ƏHLİ BEYTƏ (Ə) AĞLAMAĞIN SAVABI

ƏHLİ BEYTƏ (Ə) AĞLAMAĞIN SAVABI

Görəsən Əhli-beytə (ə), xüsusilə də İmam Hüseynə (ə) ağlamağın nəyə görə bu qədər savabı vardır?
 
Sualın cavabı daha aydın olsun deyə ilk öncə ağlamağın məna və mahiyyətini bilməliyik. Ağlamağın aşağıdakı mənaları vardır: 
 
a) Bəzən insan imam Əli (ə) kimi Allah-taalanın əzəmətindən qorxub ağlayır. Əli (ə) o qədər ağlayardı ki, göz yaşları bütün saqqalını isladardı. Əlbəttə, bunun üçün insan Allah-taalanın əzəmətini başa düşməlidir. Buna dair Quranda da bir çox ayələr vardır. Məsələn, “Məryəm” surəsinin 58-ci ayəsində buyurur: “Onlara Allahın ayələri oxunduqda ağlayaraq səcdəyə qapanarlar”. Hədislərdə də bu məsələyə toxunulmuşdur: “Allah qorxusundan ağlamaq qəlbi nurani edər və bu, Allah mərhəmətinin açarıdır”.
 
b) Bəzən insan öz halına acıyıb ağlayır.
 
c) Bəzən insan sevincindən ağlayır. Məsələn, neçə illərdən bəri görmədiyi övladını görən ana sevindiyindən ağlayır.
 
d) Bəzən də insan nəyəsə qəlbən bağlı olduğuna görə ağlayır. Bunun da müxtəlif formaları olur. Məsələn, hər iki valideyini itirib himayəsiz qalmış bir yetimə baxdıqda insan narahat olub özünü saxlaya bilmir.
 
e) Bəzən insan ağlamaqla nəyisə təbliğ edir. İmam Səccad (ə) məhz bundan istifadə edirdi, çünki o dövrdə hakim dairə elə şərait yaratmışdı ki, həqiqətin üzərinə pərdə çəkilmişdi. Hətta iş o yerə çatmışdı ki, İmam Hüseynlə (ə) mübarizəyə girişmiş Kufə ordusunun içərisində bəziləri Allah xatirinə imama qarşı çıxmışdı ki, savab qazansın. Yəni, İmam Hüseyni (ə) dinsiz bir şəxs kimi tanıtdırmışdılar. İmam Səccad (ə) isə ağlamaqla camaata həqiqəti başa salıb təbliğat aparırdı.
 
f) Bəzən də insan ağlamaqla kimisə, nəyisə müdafiə edir və özünü müdafiə olunan tərəfə nisbət verir. Məsələn, iki nəfər bir-biri ilə mübahisə edərək vuruşur, üçüncü bir şəxs də onlardan hər hansı birinin halına acıyıb ağlamaqla onu müdafiə etdiyini, əks tərəfə öz etirazını bildirmiş olur. İmam Hüseynə (ə) ağlayanlar öz ağlaması ilə İmam Hüseynin (ə) mövqeyini müdafiə etmiş olurlar.
 
Nəticə: Əhli-Beytə (ə) nə üçün ağlayaq? sualına gəlincə deyə bilərik ki, bu ağlamalar Allaha görədir, yüksək ilahi mükafatlara layiqdir, İmam Hüseynin (ə) mövqeyini müdafiə etməkdir, o həzrətin tərəfdarı olduğunu bildirməkdir, onun inqilabını yaşatmaqdır, Aşura şəhidlərinin xatirəsini yaşatmaqdır, Aşura qiyamının bir növ təbliğidir və s. (red.) (Rizvan.net)
 

Google+ WhatsApp ok.ru