Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib

Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib

-- Türkiyə kimi, Suriya tərəfi də PYD-YPG-yə qarşı olduğuna görə,...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etməyib.
 
APA-nın xəbərinə görə, R. T. Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
 
"Türkiyə kimi, Suriya tərəfi də PYD-YPG-yə qarşı olduğuna görə, bu prosesin gedişində Ankara ilə Dəməşq arasında yaxın təmas, ortaq çalışma olması mümkündürmü?" sualına prezident Ərdoğan belə cavab verib: "Sabah nələr olacağı o anın şərtləri ilə əlaqəlidir. Bu məsələdə "bir şey olmaz" şəklində, öncədən qəti fikir söyləmək kimi anlayış içərisində olmağımız çox  da doğru olmaz. Siyasətin qapıları, bildiyiniz kimi, son ana qədər hər zaman açıqdır".  
 
R. T. Ərdoğan indiki anda B. Əsədlə təmas qurmaq üçün hər hansı təşəbbüsləri olmadığını söyləyib.
 
Report- un məlumatına görə, R.T.Ərdoğan bildirib ki, Soçidə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi məsələsi ilə bağlı razılıq əldə ediblər. Onun sözlərinə görə, əsas hədəfləri böhranın Suriya xalqı tərəfindən qəbul ediləcək davamlı və etibarlı siyasi həllini tapmaqdır. 
 
Dövlət başçısı bildirib ki, Suriya Milli Konqresinə dəvət ediləcək şəxslərlə bağlı qərarı isə Türkiyə, Rusiya və İran verəcək: “Soçidəki toplantıda Afrin məsələsinin müzakirəsi bizim həm Rusiya, həm də İranın bu məsələ ilə bağlı yanaşması baxımından çox əhəmiyyətli idi. İdlibdəki kimi, nəzarət və müşahidə məntəqələrinin Afrində yaradılması üçün dostlarımızla birgə fəaliyyətimizi davam etdirəcəyik. Bizlər yolumuzu qətiyyətlə davam etdirəcəyik. Əsl sahiblərinin Afrinə dönməsi ilə şəhərin demoqrafik quruluşu da qaydasına düşəcək. Afrinin əhalisinin 50 faizi ərəblərdən, 30 faizi kürdlərdən, qalanı isə türkmənlər və başqa etnik qruplardan ibarətdir. Sakinlərin qaçqın düşərgələrindən şəhərə qayıtması Afrinin əsl sahiblərinə qovuşması olacaq. Bu məsələ İdlib üçün də keçərlidir. Türkiyədəki idliblilərin torpaqlarına dönməsi də əvvəlkki demoqrafik quruluşun bərpasaı deməkdir”.
 
Qeyd edək ki, R.T.Ərdoğan əvvəlcədən elan etmişdi ki, noyabrın 22-də Soçidə keçiriləcək üçtərəfli görüşdə Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyəti də müzakirə edəcəklər. 
 
Xatırladaq ki, oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin İdlibdə 200 əsgəri yerləşdirilib, onların 120-si xüsusi təyinatlıdır. Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də Suriya ərazisindədir.
 
Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək. İdlib Türkiyənin Hatay, Afrin isə Qaziantep əyalətləri ilə həmsərhəddə yerləşir.
 

Google+ WhatsApp ok.ru