Əfqanıstanda sülh razılığına baxmayaraq qanlı qarşıdurma dayanmayıb

Əfqanıstanda sülh razılığına baxmayaraq qanlı qarşıdurma dayanmayıb

Fevralın 29-da ABŞ və Taliban arasında imzalanan sülh müqaviləsindən bəri, ölkə daxilində Taliban yaraqlılarının həyata keçirdiyi 2.804 silahlı və bombalı hücumlarda təxminən 240 təhlükəsizlik işçisi ölüb və 300-dən çox da yaralı var.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki,  taliblər bu müddət ərzində tez-tez hərbi və polis bölmələrini hədəf alıblar və qanlı aksiyalara səbəb olublar.
 
Barışıq sazişindən bəri Taliban üzvləri gündəlik orta hesabla 50 hücum həyata keçiriblər.
 
Əvvəlki bütün hücumları barədə rəsmi açıqlama verən Taliban, sülh razılaşmasından sonra etdiyi hücumlar barədə susmağa üstünlük verir.
 
Mülki və Taliban itkiləri
 
Əfqanıstan Milli Təhlükəsizlik Şurası 29 fevraldan bəri Taliban üzvlərinin həyata keçirdiyi hücumlarda həyatını itirən və yaralanan mülki şəxslərin sayının 789 olduğunu açıqlayıb.
 
Yol kənarına yerləşdirilən bombaların partlaması mülki şəxslərin ölümünə səbəb olsa da,Taliban və təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalarda ölənlər də itkinin başqa bir səbəbi kimi göstərilir.
 
Taliban mülki insan itkisini qəti şəkildə rədd edir və bu itkilərin Əfqan və ABŞ qüvvələrinin hava zərbələri nəticəsində olduğunu bildirir.
 
Əfqanıstan Milli Təhlükəsizlik Şurasının məlumatına görə, təhlükəsizlik qüvvələrinin Taliban hücumlarına cavab olaraq həyata keçirdiyi hücumlarda ölən və yaralanan Taliban yaraqlılarının sayı 2 min 737 olub.
 
Ölənlər arasında Talibanın bölgə rəhbərlərinin də olduğu bildirilir.
 
Qanlı həftə
 
Son bir həftə ərzində Taliban tərəfindən edilən silahlı və bombalı hücumlarda 34 mülki şəxs ölüb, 61 təhlükəsizlik işçisi ilə 62 mülki şəxs yaralanıb.
 
Son bir həftə ərzində Taliban hücumlarına qarşı əməliyyatlarda 309 hərbçi öldürülüb və 210 hərbçi yaralanıb.
 
Talibanın aprelin 20-də ölkənin şimal-şərqindəki Tahar əyalətinin Hocai Qar bölgəsindəki hərbi məntəqəyə təşkil etdiyi hücumda 17 təhlükəsizlik əməkdaşı ölüb və bu hücum "həftənin ən qanlı aksiyasl" olaraq qeyd edilib.
 
İkinci qanlı hücum aprelin 24-də Badgis əyalətində baş verib və yaraqlıların silahlı hücumu nəticəsində 13 mühafizəçi ölüb.
 
Talibanla məhbus mübadiləsi
 
"Əfqanıstanda sülh sazişi" fevralın 29-da Qətərin paytaxtı Dohada, ABŞ və Taliban arasında danışıqların keçirildiyi mərasimdə imzalanıb.
 
ABŞ və Taliban arasındakı məhbusların mübadiləsi üçün nəzərdə tutulan razılaşmada "Taliban kimi tanınan və ABŞ tərəfindən bir dövlət olaraq tanınmayan 5000-dən çox məhbus, qarşı tərəfdən də 1000-dən çox məhbus əfqanlar arasında siyasi dialoqun başlayacağı 10 mart 2020-ci ilədək sərbəst buraxılacaq" maddəsi yer almışdı.
 
Mübadilə martın 10-da, tərəflər arasında danışıqlar başlayanda baş tutmalı idi, lakin Kabildə siyasi mübahisələr prosesin ləngiməsinə səbəb oldu.
 
3 nəfərdən ibarət Taliban heyəti məhbus mübadiləsi üçün aprelin 1-də paytaxt Kabilə gəldi.
 
İndiyə qədər 550 Taliban üzvü və Taliblərin əlində olan 60 girov sərbəst buraxılıb.

Google+ WhatsApp ok.ru