“Amerika Şuşanı Ermənistan şəhəri kimi tanıyıb səfirliyini ora köçürə bilər”

“Amerika Şuşanı Ermənistan şəhəri kimi tanıyıb səfirliyini ora köçürə bilər”

-- Hamı başa düşür ki, bu məsələ belə davam eləsə...

Ramazan ayının son cüməsi Beynəlxalq Qüds günüdür. Lakin bu il həm də ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi ilə başlanan və işğal olunmuş ərazilərinə qayıtmaq istəyən fələstinlilərin keçirdikləri Böyük Qayıdış Yürüşü ilə davam edən hadisələr gündəmdə oturdu. Qadın, uşaq demədən minlərlə fələstinlinin qətlə yetirilməsi ilə müşayiət edilən hadisələrin fonunda builki Beynəlxalq Qüds günü necə qeyd olunacaq?
 
Maide.Az "faktxeber"ə istinadən xəbər verir ki, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri  Rövşən Əhmədli  Beynəlxalq Qüds gününün İslam İnqilabının rəhbəri İmam Xomeyni tərəfindən müsəlman, İslam dünyası üçün qoyduğu nüanslardan biri olduğunu və bütün dünyada zülmə, zalıma, işğala qarşı birgə vəhdət halında mübarizə aparmağı xatırlatdığını bildirdi.
 
“Qüds Gününü əhəmiyyətlərindən biri də onunla əlaqədardır ki, hazırda bütün dünyada beynəlxalq hüquq normaları itib, aradan gedib, BMT öz funksiyasını yerinə yetirə bilmir və qəbul etdiyi qətnamələr havada qalır. Dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi varsa, bu dövlətlər arasında münasibətləri hansı qurum tənzimləməlidir?”, - deyə əlavə etdi.
 
Siyasətçi 70 ildir davam edən münaqişənin Trampın ABŞ səfirliyini Qüdsə köçürməsi ilə daha da alovlandığını, nəticədə çoxlu sayda insanın qurban getdiyini vurğuladı: “Fələstinlilərin Qəzzada keçirdikləri Böyük Qayıdış Yürüşü aksiyasında iştirak edənlər sionist rejim hərbçiləri tərəfindən atəşə tutuldu, qocalar, uşaqlar, qadınlar, əlillər, gənclər, jurnalistlər qətlə yetirildi. Yəni builki Beynəlxalq Qüds günü əvvəlkilərdən daha fərqlidir və artıq onun əhəmiyyətini düşünürəm ki, dərk etməyən yoxdur. Hamı başa düşür ki, bu məsələ belə davam eləsə, dünyada heç bir sabitlik, məsələnin dinc danışıq yolu ilə həlli, insan haqqına-hüququna hörmət  olmayacaq.”
 
R.Əhmədli bu il Azərbaycanın da bu məsələyə əvvəlki illərdən fərqli yanaşılacağını düşündüyünü bildirdi: “Çünki bu məsələni bilavasitə və birbaşa Azərbaycana dəxli var. Heç kim zəmanət vermir ki, sabah insan haqlarından, demokratiyadan danışan riyakar Amerika Şuşanı Ermənistan şəhəri kimi tanıyıb, öz səfirliyini ora köçürməyəcək. Buna heç kim təminat verə bilməz. Yəni ABŞ-ın birtərəfli qaydada Qüdsü İsrailin paytaxtı kimi tanıması hüquqi president yaradır və bundan da çıxış edərək bir ölkə digər ölkənin ərazisini işğal edə, oranı de-yure öz ərazisi kimi təqdim edə bilər, dünya da buna, ancaq seyirçi kimi baxacaq. Azərbaycanda da bu presidentin yaranması, eyni taleyi Qarabağımızda da yaşanmaması üçün bu məsələdə agahlıq göstərməliyik. Beynəlxalq Qüds günü hətta dövlət səviyyəsində qeyd edilməli və bundan irəli gələn təhlükələr ölkə əhalisinin də, dünya ictimaiyyətinin də nəzərinə çatdırmalıdır.”
 
Rövşən Əhmədli Azərbayan Konstitusiyasının 49-cu maddəsi və “Sərbəst toplaşmaq haqqında” qanunundan irəli gələn hüquqla piket üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdi: “İyun ayın 8-də cümə günü 10.00-dan 10.30-a kimi İsrail rejiminin Bakıdakı səfirliyinin qarşısında, 11.30-dan 12.00-a kimi isə ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirilməsi nəzərdə tutulub. Bayaq qeyd etdiyim kimi, ABŞ-ın yaratdığı president Azərbaycan üçün də təhlükəli məsələdir. Sabah biz də belə bir problemlə üz-üzə qalmamaq üçün Azərbaycanın dövlət maraqlarından çıxış edərək etiraz piketi keçirmək istəyirik.”
 
“Bunu sosial şəbəkədə də elan etmişik və BŞİH cavabını gözləyirik. Güman edirəm ki, cümə axşamına kimi bizə cavab veriləcək”, - deyə politoloq sözlərini yekunlaşdırdı.
 

Google+ WhatsApp ok.ru