Şəkidə gənc fəal saxlanılıb

Şəkidə gənc fəal saxlanılıb

İcra nümayəndəsinin şikayəti əsasında polisə çağırılan Cavid Əliyev polisə müqavimətdə təqsirləndirilir
 
Şəkinin Küdürlü kəndində yaşayan gənc fəal Cavid Əliyev saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Məlumata görə, o, polisə müqavimətdə təqsirləndirilir. Hazırda o, məhkəməyə aparılıb.
 
Martın 17-də səhər saatlarında polis şöbəsinə gedən C.Əliyev içəri keçməzdən öncə bu barədə video-qeyd aparıb. Həmçinin dünəndən polisə çağırılması barədə özünün “Facebook” səhifəsində də məlumat verib.
 
C.Əliyevin sözlərinə görə, kənd icra nümayəndəsinin işinə etiraz etdiyi üçün ondan şikayət edilib:
 
“Dünən iki polis bizə gələrək dedi ki, martın 17-də, saat 9-da polis şöbəsində olum. İndi öz istəyimlə gəlmişəm, heç bir müqavimət yoxdur. Səbəb də odur ki, icra nümayəndəsinə “kişi kimi işləmək lazımdır” dediyimə görə məni polisə veriblər. Bu, bir cümləyə görə olası iş deyil. Yaşadığım kəndin icra nümayəndəsi Nurəddin İbrahimovun ailə üzvlərimə qarşı etdiyi qanunsuzluqlara etirazımı bildirmişəm. Mənə maddi və mənəvi zərər vurduğuna görə icra hakimiyyətinə, prezidentə və polisə məlumat vermişəm. Amma heç bir nəticəsi olmayıb. Əvəzində məni çağırıblar. Guya dövlət məmurunu təhqir etmişəm”.
 
Yaxınlarının sözlərinə görə, polis də maddə dəyişdirilib və polisə müqavimət kimi təsbit olunub. Yaxınları onu da deyir ki, C.Əliyevlə arasında mübahisə yaranmış Nurəddin İbrahimov Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumudur. /
 

Google+ WhatsApp ok.ru