`Əgər bilmək istəsəniz ki, Allah sizin oruc tutmağınızdan razıdır, ya yox, onun bir yolu var.`

`Əgər bilmək istəsəniz ki, Allah sizin oruc tutmağınızdan razıdır, ya yox, onun bir yolu var.`

-- Ramazan ayı münasibətilə ruhani Hacı Rizvan Alkişiyevlə müsahibə

Bismillahir-Rəhmanir-Rəhim

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız , ruhani Hacı Rizvan Alkişiyevdir.

 

1.  İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

Bismillahir-Rəhmanir-Rəhim. İlk orucumu 16 yaşımdan tutmağa başlamışam. Bu da 1980-1981-ci illərə, yayın isti günlərinə təsadüf edirdi. Oruc tutmağa ustadım rəhmətlik Mir Əyyub ağanın evində, Cəlilabadın Həziabad kəndində başlamışam.

Ən yadda qalan xatirəm bu idi ki, bizi imsaka oyadanda görərdik ki, rəhmətlik ağa bizdən 1 saat qabaq qalxıb Quran oxuyur, xanımı da samovara od salıb çay qaynadır. Onların məhəbbətini mən indi anlayıram ki, o zaman imsakdan 1-2 saat qabaq qalxıb samovarda çay qaynadasan, yemək bişirəsən, süfrəyə isti yemək gətirəsən, sonra da ailə üzvlərini oyadasan. Təəssüf ki, indi bir neçə saat əvvəlcədən yuxudan oyanıb bu işləri icra edən xanım təsadüfi tapılır.

O vaxt hər evdə telefon olmazdı. Qonşular, qohumlar yuxuya qalmasınlar deyə, imsaka oyatmaq üçün uşaqları göndərərdilər.

 

2. Orucluq haqda şəxsi təəssüratlarınız nədir?

Orucluqda insan özünü yaxşı tanıyır. İnsan bir az özünə diqqət edərsə, güclü və zəif cəhətlərini yaxşı dərk edə bilər. Əgər insan zəif cəhətlərini tanıyıb, onları aradan qaldıra bilərsə, elə düşünürəm ki, həmin insan həyatında müvəffəq ola bilər.

3. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

İmam Əlidən (ə) bir hədisə işarə etmək istəyirəm:

قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عليه السلام

" عَلَيْكُمْ فِي شَهْرِ رَمَضَانَ بِكَثْرَةِ الِاسْتِغْفَارِ وَ الدُّعَاءِ . فَأَمَّا الدُّعَاءُ فَيُدْفَعُ بِهِ عَنْكُمُ الْبَلَاءُ ، وَ أَمَّا الِاسْتِغْفَارُ فَيَمْحَى ذُنُوبَكُمْ "

“Orucluq ayında çoxlu dua və istiğfar etməyi unutmayın. Duanın xeyri budur ki, Allah sizdən bəlanı uzaqlaşdıracaq, istiğfarın xeyri də budur ki, Allah günahlarınızı məhv edib bağışlayacaqdır.”

4. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Orucluqda daha çox soruşulan məsələ oruc tutan şəxslərin səfərlə bağlı vəzifələridir və mən də bu məsələyə toxunmaq istəyirəm. Əgər insan orucluqda 22.5 km-dən uzaq məsafəyə səfər edərsə, o şəxs oruc tutmamalıdır. Lakin orucu evdə ikən aça bilməz. “Tərəxxüs həddi”ni keçdikdən sonra, yəni yaşadığı məntəqənin divarları görünməyən, eyni zamanda, azan səsi eşidilməyən bir yerə çatdıqdan sonra orucunu aça bilər. Lakin evdə orucu açıb səfərə çıxarsa, həmin günün orucunun həm qəzasını tutmalı, həm də kəffarəsini ödəməlidir.

 

5. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Ən gözəl təsirlərindən biri budur ki, müsəlmanlar oruc tutmaqları ilə bütün dünyaya, qeyri-müsəlman millətlərə öz dinini başa salır və yayırlar. Həqiqi müsəlmanlar öz ilahi vəzifələrini yerinə yetirib oruc tutsalar, müsəlman olmayan qonşuları, eləcə də digərləri oruc haqqında maraqlanacaq, onun xeyri, eləcə də, İslam dini və maarifi haqda məlumat əldə edəcək, insanlarda İslama olan meyillilik artacaq və sonda İslama üz gətirəcəklər. Biz oruc tutmaqla həm öz vəzifəmizi yerinə yetiririk, həm də öz dinimizi qeyri-müsəlmanlara təbliğ edirik. Qiyamət günü deməsinlər ki, ilahi, biz bilmirdik, bilsəydik, biz də Sənin dinini qəbul edərdik.

6. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Mən “Taha” surəsinin 124-cü ayəsini oxumagı məsləhət gorərdim. Allah-Taala buyurur: “Hər kəs Mənim zikrimdən üz cevirsə və Məni yad etməsə, onun yaşayışı çətin, sıxıntılı və darıxdırıcı olacaq və qiyamət günü də onu məhşərə kor gətirərəik.” Odur ki, Allahdan istəyək ki, həm dünyadakı yaşayışımız rahat və ləzzətbəxş olsun, həm axirətdə kor olmayaq, Allahın bəyəndiyi bəndələrindən olaq! Bunun da yolu odur ki, həmişə Allahı yad edək və mübarək Ramazan ayı da Allahı yad etmək üçün ən gözəl fürsətdir. Əgər biz, həqiqətən, orucluqda məşq edib Allahı layiqincə yad etsək, basqa aylarda da bunu davam etdirib, Allahın layiqli bəndləri sırasına qatıla bilərik!

 

7. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

Tələbəliyimin 2-ci və ya 3-cü illərində Qum şəhərində “cümə namazı”na getmişdim. “İmam-cümə” buyurdu ki, əgər bilmək istəsəniz ki, Allah sizin oruc tutmağınızdan razıdır, ya yox, onun bir yolu var. Bu mətləb mənim diqqətimi çəkdi. Ağa buyurdu ki, əgər orucluqdan 3-4 gün sonra özünüzdə günü-gündən ibadətə, gecə namazına, zikr deməyə, Allahla raz-niyaza, Quran oxumağa məhəbbətinizin artdığını görsəniz, bilin ki, Allah sizin bu orucunuzdan razıdır. Amma yox, günü-gündən ibadətə məhəbbətinizin azaldığını görsəniz, məsələn, 1-ci gün imsaka məhəbbətlə dururdunuzsa, 2-ci gün bu əhval-ruhiyyə azalıbsa, 3-cü gün imsaka durmaq istəmirsənsə, 4-cü gün yavaş-yavaş “Bu orucluq nə vaxt bitəcək!” – deyə fikirləşirsənsə, demək, Allah səndən və sənin orucundan razı deyil. Çalış tövbə ilə özünə fikir ver, bax gör, eybin hardadır? Hansı günahlar sənin Allaha şövq və məhəbbətlə üz tutmağına mane olur?! Əgər insan özünü tanısa və yaradılış fəlsəfəsini bilsə, o zaman Allahın ondan razı olub-olmadığını biləcəkdir. İnsan Allaha doğru hərəkətində maneələri aradan qaldırmaq üçün cəhd edərsə, Allah da bu yolda ona yardımçı olar, onu həqiqi bəndələrdən, həqiqi oruc tutanlardan qərar verər!

8. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Tövsiyəm budur ki, orucumuza, ibadətimizə xatir dünya işlərini bir az yüngülləşdirək, ibadət, itaət, zikr və dualar üçün xüsusi vaxt ayırıb mübarək Ramazan ayından layiqincə bəhrələnə bilək. Nə qədər ki, dünya bizi özünə məşğul edirsə, dünya bizim əsl hədəfimizə çevrilirsə, bir o qədər də axirətə hazırlıq əməllərindən uzaq düşəcəyik. Çalışaq, bu ayda bəzi işləri bir az yüngülləşdirək ki, ibadətə, raz-niyaza, qəza namazlarına, zikr və dualara daha çox vaxt ayıra bilək!

Google+ WhatsApp ok.ru