“Kreditlərin səmərəli xərcləndiyini söyləmək mümkün deyil”

“Kreditlərin səmərəli xərcləndiyini söyləmək mümkün deyil”

-- Dövlət xarici kreditləri hara və necə xərcləyir

“Müsavat.com” saytında “Dövlət xarici kreditləri hara və necə xərcləyir”
 
Yazıda Azərbaycanda dövlət borcu olaraq götürülən kredit və onların xərclənmə istiqamətləri ekspert Rəşad Həsənov-la müzakirə edilib.
 
Müəllif rəsmi açıqlamalara istinadən bildirir ki, Azərbaycanda götürülən kreditlərin 60 faizdən yuxarısı infrastruktur (avtomobil yollarının, dəmir yolunun çəkilməsi, yeni enerji güclərinin yaradılması, su təchizatı, enerji təchizatı və sair) layihələrə, 3-4 faizi iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı və meliorasiya layihələrinə yönəldilir.
 
Yazıda xatırladılır ki. 2018-ci il yanvarın 1-nə Azərbycanın xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları (15 milyard 978,1 milyon manat) olub. Bunun isə ümumi daxili məhsula (ÜDM) olan nisbəti 22,8 faiz təşkil edib.
 
Ekspert R.Həsənov da deyib ki, Azərbaycanda dövlət zəmanəti ilə kreditlərin çoxu iri dövlət qurumlarının xətti ilə alınır:
 
“Bunlar da daha çox infrastruktura yönəlib. Dövlət Dəmir Yolundan tutmuş, ”Azərenerji", “Azərişıq”, “Azərsu”, AZAL və digərlərinədək, əksər iri dövlət müəssisələri üçün böyük məbləğdə kreditlər götürülüb”.
 
R.Həsənova görə burada problemlərdən biri dövlət qurumlarının əksər hallarda götürdüyü krediti qaytara bilməmələri, yükün isə büdcənin üzərinə düşməsidir:
 
“Alınan kreditlərin büdcə hesabına qaytarılması isə sosial layihələrə vəsait yönəldilməsi imkanlarını daraldır".
 
Ekspertə görə, xarici kreditlərlə bağlı daha bir ciddi məsələ vəsaitlərin qeyri-şəffaf, təyinatından kənar xərclənməsidir:
 
“Yəni, həm borclanma, həm də xərcləmə üzərində nəzarət mexanizmləri zəifdir. Bu proseslərdə şəffaflıq təmin olunmadığı üçün alınan kreditlərin səmərəli xərcləndiyini söyləmək mümkün deyil. Nəzarət orqanları institutlaşa bilmir, bu isə vəsaitlərin korrupsiya predmetinə çevrilməsinə səbəb olur”.

Google+ WhatsApp ok.ru