“TÖVRİYƏ” NƏDİR?

“TÖVRİYƏ” NƏDİR?

Zahirindən uyğun məna başa düşülüb, danışanın başqa məqsəd güddüyünü bildirən ifadəyə “tövriyə” deyilir. Fəqihlərin nəzərinə görə, yalanın rəva görülən zəruri hallarında gərək “tövriyə”dən istifadə edilsin və “tövriyə” mümkün olduğu təqdirdə aşkar yalana yol verilməsin.

Başqa sözlə, tövriyə odur ki, insan dediyi sözün uyğun mənasını nəzərdə tutsun, lakin onu elə desin ki, qarşı tərəf (eşidən kəs) onun başqa mənasını başa düşsün. Bununla da danışan kəs öz məqsədinə çatır və o, sözün uyğun mənasını seçdiyi halda, qarşı tərəf başqa mənaya yönəlir. Məsələn, bir kəsdən “İslam Peyğəmbərinin (s) canişini kim idi?” – deyə soruşduqda, o, belə cavab verir: “Mən bintuhu fi beytihi.” (Qızı evində olan kəs!) Bunu eşidən kəs qızı Peyğəmbərin (s) evində olan kəsin (yəni Əbu Bəkrin) canişin olduğunu başa düşür. Halbuki cavab verən şəxsin məqsədi Peyğəmbərin (s) qızının onun evində olan kəsin (yəni imam Əlinin (ə)) canişin olmasıdır.

Sual: “Tövriyə” yalan sayılırmı və ondan yalanın müstəsna hallarından (1. zərurət və çarəsizlik zamanı; 2. İki nəfər arasında sülh və barışıq yaratmaq üçün) başqa zamanlarda da istifadə etmək olarmı?

Burada əhəmiyyət kəsb edən məsələ “tövriyə”nin yalana xas olan ölçüləri aşıb-aşmamasını aydınlaşdırmaqdır. Ümumiyyətlə, bu məsələ ilə bağlı iki nəzər mövcuddur:

1. Bəzi alimlərə görə, “tövriyə” əsla yalan sayılmır (və haram deyildir).

Bu nəzərin tərəfdarları onu belə əsaslandırırlar: “Sözün yalan və ya doğruluğunda meyar danışan kəsin məqsədi və nəzərdə tutduğu mənadır. Buna əsasən, danışanın sözü ilə məqsədi uyğun gəlirsə, sözü də doğru olacaq, hərçənd, qarşı tərəf onu başqa cür anlamış olsun. Çünki danışanın məqsədini başa düşməkdə yol verilən səhvin sözün yalan və ya doğruluğuna heç bir təsiri yoxdur. Bütpərəstlərin müqabilində həzrət İbrahimin (ə) “Bəl fəələhu kəbiruhum haza, fəs`əluhum in kanu yəntiqun!” (Bəlkə onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun! – “Ənbiya”/63) və həzrət Yusifin (ə) carçısının “İnnəkum ləsariqun!” (Ey karvan əhli, siz, həqiqətən, oğrusunuz! “Yusif”/70) – dedikləri sözlərini yozan müxtəlif rəvayətlər də “tövriyə”nin yalan sayılmadığını sübut edir.

2. Bəzi alimlərin kəlamlarından belə başa düşülür ki, “tövriyə” yalanın qisimlərindən biridir, lakin onun qəbahət və fəsadı adi yalandan azdır.

Burada zərif bir məsələyə diqqət yetirməklə mövcud mübahisə aradan qalxa bilər və o da budur ki, “tövriyə” hər bir hala aid deyil, söz və kəlamın zatən iki (və daha çox) məna daşıdığı yerlərə məxsusdur; belə ki, danışıq zamanı dinləyən şəxs iki mənadan birini başa düşür. Başqa sözlə, “tövriyə” ikimənalı sözə deyilir; birinicisi, dinləyicinin bilafasilə zehnini cəlb edən zahiri və aşkar məna, ikincisi isə, sözü deyən adamın əsas məqsədini daşıyan, lakin dinləyicinin diqqətindən yayınan məna! Məsələn, Yusif peyğəmbərin (ə) carçısının o həzrətin qardaşlarına dediyi “İnnəkum ləsariqun!” (Ey karvan əhli, siz, həqiqətən, oğrusunuz!) – ibarənin ilk mənası odur ki, siz hal-hazırda oğurluq etmisiniz, lakin carçı onların keçmişdə Yusifi (ə) atasından oğurladıqlarını nəzərdə tuturdu. Bu isə cümlənin zahirən başa düşülməyən digər mənasıdır. Yaxud bir nəfərdən Bu libası sizə fılankəsmi hədiyyə edib?” – deyə soruşulduqda, o, belə cavab verir: “Allah ona uzun ömür versin!” Halbuki ona libası hədiyyə edən kəs başqasıdır. Bu tip “tövriyə” haram sayılmır.

Ümumiyyətlə, fiqhi kitablarda tövriyə üçün üç qism irəli sürülmüşdür: 1. Tövriyə bir məsləhətə və yaxud bir fitnə-fəsadın dəf edilməsinə səbəb olarsa, ona icazə verilir və yalanın növlərindən hesab olunmur; 2. Tövriyə fitnə-fəsadın yaranmasına, misal üçün, bir müsəlmanın şəxsiyyətinin alçalması və abır-həyasının getməsinə səbəb olarsa, haram sayılır; 3. Məsləhət olmadan, həm də heç bir fitnə-fəsada da səbəb olmadan (boş yerə) deyilən tövriyənin hökmünə gəldikdə isə, bəzi fəqihlər onu yalan hesab etdiklərindən haram saymışlar. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.70-72; “Həsəd və duruğ”, Ayətullah Şəhid Seyid Əbdülhüseyn Dəstğeyb, səh.155-156.)

Google+ WhatsApp ok.ru