuz Allahın qoyduğu qanunlarla tənzimlənir. Bütün təzyiqlər bizi Allahın qanunlarını pozmağa vadar edə bilməz.”

Nahaq yerə zindana salınan təkcə Şeyx Sərdar deyil. Tarix də sübut edir ki, zaman-zaman öz mənafeyi xatirinə hakimlər hətta peyğəmbərləri, imamları belə zindanda saxlamaqdan çəkinməyiblər. İstər Hz. Yusif (ə) kimi peyğəmbərlər, istər Əhli-beyt imamları (ə) uzun illər zindanlarda saxlanılıb. Lakin bu onları öz əqidələrindən döndürə bilməyib. Elə Şeyx Sərdarın məhkəmədəki çıxışında da bu əksini tapır. “Hz. Yusif günahsız idi. Allah bir körpə uşaq vasitəsi ilə onun günahsız olmasını sübut etdi. Lakin o yenə zindana atıldı. Sonda nə oldu? Allah Yusifi (ə) izzətləndirdi, onu həbsə atanları isə zəlili-xar elədi.”

Prokurorun 4 il həbs istəməsi, hakimin “lütf” edib bunu 3 ilə endirməsinin bəlkə də bir mənası yoxdur. Lakin burada da bir hikmətin olduğu aşkardır. Məhkəmələrin birində prokuror Şeyx Sərdara “əgər siz 3 addım geri dayansaydınız bu gün həbs edilməyəcəksiniz” demişdi. Ortaya isə nə qədər tragikomik olsa da bir mənzərə çıxmış olur. Şeyxin hər addımına görə ona bir il həbs cəzası veriblər.

P.S. İnsanın azadlığı o zaman məhdudlaşır ki, o Allaha deyil başqa birinə itaət edir. Allaha itaət edənlər isə hər zaman azaddırlar. İstər həbsdə olsun, istərsə də kənarda. Çünki Allahın qanunları sərhəd tanımır. O hər yerdə icra edilir. Necə ki, ulu Yaradanın Özü hər yerdədir.(Maide.Az)

Google+ WhatsApp ok.ru