6. Kərbəla inqilabının spesifik xüsusiyyətləri-2

6. Kərbəla inqilabının spesifik xüsusiyyətləri-2

Kərbəla inqilabı – Siyasi və ictimai təsirlər

c) Əhli-beyt (ə) – Aşura qasidi: Adətən, dünyada şəhid ailələrinin ən çox göstərdikləri müqavimət şəhidin ayrılığına dözmək, ailədəki kişiləri cihada və Allah yolunda mübarizəyə təşviq etməkdə yekunlaşır. İmam Hüseynin (ə) əhli-əyalı bu mühüm vəzifəni layiqincə yerinə yetirdikləri kimi, elə inqilabın başlanğıcından bütün səhnələrdə iştirak edir, bütün mübarizlərin müsibətlərini canlı şəkildə təcrübə edir və buna sinə gərirdilər. Yəni sərgərdanlıq, səfərin uzun çəkməsi, yol qorxusu, kufəlilərin vəfasızlığı, susuzluq və övladlar, qardaşlar, dost-tanışlar və qohum-əqrəbanın şəhadəti, sonra da hörmətsizliklə əsirlik! Əsirlik məsələsi isə, həqiqətdə, şəhadətdən də ağır olaraq, Kərbəla şəhidlərinin əhli-əyalının təklikdə inqilabın hədəfləri uğrunda canla-başla qəbul etdikləri fədakarlıq idi. Onlar bu yolda nəinki məğlub olmadılar, öz və Kərbəla şəhidlərinin amal və hədəflərindən əl çəkmədilər, hətta müqavimət sayəsində sərgərdanlıq böhranını qızıl fürsətə çevirərək, şəhidlərin amal və hədəflərinin təbliğ, düşmənin cinayətləri, çirkinlikləri və azğınlıqlarını isə ifşa etdilər. Onlar inqlab və onun mesajlarını ucqar Kərbəla çölündən kəndlər, şəhərlər və nəhayət, İbn Ziyadla Yezidin qəddar saraylarında təbliğ etdilər. Əməvilər sülaləsinin siyasi təbliğatını, qüdrət və qələbəsini müşahidə etmək məqsədilə təşkil olunan rəsmi yığıncaqlar Kərbəla əsirlərinin fəaliyyəti sayəsində Əhli-beytə (ə) əzadarlıq, Yezid və İbn Ziyada nifrət məclisinə çevrildi. Belə ki, hakim rejim zahirdə peşmançılığını bildirdi və İbn Ziyad, Ömər ibn Səd və Şümrü məhkum etmək və onlara lənət göndərməklə hakim dairələrə qarşı yaranan nifrət və kin-küdurətləri azaltmağa cəhd etdi. (“Tarixi-Təbəri”, c.5, səh. 418-422.)

ç) Həmişəyaşar hədəflər və şüarlar: Kərbəla inqilabının spesifik xüsusiyyətlərindən biri də maddi sərhədləri aşan, xüsusi firqə və hətta xüsusi din qəlibində gündəmə gətirilən ilahi və mənəvi şüarları üstələyən, insan və insaniyyətə peyvənd olunan ülvi hədəfləridir. Azadlıq, fitnə-fəsad və zorakılıqla mübarizə, zillətli həyatın məzəmməti, izzətli ölümün genişlənməsi, ədalətin bərpası və iqtisadi, irqi və siyasi ayrıseçkiliklə mübarizə, qorxmazlıq, insani hədəflər uğrunda hər şeyi qurban vermək və bu kimi onlarla şüar böyük Kərbəla inqilabının fəlsəfə və ülvi hədəflərini təşkil edirdi.

q) Misilsiz mənəviyyat: Kərbəla inqilabını digər dini-ilahi inqilablardan ayıran spesifik xüsusiyyətlərdən biri də onun mənəviyyatıdır. İmam Hüseyn (ə) və dostları bütün çətinlikləri, müsibətləri, düşmənin qəddarlıq və rəhmsizlikləri ilə yanaşı dini əxlaqı, İslam hökmlərini, səbir və dözümü unutmadılar. Onların kəlamlarında psixoloji döyüşlər, yalan şüarlar, yersiz vədlər və aldadıcı sözlər əsla gözə çarpmır. İmam Hüseyn (ə) heç vaxt döyüşə başlamadı, düşmənlərə və hətta onların atlarına su verdi. Quru və yandırıcı səhrada özü, əhli-əyalı və dostlarının ehtiyac duyduğu su və yeməyi düşmən qoşunu və onların atlarına əsirgəməməsi bu inqilabın parlaq səhifələrindəndir! (“Tarixi-Təbəri”, c.5, səh.224-225 və 401-410.)

“Aşura” günü, o qədər müsibətlər zamanı, İmam Hüseyn (ə) və o Həzrətin dostlarının hətta bir dəfə belə, “məkruh” işlərə əl atmasını müşahidə etmirik. Onlar bütün mərhələlərdə Kərbəla inqilabını din və İslam məfhumlarından ayırmadılar və əxlaqi dəyərləri unutmadılar. İmam Hüseyn (ə) və dostlarının şüarlarında mübaliğəli və həqiqətə xilaf bir söz deyilmədi. Xütbələr, şüarlar və şeirlər tam diqqət və sədaqətlə dilə gətirilirdi. Onlar özləri və düşmənlərini tanıtdırmaq, susuzluqlarını təmin etmək, qadın-uşaqlara təsəlli vermək üçün, nəinki yalan danışmadılar, hətta mübaliğəyə belə yol vermədilər. İmam Hüseyn (ə) özünü həmişə “Rəsulullahın qızının oğlu” adı ilə tanıtdırırdı. Hətta düşmən o Həzrəti Rəsulullahın övladı bilir və ərəblərdə bir şəxsin özünü babasına nisbət verməsi eyib sayılmırdı. (“Tarixi-Təbəri”, c.5, səh.418-422; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, səh.280-281.)

Maide.az – Maarif bölümü

 

Əvvəlki yazının BURADAN oxuya bilərsiz! 

Google+ WhatsApp ok.ru