“20 yanvar-şəhidlik zirvəsi” adlı elmi-praktik konfrans keçirilib -FOTO

“20 yanvar-şəhidlik zirvəsi” adlı elmi-praktik konfrans keçirilib -FOTO

-- 20 yanvar hadisəsi dərindən öyrənilməyib və bunun tədqiqi aparılmalıdır....

Bu gün Qarabağ Uğunda İslami Müqavimət Hərəkatının təşkilatçılığı ilə 20 Yanvar hadisələrinə həsr edilmiş “20 yanvar - Şəhidlik zirvəsi” adlı elmi-praktik konfrans keçirilib.

Maide.Az bildirir ki, Konfransı giriş sözü ilə açan təşkilatın idarə heyətinin sədri Rövşən Əhmədli bildirib ki, Azərbaycan xalqının ən qəmli, eyni zamanda ən şanlı günü olan 1990-cı il 20 yanvar tarixi xalqımızın müstəqlillik və azadlıq mübarizəsinin başlanğıc nöqtəsi oldu. Eyni zamanda müstəqillik yolunun ilk şəhidləri də məhz həmin gün zirvəyə ucaldılar.

R. Əhmədli qeyd edib ki, “20 yanvar” Azərbaycanda şəhidlik məktəbinin yenidən dirçəlməsi tarixidir. “Həmin gün azadlıq aşiqləri əliyalın təpədən-dırnağa qədər silahlanmış ordunun qarşısına çıxdılar. Öz qanları ilə azadlıq toxumunu əkərək suvardılar.”

Natiq bildirib ki, təəssüf ki, 20 yanvar hadisəsi dərindən öyrənilməyib və bunun tədqiqi aparılmalı və ictimaiyyət maariflənməlidir.

Tədbirdə çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev qeyd edib ki, həmin hadisələrin şəxsən iştirakçısı olub. “20 yanvarda törədilən vəhşiliklər bu gün də gözümün önündədir. Bu Rusiyanın bizə qarşı olan nifrəti idi. Çünki xalqla bu cür davranmaq illər boyu yığılmış bir nifrətin təzahürü ola bilərdi. 20 yanvar hadisələrinin katalizatoru Qarabağ məsələsi və Xalq hərəkatı idi. Bunun qarşısını almaq üçün belə bir addım atdılar. Bu gün də belədir. Dünənimizi dəyərləndirməliyik, çünki artıq realdır və baş verib. Lakin bu günün içində olduğumuz üçün nəticəsinin necə olacağını bilmirik. Ona görə də dünənimizə baxıb nəticələr çıxarmalıyıq. Xalqımız bu baxımdan gələcək xoş günlər görmək və faciələrdən xilas olmaq üçün bir olmalıdır.”

Çıxış edən tarix üzrə fəlsəfə doktoru Diləvər Əzimli bildirib ki, 20 yanvar Azərbaycana qarşı növbəti soyqrımdan biri idi ki, əsası 1918-ci ildə qoyulmuşdu.  Həmin vaxt  Şaumiyanın planı eyni ilə Bakıya hansı yolla girdilərsə, 20 yanvarda da eyni plan icra olundu. 

Bu hadisələr eyni zamanda xalqın bir araya gəlməsinə səbəb oldu. Azərbaycan xalqı qəhrəmanlıq tarixini yazdı.

Çıxış edən AİP sədr müavini Akif  Heydərli qeyd edib ki, Sovet imperiyasın 20 yanvarda Azərbaycana hücumu xalqın müqavimətini qırmaq idi. Lakin əksinə olaraq müqavimət hərəkatının başlanğıcı oldu. Bu əslində imperiyanın son akkordları idi. İstəyirdilər ki, xaqımızın əzmini qırsınlar. Amma xalq bunu bilirdi, əliyalın olaraq tankların önünə çıxdılar. Şəhidlik məqamına ucaldılar. Şəhidlik ölmək deyil. Öldürmək və yaşatmaqdır. Çünki şəhidlik güc və iradə, eləcə də vətəni seməkdən ibarətdir. Odur ki, Sovet imperiyası öz məqsədinə nail ola bilmədi.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, iqtisadçı Vahid Məhərrəmov və başqaları çıxış edərək 20 yanvar tarixinin xalqımızın qəhrəmanlıq rəmzi olduğunu diqqətə çatdırıblar. Bildirib ki, müstəqillik tariximizin şanlı səhifəsi olan bu gün Azərbaycanın dirçəlməsi və mübarizə məktəbinin inkişafına xidmət etdi.

Çıxış edən ruhani Hacı Əfqan Muradlı bildirib ki,  20 yanvar şəhidlik məktəbini dirçəltdi.  "O vaxta qədər biz şəhid deyəndə Kərbəla yada düşürdü. Lakin bu hadisədən sonra Vətən şəhidləri anlayışı yarandı.  Bu bizim  mübarizə məktəbimizin balanğıcı oldu.". 

Konfrans müxtəlif müzakirələrlə öz işini davam etdirib.

 

Google+ WhatsApp ok.ru