“Aylarla ət ala bilməyən ailələr var”

“Aylarla ət ala bilməyən ailələr var”

“Exo” qəzetində «Azərbaycan əhalisinin yarıdan çoxu qənaət rejimində yaşayır» sərlövhəli  məqalə dərc edilib. Ekspert Nəriman Ağayev əhalinin vəziyyətini belə  dəyərləndirib:
 
“Azərbaycan əhalisinin yarıdan çoxu qənaət rejimində yaşayır. Bir qayda olaraq, onların arasında ərzağı marketlərdən yox, bazarlardan almağa üstünlük verənlər çoxdur. Yeri gəlmişkən, onlar bazarlığı gündüz yox, axşam, bazar bağlanana yaxın edirlər ki, malı daha ucuz qiymətə ala bilsinlər”.
 
N.Ağayev deyib ki, sərt qənaət rejimində yaşayan və aşağı gəliri olan ailələr məhsulları artıq kiloqramla yox, ədədlə alırlar:
 
“Məsələn, iki kartof, bir neçə ədəd pomidor, bir neçə ədəd xiyar… Ancaq zəruri olanları ala bilirlər. Ortagəlirli ailələr həftədə-ayda, lazım olan məbləği toplaya bildiyi zaman bu bazarlığı edə bilir. Hətta elə ailələr var ki, aylarla ət ala bilmir. Yaxud da bütöv toyuq belə ala bilmir, toyuq budları almaqla keçinir”.
 
Yazıda bildirilir ki, 2017-ci ilin ilk yarısında Azərbaycan əhalisinin nominal gəliri 23 milyard 526.7 milyon manat olub. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 7.3 faiz çoxdur.
 
Müəllif bunun ardınca da vurğulayır ki, rəsmi statistikaya görə, inflyasiya 14 faizə çatıb. Bu isə əhalinin gəlirlərini inflyasiyanın “yeməsindən” xəbər verir.(azadliq.info)
 

Google+ WhatsApp ok.ru