“İNFAQ”LA BAĞLI BƏZİ MƏSƏLƏLƏR-2

“İNFAQ”LA BAĞLI BƏZİ MƏSƏLƏLƏR-2

İKİNCİ SƏCİYYƏ: “İNFAQ”DA MÖTƏDİLLİK

“İnfaq” və Allah yolunda yardımla bağlı bəzi suallar insanın diqqətini özünə cəlb edir: “Nə infaq edək? Kimlərə kömək edək? Nə qədər kömək edək?”

1. NƏ İNFAQ EDƏK?

Bu suala “Ali-İmran” surəsinin 92-ci ayəsində belə cavab verilir:

لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.”

Bu ayəyə əsasən, infaq malın ən yaxşısından olmalıdır ki, infaq edən (Allah yolunda xərcləyən) şəxs xeyirxahlığın zirvəsinə nail ola bilsin. Maraqlı bir hədisdə belə oxuyuruq: “İmam Sadiq (ə) həmişə “şəkər” infaq edərdi. O həzrətdən: “Nə üçün şəkər infaq edirsiniz?” – deyə soruşduqda, Həzrət buyurdu: “Mən şəkəri çox istəyirəm. Allah-Taala Qurani-Kərimdə göstəriş verir ki, sevdiyiniz şeylərin ən yaxşısından Allah yolunda xərcləyin. Buna görə də, möhtaclara şəkər paylayıram.” (“Nurus-səqəleyn”, 1-ci cild, səh.363, hədis 235.)

Həzrət Fatimə (ə) toy günü ər evinə yola düşərkən bir fəqir ondan köhnə bir köynək istədi. Həzrət Zəhra (ə) bu ayəni xatırlayıb öz təzə gəlinlik köynəyini infaq etdi.

Demək, yaxşılıq və xeyirxahlığın zirvəsinə nail olmaq istəyənlər dünya malına bağlılığı qırmaq üçün Allah yolunda keyfiyyətli mallardan xərcləməlidirlər. Əlbəttə, bunun mənası o deyil ki, bəyənilməyən, xüsusilə, ehtiyacsız qalan malları möhtaclara vermək olmaz, əksinə “birr” (yaxşılıq və xeyirxahlıq) məqamına çatmaq üçün malın ən yaxşısını bəxş etmək lazımdır.

2. KİMLƏRƏ KÖMƏK EDƏK?

“Bəqərə” surəsinin 215-ci ayəsində bu suala belə cavab verilir:

قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

“Xərclədiyiniz malı ata-ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalanlar üçün nəzərdə tutun. Şübhəsiz, Allah etdiyiniz hər bir yaxşı işi bilir.”

Bu ayəyə əsasən, bir şəxsin ata-anası möhtacdırsa, hamıdan əvvəl onlara, sonra yaxın-qohumlara, sonra isə başqalarına – yetimlərə, başsız ailələrə, cəmiyyətin yoxsullarına və nəhayət, yolda qalanlara kömək etməlidir. Beləcə, verilən tərtibi gözləmək lazımdır?

3. NƏ QƏDƏR KÖMƏK EDƏK?

Amma “Allah yolunda çəkilən xərcin miqdarı nə qədər olmalıdır?” – sualının cavabına gəldikdə isə, Quran ayələrində qeyd olunduğu kimi, infaqda ifrat və təfritə yol verilməməlidir. Çünki ifrata varan öz əhli-əyalını sıxıntıya sala bilər, təfritə yol verən də möhtacları öz imkanlarından məhrum edər. Demək, bu məsələdə də insaf və orta hədd şərtdir.

İnfaqda orta hədd və ya Quran ifadəsi ilə desək, “qivam” ən səciyyəvi xüsusiyyətlərdəndir. Onun ifrat tərəfi “israf”, təfrit tərəfi isə “xəsislik”dir ki, hər ikisi İslamda məzəmmət olunur. Rəhman Allahın həqiqi bəndələri malını Allah yolunda xərclədiyi zaman orta həddi gözləyərək nə israfa yol verir, nə də xəsislik edirlər. İmam Sadiq (ə) yerdən bir ovuc çınqıl götürüb əlində sıxaraq buyurur: “Bu, xəsislikdir.” Sonra o biri əlini çınqılla doldurub elə açır ki, hamısı yerə tökülür. Həzrət buyurur: “Bu da israfdır.” Üçüncü dəfə ovcunu doldurub bir qədər açdıqda, çınqıllardan yerə töküldüyü qədər də əlində qalır. Həzrət buyurur: “Bu, Qurani-Kərimdə buyurulan səxavət və orta həddir.” (“Nurus-səqəleyn”, 4-cü cild, səh.29.)

“İsra” surəsinin 26-29-cu ayələrində “infaq” daha dəqiq və gözəl bəyan olunur:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا

“Qohumların, yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə.”

Bu ayədə müəyyən olunan qruplara yardım “haqq” kimi qeyd edilir. Yəni bu onların hüququdur və onlara borclu olan sizsiniz. Belə isə, onların haqqını ödəyin və eyni zamanda israf edib həddinizi aşmayın. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.91-93.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru