Şuşanın dağları başı dumanlı…

Şuşanın dağları başı dumanlı…

-- Qorxun o gündən ki, Hakim özü şahiddir

Bilmirəm nədənsə uşaq vaxtı dağlara, qayalara baxanda, həm həyəcan, həm fərəh hissi keçirər, həm də məni rahatlıq bürüyərdi. Sonradan anladım ki, bu həyəcan mənim dağlara, qayalara olan güvən hissimdən qaynaqlanırmış. Axı çox eşitmişdim, dağlar vətənin sipəridir, düşmən qarşısına mərd-mərdanə ilk çıxan, onların mənfur niyyətlərinə ilk mane olan məhz onlardır! Lakin illər keçdi, məhz vətənimin Dağlıq Qarabağ adlı vilayətinin işğalı ruhuma hakim kəsilən uşaqlıq xəyallarımı paramparça etdi. Hətta erməni işğalçılarının Şuşanı ələ keçirmək planına “dağlarda toy” adı vermələri məni daha çox mütəəssir etdi.
 
Dağlar! Nə üçün yol verdiniz, Üzeyirin, Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, Bülbülün və neçə belə say-seçmə şəxsiyyətlərimizin məzarı düşmən tapdağı altda qalsın?
 
Nədən icazə verdiniz, Qarabağın gözəli, açıq səma altında muzey, Azərbaycanın musiqi beşiyi olan Şuşamız düşmən əlinə keçdi, körpələrimiz atasız, analarımız oğulsuz qaldılar?
 
Nədən icazə verdiniz, xarı bülbülümüz günahsız cavanlarımızın qanı ilə suvarıldı?
 
Artıq dağlara baxanda başqa hisslər keçirdirəm. Elə bilirəm onlar bu diyarda xəcalətli dayanıblar. Nə əzəmətləri var, nə də vüqarları! Amma xeyr! Bunlar yalnız uşaqlıq xəyallarıdır. Vətəni dağlar deyil, vətənin oğulları qorumalıdır. Tanrı dağları, dünyanı dövretmə zamanı parçalanmaqdan və bir sıra təbiət hadisələrindən  qorumaqdan ötrü vəzifələndirib, vətəni qorumaqdan ötrü yox!
 
Dağların qüruru var, dağların var vüqarı.
 
Vətəni qorumağa, amma yox ixtiyarı.
 
Dağ insantək həyatda faili muxtar deyil,
 
Can qurban eləməkdə külli ixtiyar deyil!
 
Bu vətənin dağını da, daşını da yurdun oğulları qorumalıdır. Amma bizim yurdun Məlikməmmədləri “7 başlı” yox, “40 başlı” əjdahalarla vuruşurlar. Ona görə hələ də qələbədən uzaq düşmüşük. Haqq nazilər üzülməz, haqqımıza çatmağa çox az vaxt qalıb.
 
Biz torpaqlarımızın 20%-ni itirmişik (son 30 ildə), amma siz erməni quldurları, şərəfinizi, ləyaqətinizi, mənliyinizi, insafınızı, bütünlükdə insanlığınızı itirmisiniz. Və hələ də qəflətdəsiniz, bilmirsiniz, üç məhkəmə var ki, hamı o məhkəmənin qarşısında dayanacaq!
 
Biri vicdan məhkəməsidir ki, siz heç vaxt o məhkəmədə iştirak etməyəcəksiniz.
 
İkinci, dünya məhkəməsidir ki, orda da “arxalı köpək qurd basar” prinsipi hökm sürdüyünə görə bu məhkəmədən hələki sığortalısınız.
 
Amma üçüncü məhkəmə ki var, bütün haqqı tapdalananlar, zülmə məruz qalanlar bu məhkəməni səbirsizliklə gözləyirlər. Bu, İlahi məhkəmədir ki, burada İlahi qüdrət özü müdaxilə edəcək və şüarı – “Qorxun o gündən ki, Hakim özü şahiddir” olacaq! (Kifayət Kərimli/ Mübarizim)
 

Google+ WhatsApp ok.ru