Şimal-qərb bölgəsində canavar sürüsü şəxsi təsərrüfata hücum edib

Şimal-qərb bölgəsində canavar sürüsü şəxsi təsərrüfata hücum edib

-- Camaat təşviş içərisindədir

Qəbələ rayonunda canavar sürüsü vətəndaşa məxsus şəxsi təsərrüfata hücum edərək, 35 baş xirdabuynuzlu heyvanı parçalayıb.
 
Maide.Az "Sputnik Azərbaycan"-a istinadla xəbər verir ki, hadisə aprelin 16-a keçən gecə saat 2-3 radələrində Qəbələ rayonunun Böyük Əmirli kəndində baş verib.
 
Orada məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan İbad Əmrahova məxsus şəxsi təsərrüfata soxulan yırtıcılar 18 baş qoyun-quzunu tələf edib, 17 baş qoyun-quzunu yaralayıb. Canavar sürüsü beton hasardan aşaraq tövləyə daxıl olub. Həmin vaxt ərazidə çobanlar olmayıb.
 
Kənd sakinlərinin əməkdaşımıza verdikləri məlumata görə, son dövrlər bölgədə dolaşan canavarların sayı xeyli çoxalıb: "Artıq qorxuruq. Xüsusilə gecələr mal-heyvanımıza qulluq göstərmək qorxulu hala gəlib. Hər an canavar hücumuna məruz qala bilərik".
 
Rayonun baş baytarı Bəhman Abdulrəhmanov Sputnik Azərbaycan-a bildirib ki, Böyük Əmirlidə baş vermiş son hadisədə parçalanmış heyvanların cəsədləri yandırılaraq basdırılıb, yaralılar isə quduzluğa qarşı vaksinasiya edilib.
 
Sakinlər, ümumilikdə canavarlara qarşı ciddi zərərsizləşdirici tədbirin görülməsini istəyirlər. Əks halda, bu yırtıcıların həm heyvanlar, həm də insanlar üçün daha təhlükəli vəziyyət yaradacağını bildirirlər.

Google+ WhatsApp ok.ru