ƏMƏK VƏ QAZANC ƏXLAQI–2

ƏMƏK VƏ QAZANC ƏXLAQI–2

...Bəzi Avropa və qərb yazarları bu fikirdədirlər ki, əmək və qazanc sahəsində dini ədəb və əxlaqdan söz gedə bilməz, çünki “əmək və qazanc əxlaqı oyun əxlaqıdır və dini əxlaqdan fərqlidir”.

Bu nəzəriyyənin cavabında deməliyik ki, bu baxış və nəzəriyyə dinin yanlış oxunuşu, dinin düzgün dərk edilməməsi və dinə qarşı mənfi fikirlər üzərində köklənib. Dini fərdi işlərdə, fərdlərin daxili məsələlərində məhdudlaşdırmaq, dini ictimai, iqtisadi, ticari fəaliyyətlər və siyasi məsələlərdən uzaq saxlamaq və dinə bu kimə münasibətlər İslamın həqiqəti və ruhu ilə münasib deyil.

İslam dini hərtərəfli, genişəhatəli və insan həyatının hər bir sahəsində sözü olan bir dindir. Müqəddəs İslam dininin bəşəriyyətin ehtiyacı olduğu hər bir məsələ və insan həyatının hər bir sahəsi üçün xüsusi və aydın proqramı vardır. Bundan əlavə, iş əxlaqı, əmək və qazanc ədəb-ərkanı, vəzifə əxlaqı, əmək vasitələri, əmək və qazanc metodları hər fərd və hər cəmiyyət üçün həmin fərd və cəmiyyətin insanlığa və çatmaq istədiyi maddi-mənəvi hədəfə bağlı bir məsələdir.

Hər cəmiyyətin və fərdin dünyagörüşü, dünyanın insanın səadət və xoşbəxtliyindəki təsiri və dünya və axirət əlaqələri onun iş və qazanc əxalqında təsirlidir. Buna görə də, insanları hər iki dünyada xoşbəxtliyə qovuşdurmaq əsas qayəsi olan İslam dini bu məsələlərdən yan keçə bilməz, bu barədə sakit qala bilməz və sözsüz ki, insan, dünya və axirət üçlüyü arasında olan əlaqələri nəzərə alaraq bu məsələdə xüsusi və prinsipal göstərişlər vermişdir.

ƏMƏK VƏ QAZANCIN İSLAMDA ƏHƏMİYYƏTİ

İslamda həm bütün insanların mənəvi kamala çatması üçün müştərək əxlaqi dəyərlər göstərilmiş, həm də hər fərdin cəmiyyətdə tutduğu ictimai mövqeyinə görə xüsusi ədəb-ərkan və əxlaqi qaydalar deyilmişdir.

Hər bir iş və peşənin özünəməxsus ədəb, ərkan və əxlaqı vardır. Məsələn, bir bank işçisinin vəzifə əxlaqı bir müəllimin vəzifə əxlaqından fərqlidir. Həmçinin hansısa bir dövlət işində işləyənin vəzifə əxlaqı və əxlaqi vəzifəsi bir ruhaninin əxlaqi vəzifəsi və vəzifə əxlaqından fərqlidir. Tikintidə fəhlə işləyən birinin əxlaqi vəzifəsi və vəzifə əxlaqı bir tacirin və ya ticarət mərkəzi rəisinin əxlaqi vəzifəsi və vəzifə əxlaqından fərqlidir.

İslam dini əmək və qazancın həm özünə, həm də əməyə qatlanan şəxslərə xüsusi dəyər verir. Əməyi insanın ruhi və mənəvi inkişafında və şəxsiyyətinin formalaşmasında böyük təsirə malik bilir.

Məişət məsələləri bəşəriyyətin ən mühüm, həm də həmişəlik ehtiyacı olduğu bir mövzudur. Məişət və dolanışığı üçün narahat olmayan bir kimsə yoxdur. Bu məsələ cəmiyyətin gənc təbəqəsi üçün xüsusi əhəmiyyət daşıyır. Abırlı bir işin olması, münasib qazanc, eyni halda şəxsiyyətin qorunması gənclərin ümdə nigarançılığıdır. Çünki cəmiyyətdə hətta iqtisadi baxımdan möhtac olmayan bir insanın işsiz olması mənfi bir hal kimi qiymətləndirlir və bu sayaq insanlar müvəffəq və uğurlu insanlar sayılmırlar. Hər bir cəmiyyətinin, insanın fərdi və ictimai kimliyinin çiçəklənməsi və inkişafı, həmçinin dünya və axirət xoşbəxtliyi münasib və qazanclı bir iş və əməyin sayəsindədir.

Münasib bir iş və peşə sahibi olmaq, cəmiyyətin və ailənin məişətindəki problemləri həll etmək, həmçinin özünün və ailəsinin ruzisini qazanmaq hər bir şəxsin təkcə maddi ehtiyacları deyil, həm də ruhi və mənəvi ehtiyaclarını təmin edir. İş insanın şəxsiyyətində, özünə etimad etməsində, izzət və müstəqlilliyində təsirə malik ən mühüum amillərdən biridir. Öz halal zəhməti ilə ruzi qazananlar ruhi baxımdan şaddırlar və batində başıucalıq, iftixar hissi keçirirlər, özlərini Allah qarşısında üzağ və cəmiyyətdə aktiv bir üzv kimi görürlər. İşsizlik isə insanı başıaşağılığa, naümidliyə və zəizliyə düçar edir. Özünü cəmiyyətin faydasız bir üzvü kimi görür və həmişə digərlərinə yük olduğu hissi ilə yaşayır. Buna rəğmən, işsizlik isşiz insanda digərlərinə və cəmiyyətə qarşı bədbinlik yaradır və nəticədə, fərdin özü və cəmiyyət üçün müxtəlif problemlər doğurur.

Dini mətnlərdə iş və əməyin qeyd edilən imtiyazlarından əlavə, iş özünü dindar sayanlar üçün, həm də ilahi bir təklifdir. İş hər bir inanclı insanın ictimai vəzifə və məsuliyyətidir. Hər insan həm özünün və ailəsinin ruzisini və ehtiyaclarını ödəmək, həm də cəmiyyət üçün işləməli, cəmiyyətə lazım olan məişət məhsullarını təmin etmək üçün çalışmalıdır. Maddi baxımdan heç bir ehtiyacı olmayan bir insanın belə dini baxımdan bekar və işsiz qalmaq ixtiyarı yoxdur. İşsizlik həm cəmiyyət, həm də fərdin cismani və ruhi halı üçün zərərlidir. İctimai vəzifə və fərdi əxlaq tələb edir ki, insan işsiz qalmasın. Çünki hər kəs öz ətrafına kiçik bir nəzər yetirsə, görəcək ki, hər çəkdiyi nəfəsdə başqalarının zəhmətindən və işinin nəticəsindən bəhrələnir. Buna görə də, ictimai-insani vəzifə və əxlaq tələb edir ki, digərlərinin zəhmətinin qarşılığında hər kəs zəhmət çəkməli və iş görməlidir.

Bütün bunları nəzərə alan İslam dini işə və işçiyə dəyər vermişdir. Peyğəmbər (s) və məsum imamlar (ə) öz həyatlarında əməyə və işə diqqət göstərib, ardıcıllarına işləməyi tövsiyə etmiş, işsiz qalmağı pisləmişlər. Həmçinin iş və işçi üçün müxtəlif əxlaq və ədəb qaydaları, əmək və qazancla bağlı mühüm hökm və hüquqlar bəyan etmişlər.

İslam dini və məsumların (ə) əmək və qazanca, ailə və cəmiyyətin ehtiyaclarının təmin edilməsinə göstərdiyi diqqət aşağıdakıə hədislərdə çox aydın şəkildə bəyan edilir:

İmam Cəfər Sadiq (ə) buyurur:

الكادُّ على عيالِهِ كالمجاهِدِ فى سبيلِ اللهِ

“Ailəsinin məişət xərclərinin təmin etmək üçün çalışan adamın savabı Allah yolunda cihad edənin – (kafirlərlə döyüşənin) – savabı qədərdir.” (“Əl-kafi”, Şeyx Kuleyni, c5.s.88).

İmam Rza (ə) buyurur:

الذى يَطلُبُ مِن فضلِ اللهِ عزوجل ما يَكُفُّ به عيالَه اعظمُ اجراً من المجاهدِ فى سبيلِ اللهِ عزوجل

“Ailəsinin ehtiyaclarını təmin etmək üçün işləyən və Allahdan ruzisini bu yolla istəyən insanın savabı Allah yolunda cihad edənin savabından daha böyükdür.” (“Əl-kafi”, Şeyx Kuleyni, c.5, s.78.)

Gördüyünüz kimi, ailəsinin ehtiyaclarını təmin etmək üçün halal ruzi qazanan insanın dəyəri Allah yolunda cihad edənlərin savabına bərabər və hətta çoxdur.

Əziz İslam Peyğəmbəri (s) bir hədisdəiş və qazancın keyfiyyət və dəyəri barədə belə buyurur:

العبادهُ سبعونَ جزءاً افضَلُها طلبُ الحلال

“İbadət 70 hissədirsə, onun ən fəzilətlisi və dəyərlisi halal ruzi qazanmaqdır.” (“Əl-kafi”, Şeyx Kuleyni, c.5, s.78.)

Bu hədisdə iki mühüm nöqtəyə işarə edilir: əvvəla, ailənin ehtiyaclarını təmin etmək üçün işləmək ən dəyərli ibadətdir. Yəni insanın dünya və axirətində təsiri vardır. İkinci nöqtə isi hüquqi nöqtədir; yəni ruzi halal olmalıdır. Belə ki, ruzi qazanarkən haram vasitələrdən istifadə etməməli, günüha düşməməli və başqalarının haqqını tapdamamalısan...

Ardı var...

Mirməhəmməd Bəşir (Maide.az)

 

İstifadə edilmiş ədəbiyyat:

1.Ticarətin əxlaqının fəlsəfəsinə İslami baxış” məqaləsi, Cavad Təvəkküli, jurnal: “İqtisadi mərifət”, səh.17;

2. “Əxlaqi holizmə dəstək”; - İş və qazanc əxlaqında dini baxışlara cavab”, Andrew Gustafson / (Məhəmməd Hüseyni Novruzinin fars dilinə tərcüməsi);

3. “Qlobal arenada iş və qazanc etikasına giriş”, Məhəmməd Nəhavəndiyan, səh.68.

4. “Həmişə Bəhar”, Əhməd Hüseyn Şərifi, səh.269.

 

Google+ WhatsApp ok.ru