ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ (28)

Qurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri də “Bəqərə” surəsinin 37-ci ayəsidir. Bu ayədə belə buyurulur:

فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Adəm (tərki-övladan, qadağan olunmuş ağaca yaxınlaşdıqdan sonra) öz Rəbbindən müəyyən kəlmələr öyrəndi, onların vasitəsilə tövbə etdi və Allah onun tövbəsini qəbul etdi. Allah tövbələri qəbul edən və mərhəmətlidir!”

Allahın həzrət Adəmə (ə) tövbə üçün öyrətdiyi “kəlmələr”in nədən ibarət olması ilə bağlı təfsirçilər arasında müxtəlif rəylər var. Bəzi təfsirçilərin əqidəsinə görə, bu kəlmələr “Əraf” surəsinin 23-cü ayəsindəkilərdir: “(Adəm və Həvva) dedilər: “İlahi! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”

Bəzilərin nəzərincə, bunlar dualar, raz-niyazlar, o cümlədən, balığın qarnında həbs edilən Yunis peyğəmbərin duasından ibarətdir: Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm etdim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!...”

Lakin Peyğəmbəri-Əkrəmdən (s), yaxud səhabələrdən nəql olunan müxtəlif rəvayətlərdə bu “kəlmələr”in Allah-Taalanın Peyğəmbəri-Əkrəm (s), imam Əli, xanım Fatimeyi-Zəhra (s.ə.), imam Həsən və imam Hüseynin (ə) haqqına and verilməsi kimi şərhləri gözə dəyir.

Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Mən Peyğəmbəri-Əkrəmdən (s) soruşdum: Adəm peyğəmbərin Allahdan öyrəndiyi və onun vasitəsilə tövbə etdiyi “kəlmələr” nə idi? Peyğəmbər (s) buyurdu: O, Allahı Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseynin haqqına and verərək tövbə etdi Allah da onun tövbəsini qəbul etdi.” (“Əd-durrul-mənsur”, 1-ci cild, səh.60.)

Yenə orada imam Əlidən (ə) belə nəql olunur: “Mən Peyğəmbəri-Əkrəmdən (s) bu ayənin təfsirini soruşdum, Həzrət buyurdu: “...Allah Adəmə öyrətdi ki, belə desin:

اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَاَغْفِرْلِى اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحِيمُ، اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوّابُ الرَّحِيمُ فَهؤُلاءِ الْكَلِماتُ الَّتِى تَلَقَّى آدَمُ:

İlahi! Mən Səni Mühəmməd ali-Mühəmmədin haqqına and verirəm. Sən pak münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis görüb özümə zülm etdim, məni bağışla. Həqiqətən, Sən bağışlayan mərhəmətlisən. İlahi! Mən Səni Mühəmməd ali-Mühəmmədin haqqına and verirəm, Sən pak münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis görüb özümə zülm etdim, mənim tövbəmi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən mərhəmətlisən.” Adəmin Allahdan öyrəndiyikəlmələrbunlardan ibarət idi!” (“Əd-durrul-mənsur”, 1-ci cild, səh.60.)

Bu rəvayətdən açıq-aydın başa düşülür ki, bu üç təfsir arasında ziddiyyət yoxdur. Ola bilər ki, onların hər biri Adəm peyğəmbərə öyrədilmişdir. Adəm də onların həqiqətini, dolğun məna və batinini duymaqla onda kamil ruhi dəyişiklik baş vermiş, Allah-Taalanın lütf və mərhəmətini qazanmışdır.

İbn Məğazili “Mənaqib” kitabında Səid ibn Cübeyrin İbn Abbasdan belə nəql etdiyini yazır: “Peyğəmbəri-Əkrəmdən (s) həzrət Adəmin (ə) Allah-Taaladan öyrəndiyi “kəlmələr” barəsində soruşulduqda, Həzrət buyurdu:

سَئَلَهُ بِحَقِّ مُحَمَّدٍ وَعَلِىٍّ وَ فاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَيْنِ اِلاّ ما تُبْتَ عَلَىَّ فَتابَ عَلَيْهِ:

O, Allahı Mühəmməd, Əli, Fatimə, Həsən Hüseynin haqqına and verərək tövbəsinin qəbul olunmasını istədi Allah da onun tövbəsini qəbul etdi.” (“Ehqaqul-həqq”, 9-cu cild, səh.102.)

Əllamə Qunduzi “Yənabiul-məvəddət”, Beyhəqi “Dəlailun-nubuvvət”, Bədəxşi “Miftahun-nəcah”, Abdullah Şafei “Mənaqib” kitablarında da bu hədisi nəql etmişlər. (“Ehqaqul-həqq”, 9-cu cild, səh.102.)

Əksər kitablarda bu hədisin sonu İbn Abbasa gedib çıxsa da, onun ravisi təkcə o deyil. Çünki “Əd-durrul-mənsur” kitabında Deyləminin “Müsnədül-firdovs” kitabından nəql edilən bu hədisin sənədi imam Əliyə (ə) yetişir. İmam Əli (ə) buyurur: “Peyğəmbəri-Əkrəmdən (s) bu ayə (“kəlmələr”in nəyə işarə olunduğu) haqda soruşdum... Həzrət (s) buyurdu: Allah-Taala Adəmə tövbəsinin qəbul olunması üçün Mühəmməd ali-Mühəmmədin haqqını and verməyi öyrətdi.” (“Əd-durrul-mənsur”, 1-ci cild, səh. 60 ixtisarla.)

Bu haqda həm şiə, həm də əhli-sünnə mənbələrində imam Sadiqdən (ə) də müxtəlif sənədli rəvayətlər nəql olunmuşdur.

Əhli-beytin (ə) fəzilətlərini bəyan edən bu hədislərin üstündən gözüyumulu keçmək olmaz. Adəm peyğəmbərin tövbə etməsi və bağışlanması üçün Allah tərəfindən əmr olunur ki, Allahı Mühəmməd (s) və ali-Mühəmmədin (ə) haqqına and versin! Bu məqam Əhli-beytdən (ə) başqa kimsəyə aid olmayan, məhz onlara məxsus çox böyük məqamdır. Belə bir şəraitdə, imamət və xilafət məqamına onlardan başqasını layiq bilmək olarmı?! Bu fəzilətlər göstərir ki, imamət və vilayət məqamı Peyğəmbərin (s) sülaləsi və Əhli-beytində qiyamət gününə qədər davam edəcək! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.288-291.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru