“Zebrada gəzən ölüm” - piyada ölümlərinin qorxudan statistikası

“Zebrada gəzən ölüm” - piyada ölümlərinin qorxudan statistikası

 
Piyadalar “sürücülər aqressivdir” deyir, ekspert isə piyadalara qarşı cəzaların sərtləşdirilməsini istəyir
 
Bəzən yollarda yumoristik film səhnəciyini xatırladan hallar baş verir: ortada piyada zolağı yox, piyada yolu keçməyə hazırlaşır, amma risk etmir... Yolun yarısına qədər gəlir, qayıdır, sonra yenə qayıdır... Halbuki 100 metr qabağa keçsə, orda piyada keçidi olduğunu görəcək. Bu arada isə sürücü “rəml atıb fala baxmaq” zorundadır. Görəsən, sərnişin risk edib yolu keçəcək, təcili əyləcə basmalı, ya yox?
 
Qanun həm sürücü, həm də piyadaya eyni dərəcədə məsuliyyət verir
Doğrudur, bu kimi hallarla mübarizə aparmaq üçün yol polisləri bir çox yerlərdə reydlər keçirir və piyadaları cərimələyirlər. Amma şəhərin hər yerində belə monitorinqlərin keçirildiyini demək olmaz. Bundan başqa, sərnişinlər bir çox hallarda piyada keçidlərindən tənbəllik üçün istifadə etmirlər. Pilləkənlə qalxmaq, düşmək... vaxt və enerji itkisi olduğu üçün çoxları bundan imtina edir. Halbuki piyada keçidlərinin böyük əksəriyyətində elektron pilləkənlərdən istifadə olunur.
 
Bununla belə, piyada ölümü, ya da yaralanması ilə nəticələnən yol qəzalarında bir qayda olaraq sürücü cəzalandırılır. Qanunvericilikdəki detallara diqqət edək.
 
“Yol hərəkəti haqqında” Qanunda və “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib. Qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilib. Bundan başqa, sənəddə piyadaların yollarda piyada zolağı olmayan ərazisindən keçməsi qadağan olunub və bunun üçün müvafiq miqdarda cərimələr də nəzərdə tutulub. Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və gün ərzində onlarla piyada cərimələnir, onların avtomobil yollarına çıxmasının qarşısı alınır.
 
Image result for piyada keçidi
 
2016-cı ilin 8 ayı ərzində respublikanın avtomobil yollarında Azərbaycanda 1331 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 490 nəfər həlak olub, 1409 nəfər isə yaralanıb.
Bunu APA TV-yə açıqlamasında Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, yol qəzaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 128 fakt, qəzada ölənlərin sayı 93, yaralananların sayı isə 123 fakt azalıb: “Bu da müvafiq olaraq qəzaların 8,8 faiz, qəzada ölənlərin 16 faiz, yaralananların isə 8 faiz azalması deməkdir. Qəzaların 440-ı Bakı şəhərində qeydə alınıb ki, nəticədə 118 nəfər həlak olub, 463 nəfər isə yaralanıb. Bu, təxminən paytaxtda baş verən qəzaların sayının 18 faiz azalması deməkdir. 22 faizdən çox ölənlərin sayı, 21,1 faiz də yaralananların sayı azalıb”.
 
Image result for piyada keçidi
 
“Qəzaların çoxu piyadaların vurulması ilə bağlı olan faktlardır” deyən DYP rəsmisinin sözlərinə görə, bu, ümumi hadisələrin 40 faizini təşkil edir: “Səkkiz ay ərzində 539 hadisə nəticəsində 195 piyada həlak olub, 394 nəfər isə yaralanıb. Sərxoş sürücülərlə bağlı statistikada da vəziyyət əvvəlki illərlə müqayisədə qənaətbəxşdir. Əvvəllər sərxoş sürücülər tərəfindən törədilən qəzalar ümumi hadisələrin 2,7 faizini təşkil edirdisə, artıq bu səkkiz ay ərzində sərxoş sürücülər tərəfindən törədilən qəzalar ümumi qəzaların 1,9 faizini təşkil edib. Yəni ümumilikdə 9 ay ərzində 26 belə qəza hadisəsi baş verib, 12 nəfər həlak olub, 28 nəfər isə yaralanıb. Yol-nəqliyyat hadisələri zamanı 35 nəfər azyaşlı dünyasını dəyişib, 124 nəfər isə yaralanıb. Bu da 2015-ci illə müqayisədə 17 ölüm hadisəsinin və 9 yaralanma hadisəsinin azalmasıdır”.
 
8 ay ərzində Bakı şəhəri üzrə baş vermiş qəzaların 57 faizi piyadaların vurulması ilə bağlıdır. Bu, kifayət qədər yüksək nəticədir. Bütün hallarda problemin əsas səbəbkarı kimdir, bu halları necə aradan qaldırmaq mümkündür kimi suallar aktual müzakirə olunur.
 
Image result for piyada keçidi
 
Elməddin Muradlı: “Piyada cərimələrinin ödənilməsi mexanizmi sərt olmalıdır”
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son vaxtlar piyada vurmaları çoxalıb. Onun sözlərinə görə, Bakı şəhərində ümumi qəzaların yarıdan çoxu - 57 faizi məhz piyadaların avtomobillərlə vurulması nəticəsində baş vermiş qəzalardır: “Burada da demək olmaz ki, bütün hadisələrdə sürücülər təqsirlidir. Sadəcə, keçmişdən qalan bir ənənə və hüquq sistemindəki bəzi boşluqlar qəzaları araşdıran vəzifəli şəxslərə imkan verir ki, onlar hadisəni istədikləri istiqamətə yönləndirsinlər. Bu, çox səhv yanaşmadır. Hələ indiyə qədər bir dəfə məhkəmə qarşısına bir piyada çıxmayıb bəlkə də. Çıxıbsa da, biz bilməmişik. Amma olsaydı, bilərdik”.
 
E.Muradlı dedi ki, piyadaların səhlənkarlığı ucbatından çoxlu sayda qəzalar baş verir, insanlar həlak olur, ağır yaralanır, maddi ziyana düşür. Onun sözlərinə görə, məsələnin araşdırılması zamanı piyadalar çox vaxt kənarda qalır: “Sərxoş vəziyyətdə yola çıxıb qəzaya səbəb olan piyadalar var. Bəzilərini maşın vurub öldürübsə, buna görə sürücünü məsuliyyətə cəlb etmək nəyə lazımdır? Sürücünü o halda məsuliyyətə cəlb etmək olar ki, o qəzanın qarşısını almaq üçün nəsə etməsin. Amma sürücü kenquru kimi 5 metrdən bir yolla tullanan piyadaların hansını vurmasın? Sağa baxırsan soldan keçir, sola baxırsan sağdan keçirlər. Özü də rahatlıqla. Sanki yolda yox, istirahət mərkəzindədilər. Şüurlu insan düşünür ki, şüursuz texnika, maşın dayana biləcək. Bunun beyni ola-ola anlamır ki, o texnikadır, amma öz canını texnikaya etibar edir ki, dayanacaq. Bəs dayanmasa nə olacaq? Düşünürəm ki, bu sahədə maarifləndirmə işi aparılmalıdır. Orta məktəblərdə, televiziya və radiolarda ciddi iş görülməlidir. Məsuliyyətsiz piyadaları elə cəzalandırmaq lazımdır ki, başqalarına dərs olsun”.
 
Müsahibimizin fikrincə, piyadaların bu cür məsuliyyətsizliyi psixoloji amillərlə də bağlıdır. E.Muradlı xatırlatdı ki, evində ciddi problemi olanlar yolun ortası ilə rahatlıqla gedir, sürücü ona irad bildirəndə isə “bağışla, fikirli idim” deməklə kifayətlənir: “Amma belə olmaz. Yola çıxırsansa ayıq olmalısan. Valideynlər əlində telefonla uşaqlarını yoldan keçirirlər. Yolun ortasında nəsə yazır telefonda və uşaq da ona baxıb öyrənir. Valideynlər daha məsuliyyətli olmalıdır”.
 
Ekspert hesab edir ki, piyadalara qarşı cərimələrin sərtləşdirilməsinin tərəfdarı olmasa da, indiki cərimələrin ödənilməsi mexanizminin sərt olmasının tərəfdarıdır: “Sürücülərdən necə faizlə alırlarsa, piyadalardan da o cür almaq lazımdır. Bankdan kredit götürəndə o cərimə tutulsun, maaş kartından çıxılsın, təqaüdündən çıxılsın, evindən hansısa bir əşyanı məhkəmə icraçısı aparıb satıb cəriməni ödəsin. Piyada da görsün ki, onun əməlinin axırı hara gedir. Bəlkə ondan sonra nəsə düzələr. Yoxsa elə piyadalar var ki, ildə 5 dəfə cərimə olunur, heç vecinə də deyil. Çünki ödəmir və ödəməyəndə də heç bir cəza almır. O da öz bildiyini edir”.
 
Piyada şikayətlənir: “Sürücülər sükan arxasında aqressivləşirlər”
Amma ekspertlərin və statistikanın əksinə olaraq, piyadalar da baş verən qəzalarda sürücüləri günahkar sayır. İctimai nəqliyyatdan istifadə edən Elnur Məlikov adlı müsahib deyir ki, sürücülər sükan arxasına keçəndə aqressivləşirlər: “Onlar üçün iki saniyə piyadaya yol vermək böyük iş deyil. Amma sanki qəsdən edirlər, maşını adamın üstünə sürürlər. Nəzərə almırlar ki, maşın dəmirdəndir, hətta adama yüngül dəyəndə də xətər yetirir. Hər şey qanun-qayda ilə olmur axı. İnsanlıq, humanizm də var. Piyada səhv edə bilər, amma buna görə onu yaralamaq lazımdır?”
 
Statistika “qanlı”, hər iki tərəf isə bu məsələdə özünü haqlı bilir. Çarə qanunlardakı boşluqları aradan qaldırmaqdır. Əks halda, yaxın gələcəkdə “piyada ölümləri” ilsonu ölüm statistikasının əhəmiyyətli faizini təşkil edəcək. (Musavat) /

Google+ WhatsApp ok.ru