ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – “ƏN YAXŞI ƏMƏL” AYƏSİ (29)

Qurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri də “Ən yaxşı əməl” adını daşıyan “Nəml” surəsinin 89-cu ayəsidir. Bu ayədə belə buyurulur:

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ

“Hər kəs həsənə (saleh iş) görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcək. Belələri o günün dəhşətli qorxusundan əmin-amanlıqda olarlar!”

Bu ayədəki “həsənə” (saleh iş) sözü geniş mənada bütün yaxşı əməllərə şamil olur. Yaxşı əməl sahibləri Allahın xas mükafatları ilə müjdələnirlər ki, onlardan ən mühümü qiyamət və məhşər gününün dəhşətindən amanda olmaqdır.

Bir çox rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək ayədə qeyd olunan yaxşı əməlin xaricdə ən gözəl və bariz nümunəsi kimi göstərilir. Bu da o deməkdir ki, insanın onlara məhəbbət bəsləməsi qiyamət günü ən gözəl əmin-amanlığa səbəb olacaq.

“Şəvahidut-tənzil” kitabında uyğun ayənin təfsiri ilə bağlı bir neçə rəvayət nəql olunmuşdur. Orada yaxşı əməl Əhli-beytə (ə) məhəbbətlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, həzrət Əli (ə) mənə buyurdu: “İstəyirsənmi sənə “Hər kəs saleh iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcəkdir!” – ayəsinin təfsirini deyim?” Dedim: “Bəli, sənə qurban olum!” Həzrət buyurdu: Yaxşı əməl biz Əhli-beytə məhəbbət, pis əməl isə bizə kin-küdurət ədavət bəsləməkdir!” Sonra Həzrət bu ayəni tilavət etdi.” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.425, hədis 581.)

Bu məzmun həmin kitabın 582 və 587-ci hədislərində də vardır; bu fərqlə ki, 587-ci hədisdə belə buyurulur:

اَلا اُخْبِرُكَ بالسَّيِّئَةِ الّتِى مَنْ جاءَ بِها اَكَبَّهُ اللهُ عَلى وَجْهِهِ فِى نارِ جَهَنَّمَ، بُغْضُنا اَهْلَ الْبَيْتِ!

Sənə elə pis əməlin adını deyimmi ki, Allah-Taala onu yerinə yetirən hər kəsi üzü üstə cəhənnəmə atacaqdır? O (pis əməl), Əhli-beytə kin-küdurət və ədavət bəsləməkdir.” Sonra Əmirəlmöminin Əli (ə) ikinci ayəni (“Nəml” surəsinin 90-cı ayəsini) tilavət etdi:

وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ

“Hər kəs pis iş görsə, cəhənnəm oduna üzü üstə atılar!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.425, hədis 581.)

Başqa bir hədisdə Əbu Əmamə Bahili Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:

اِنَّ اللهَ خَلَقَ الاَنْبِياءَ مِنْ شَجَرٍ شَتّى، وَخُلِقْنِى وَعَلِيّاً مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اَشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجا، وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَابِداً عَبَدَاللهَ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ:

Allah-Taala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. O ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, daha min il, bir daha min il ibadət etsə, lakin bizə məhəbbət bəsləməsə, Allah-Taala onu üzü üstə cəhənnəmin oduna atar!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.428, hədis 588.)

Əllamə Qunduzi birinci hədisi imam Əlidən (ə) nəql edərək, onu Həzrətin bu sözü ilə sona yetirir: Yaxşı əməl bizə məhəbbət, pis əməl isə bizə kin-küdurət ədavət bəsləməkdir!” (“Yənabiul-məvəddət”, səh.98.)

Yenə həmin kitabda İbn Kəsirdən imam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Hər kəs yaxşı iş görsə, onun müqabilində on bərabər mükafat verilər!” – ayəsi bütün müsəlmanlar üçün, “Hər kəs yaxşı iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyir. Belələri o günün dəhşətli qorxusundan amanda olar!” – ayəsi isə yalnız vilayəti qəbul etmək və bizə (Peyğəmbərin (s) Əhli-beytinə) məhəbbət bəsləməyin mükafatıdır!” (“Yənabiul-məvəddət”, səh.98.)

Bir qrup təfsir və hədis alimi bu ayənin təfsirində Əhli-beytə (ə) məhəbbəti böyük “həsənə” və yaxşı əməl kimi qeyd etməsə də, “Şura” surəsinin “Kim yaxşı iş görsə, onun yaxşılığının savabını artırarıq!” – ayəsinin (“Şura”/23.) təfsirində uyğun məzmunda hədislər nəql etmişdir. Məsələn, Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbu Hatəmdən İbn Abbasın bu ayənin təfsirində belə dediyini nəql edir: “Bu ayədəki yaxşı əməldə məqsəd Mühəmmədin (s) Əhli-beytini sevməkdir!” (“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7.)

Alusi “Ruhul-məani” kitabında bu ayənin (“Şura”/23) təfsirində (“həsənə”də məqsədin Əhli-beytə (ə) və Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət olduğunu bildirən bəzi təfsir alimlərinin nəzərlərini və bunun İbn Abbas və Südeydən nəql olunduğunu qeyd etdikdən sonra) yazır: “Peyğəmbərin (s) Əhli-beytini (ə) sevmək ən böyük həsənə və yaxşı əməldir. (“Ruhul-məani”, 25-ci cild, səh.31.)

Buna oxşar hədislər başqa kitablarda da nəql olunmuşdur. Biz isə qeyd olunanlarla kifayətlən və bu bəhsi Əhli-beytin (ə) məhəbbətini qiymətləndirən bir hədislə sona yetiririk. (Əlbəttə, bu hədis bəhs etdiyimiz ayənin təfsirində nəql olunmamışdır.)

Şəblənci “Nurul-əbsar” kitabında Peyğəmbəri-Əkrəmdən (s) (öz etirafına görə, səhih və doğru olan) belə bir hədis nəql edir:

وَاللهِ لا يَدْخُلُ قَلْبَ رَجُلٍ، اَلْاِيمانَ حَتّى يُحِبَّهُمْ اَهْلَبَيْتِى لِقَرابَتِهِمْ مِنِّى:

Allaha and olsun! Mənim Əhli-beytimi onların mənimlə yaxınlığına görə sevməyən şəxsin qəlbinə iman daxil olmaz.” (“Nurul-əbsar”, səh.126.)

Bunu da qeyd edirik ki, sadə məhəbbət və sevgi qiyamət gününün dəhşətli qorxusundan kiməsə əmin-amanlıq verə bilməz, əsla imanın şərtlərindən sayılmaz. Bu ifadələr açıq-aydın göstərir ki, Əhli-beytin sevgisi, sözsüz, din və nübüvvətin davamı, imanın qorunub-saxlanılmasını təmin edən imamət və vilayət əsası ilə əlaqədardır. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.291-294.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru