Əziz qardaşım Hacı Sərdara təbrik əvəzi

Əziz qardaşım Hacı Sərdara təbrik əvəzi

Bismilləhir-Rahmənir-Rahim
 
Günümüzün tam başqa bir tarixi formasiya ilə səciyyələnməsinə baxmayaraq, Azərbaycan klassik ədəbiyyatına xas bir problem, təəssüf ki, çağdaş ədəbi durumumuza da köç edə bilmişdir. Söhbət nəsr irsimizin və bir sıra hallarda nəzmin, eləcə də publitistikanın gövdəsini təşkil edən tənqiddən gedir. Əslində ədəbiyyatın bir qolu olmalı olan tənqid, bizdə hipertrofik ölçülər əldə edərək, hətta amansız bir formatadək gedib çıxa bilir.
 
Bu mənada hər zaman olduğu kimi, günümüzdə də nümunə götürülə biləcək obrazlar böhranı yaşanmaqdadır. İnkişafın mühüm qanadı olan – tənqidlə yanaşı nümunələr təqdim etmək kimi mühüm bir xətt, faktiki olaraq mövcud olmamışdır və ya da çox sönük olmuşdur və ümumi xorda çox az görsənmişdir.
 
Dediyimiz böhran din və inancla bağlı nümunələrin təqdimatında da özünü qabarıq surətdə görsətmişdir. Sanki, bu Vətənin ortalığa çıxarılacaq müsbət nümunə obrazlarını bilmərrə görməmək kimi, natamamlıq kompleksinə aparacaq qədər bir vücudu böhrana qədər vəziyyət qəlizləşmişdir. Halbuki, bu xalqın (elə bütün xalqların da), ortalığa çıxarıla bilinəcək abırlı, dürüst müəllimi də, həkimi də, zəhmətkeşi də, ziyalısı da birmənalı olaraq mövcud olmuşdur və olmaqdadır. Nihilist və hiper-skeptik yanaşmalar olmasa, bu misdaqları görmək də olur, inkişaf etdirib nümunəyə çevirmək də.
 
Sözsüz ki, bu sırada səmimi inanc adamlarının olması da, Azərbaycan insanının şərəf xəzinələrindən olmuşdur. Sovet dövründə inanc insanları üçün mayak rolunu oynayan bu kimi nümunəvi ruhaniləri, Sovetin Qırmızılaşmamış Mollaları kimi adlandırmaq olar. Həqiqi Molla – elm və mənəviyyatla dolu bir ruhani. Sovet dövrünün Sibirə sürgün, insanlardan təcrid olunma, böhtan, təhqir, psixoloji və cismani işgəncə və hətta şəhid edilmə kimi bütün represiyyalarından şərəf və ləyaqətlə çıxan mənəviyyat və elm Daşıyıcıları. Sözün həqiqi mənasında Ziyalılar. Yalnız bilgiyə malik olmayan, eyni zamanda İşıq və Nur saçan, topluma Ziya verən İslam Övladları.
 
Bu gün zamanımızın belə İslam Övladlarından biri olan, dəyərli ruhani qardaşım Hacı Şeyx Sərdar Hacıhəsənlinin ad günüdür. Düz 3 il öncə - 12.03.2014 tarixində əziz qardaşım Hacı Sərdarla 40 yaşını nurani bir ziyarətdə keçirtmişdik. Bu gün 43 yaşını Namaz Məhbusu kimi Kürdəxanıda keçirtmək – onun üçün bir şərəfdir. Allaha bəndəlik yolçuları üçün bu kimi sınaq və imtahanlar – bal kimi şirin bir həqiqətdir.
 
Vətənimizdə bu gün belə həqiqi Ruhanilər, şükürlər olsun ki, yenidən yetişməkdədir. Burada mühüm olanı – keyfiyyətdir. Və günümüzdə də, bu sınaq və imtahanlar həqiqi İslam övladlarını təhdid etməkdədir. Buna əminəm ki, bu təhdid, bir İlahi Fürsətə çevriləcək.
16 mart 2017-ci il tarixində Hacı Sərdarın apellyasiya məhkəməsidir. Ümid edirəm ki, onun həbsi və təqibi kimi bir yanlış addım təcili düzəldiləcək və biz bu əziz qardaşımızı, inşəallah, azadlıqda görəcəyik.
 
Hacı İlqar İbrahimoğlu
(deyerler.org)

Google+ WhatsApp ok.ru