10. Şamda çaxnaşma

10. Şamda çaxnaşma

Kəərbəla əsirlərini şəhidlərin başları ilə birlikdə şəhərlərdə gəzdirdikdən sonra Şama çatdırdılar. Yezid hökumətinin paytaxtı olan Dəməşqə çatdıqları zaman, Ümmü-Gülsüm Şimrdən onları camaatın az toplaşdığı darvazadan şəhərə daxil etməsini, həmçinin şəhidlərin başlarını karvandan kənarlaşdırmalarını və beləliklə, camaatın diqqətinin başlara yönəlməsini və Peyğəmbər (s) ailəsinin namusuna baxmamalarını istədi. Amma Şimr onun istəyinin əksinə olaraq başların eynilə karvan və miniklərin arasında hərəkət etdirilməsinə və daha çox diqqəti cəlb etməsinə göstəriş verdi. Səfər ayının 1-ci günü[1] karvanı camaatın toplaşdığı yerə – “Saat” darvazasından[2] şəhərə daxil etdilər. Əvvəlcə onları Saat darvazasının yanında saxladılar və camaat təbil-şeypur çalaraq, şadlıq etdiyi halda əsirləri qarşılamağa gəldi.[3]

Yezid (Əməvi məscidinə yaxın olan) Ceyrun adlı yerdə öz sarayında oturmuş, əsirlər karvanına, şəhidlərin başlarına tamaşa edirdi. Həmin halda qarğa səsi eşitdi və onu pis bir əlamət hesab edərək bədahətən belə şeir oxudu:

لَمّا بَدَتْ تِلْكَ الْحُمُولُ وَأَشْرَقَتْ‌

تِلْكَ الرُّؤُوسُ عَلى‌ شَفا جيرُونِ‌

نَعِبَ الْغُرابُ فَقُلْتُ: قُلْ أَوْ لا تَقُلْ‌

فَقَدِ اقْتَضَيْتُ مِنَ الرَّسُولِ دُيُوني‌

«O qafilə və o başlar Ceyrunun yanında görünməyə başladığı zaman, həmin halda bir qarğa qarıldadı. Ona dedim: Qarıldasan da, qarıldamasan da, (mühüm deyil,) ona görə ki, mən alacağımı aldım. Peyğəmbərdən Bədr və Ühüddə öldürülənlərin intiqamını aldım.)»[4]

Bunun özü Yezid və Bəni-Üməyyənin İslam və İslamın müqəddəs hesab etdiyi şeylərə iman gətirməməsi ilə bağlı aydın dəlil və tutarlı sənəddir.

Seyid ibn Tavus yazır: «Əsirlər karvanını şəhərə daxil etdilər və onları Came (mərkəzi) məscidinin qapısı kənarında əsirlərə məxsus olan yerdə saxladılar.[5] Bu arada qoca bir kişi əsirlər karvanına yaxınlaşıb dedi: «Allaha şükürlər olsun ki, sizi öldürüb məhv etdi və şəhərləri sizin kişilərinizin əlindən təmizlədi, Yezidi sizə qalib etdi.»

İmam Zeynəlabidin (ə) ona buyurdu:

يا شَيْخُ! هَلْ قَرَأْتَ الْقُرْآنَ‌

«Ey qoca, heç Quran oxumusanmı?»

Cavab verdi: «Bəli!” (Sizin Quranla nə əlaqəniz var?)

Həzrət (ə) buyurdu: Sən bu ayə ilə tanışsanmı ki, həmin ayədə belə buyurulur:

فَهَلْ عَرَفْتَ هذِهِ الآيَةَ قُلْ لَاأَسْئَلُكُمْ عَلَيْهِ اجْراً إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبى

«Camaata de ki, mən peyğəmbərliyimin qarşılığında sizdən yaxınlarıma (Əhli-beytimə) məhəbbətdən başqa, heç bir muzd istəmirəm.»[6]

Qoca cavab verdi: «Bəli, mən bu ayəni oxumuşam, (amma onun sizinlə nə əlaqəsi var?)”

İmam (ə) buyurdu:

فَنَحْنُ الْقُرْبى‌ يا شَيْخُ‌

«Ey qoca, “Qurba” (Əhli-beyt) bizik!» (Sonra sözlərinə əlavə etdi:) Bu ayəni oxumusanmı?

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَي‌ءٍ فَأَنَّ للَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِى الْقُرْبى

«Bilin ki, əldə etdiyiniz qənimətlərin xümsü (beşdəbiri) Allah, Peyğəmbər və yaxınlar (Əhli-beyt) üçündür.»[7]

Qoca cavab verdi ki, bəli, bu ayəni oxumuşam.

İmam Səccad (ə) buyurdu: «Həmin ayədə qeyd olunan “qurba” (yaxınlar) bizik.»

Sonra buyurdu: Bu ayəni oxumusanmı?:

إِنَّمَا يُريدُ اللَّهَ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهيراً

«Allah siz Əhli-beytdən bütün çirkinlikləri uzaqlaşdırmaq və sizi tamamilə pak etmək istəyir.»[8]

Qoca dedi: Bu ayəni də oxumuşam.

İmam Səccad (ə) buyurdu:

فَنَحْنُ أهْلُ الْبَيْتِ الَّذينَ خَصَّصَنا بِآيَةِ الطَّهارَةِ يا شَيْخُ‌

«Ey qoca! Allahın «Təthir» ayəsini məxsus etdiyi Əhli-beyt bizik.»

Bu sözləri eşidən qoca sakit dayandı və dediyi sözlərdən peşman olub fəryad etdi: «Allaha and olsun, siz (ləyaqətli və Peyğəmbər (s) xanədanı olan) həmin kəslərsiniz!»

İmam Səccad (ə) da həmin qocanın sözlərini təsdiq etmək üçün buyurdu: «Allaha and olsun, şübhəsiz, biz həmin pak Əhli-beytik! And olsun cəddimiz Rəsulullahın haqqına, biz həmin dəstəyik (kəslərik)!»

Qoca ağladı, əmmaməsini başından çıxardı, sonra başını göyə qaldırıb dedi: «İlahi! Mən ali-Muhəmmədin (s) insan və cinlərdən olan düşmənlərindən uzağam!» Sonra İmama (ə) dedi: «Mənim üçün tövbə etmək yolu vardırmı?»

İmam (ə) ona buyurdu: «Əgər tövbə etsən, Allah səni bağışlayar və tövbəni qəbul edər. Sən bizimlə bir yerdə (və dostlarımızın sırasında) olarsan.»

Qoca da tövbə etdi, amma bu xəbər Yezidin qulağına çatdığı zaman, onun öldürülməsini əmr etdi.[9]

Şam əhalisi İslamı qəbul etdiyi ilk vaxtlardan öz üzərində Bəni-Üməyyə sülaləsinin hakimiyyətini görmüşdü. Şamın birinci valisi Yezid ibn Əbu Süfyan və sonra Müaviyə ibn Əbi Süfyan olmuşdu.[10]

Müaviyə özünün qırx illik hakimiyyəti dövründə camaatı həqiqi İslamdan uzaq saxlamış və özünün İslamdan bəyəndiyi şeyləri onlara təqdim etmişdi. O, özünü «Xalul-muminin» (möminlərin dayısı) və «Vəhy yazarı» kimi tanıtdırmış və oğlu Yezid də belə bir hökumətin varisi idi. Həmin səbəbdən, aldanmış şamlı qocanın belə rəftar etməsi o qədər də təəccüblü deyildi. İmam Səccadın (ə) yol göstərməsindən sonra hidayət olub əqidəsi yolunda şəhadətə çatdı. Hər halda, Şam mühiti Əhli-beyt (ə) üçün həddən artıq çətin idi. Orada İmam Zeynəlabidin (ə) və Əhli-beyt (ə) üçün vəziyyət o qədər ağır keçdi ki, həmin məzmunda o Həzrətdən bu şeirlər nəql edildi:

فَيالَيْتَ لَمْ أَنْظُرْ دِمَشْقاً وَلَمْ أَكُنْ‌

يَراني‌ يَزيدُ فِى الْبِلادِ أَسِيرُهُ‌

«Kaş gözüm Dəməşqə düşməzdi və Yezid də məni bu vəziyyətdə əsir görməzdi!»[11]

 

Maide.az – Maarif bölümü
 

[1]. Şiə İmadəddin Təbərinin "Kamile-Bəhayi" və Əbu Reyhan Biruninin "Asarul-baqiyə", həmçinin Kəfəminin "Misbah" əsərində əsirlər karvanının Şama daxil olduğu gün Səfər ayının birinci günü kimi qeyd edilmişdir. "Məqtəlul-Huseyn", Müqərrəm, səh.348.

[2]. Həmin darvazanın Saat adlanmasının səbəbi bu idi ki, orada misdən quş və bəzi heyvanların heykəlləri düzəldilmişdi və onlar arasında nəzm və onların bir-biri ilə rabitəsini tənzim etməklə günün saatı müəyyən edilirdi. Əlbəttə, Xarəzminin "Məqtəlul-Huseyn" əsərində əsirlər karvanının "Tumar" adlı darvazadan daxil edildiyi qeyd olunmuşdur və onun nişanələri hələ də qalmaqdadır. "Məqtəlul-Huseyn", Müqərrəm, səh.348.

[3]. "Məqtəlul-Huseyn", Müqərrəm, səh.347-348; "Məlhuf” (Lühuf), səh.210, azacıq fərqlərlə.

[4]. "Məqtəlul-Huseyn", Müqərrəm, səh.348.

[5]. "Məlhuf” (Lühuf), səh.210.

[6]. «Şura» surəsi, ayə 23.

[7]. «Ənfal» surəsi, ayə 41.

[8]. «Əhzab» surəsi, ayə 33.

[9]. «Biharul-ənvar», c.45, səh.129. Bu macəra «Məlhuf” (Lühuf), səh.211-212 və «İhticac», c.2, səh.120-122-də azacıq fərqlə qeyd edilmişdir.

[10]. «Təbəri tarixi», c.2, səh.591-dən sonra, 13-cü ilin hadisələri.

[11]. «Mədinətul-məaciz», c. 4, səh.110; ”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.590-593.

 

Google+ WhatsApp ok.ru