Əzadarlığın düzgün fəlsəfi təhlili-2

Əzadarlığın düzgün fəlsəfi təhlili-2

1. Əhli-beyt məktəbinin qorunması:
 
Dost və düşmənin etirafına əsasən, İmam Hüseyn (ə) əza məclisləri insanların oyanışı istiqamətində qeyri-adi və güclü bir amil, həmçinin İmam Hüseynin (ə) İslamın yaşaması üçün öz ardıcıllarına öyrətdiyi bir yoldur. Belə məclislərin təşkilinin əhəmiyyəti və məsum imamların (ə) onların yaşadılmasına təkidinin sirri, belə hədislərin yazılıb-yayıldığı dönəmdə şiələrin ciddi şəkildə cəmiyyətdən təcrid olunduğunu mülahizə etdiyimiz zaman məlum olur. Onlar Əməvilər və Abbasilər hakimiyyətinin müxtəlif təzyiqləri altında o qədər çətinlikdə idilər ki, kiçik bir fəaliyyət, siyasi-ictimai hərəkət gücünə malik deyildilər, hətta köklərinin tamamilə kəsilməsinə az qalırdı ki, İmam Hüseyn (ə) əza məclisləri onları xilas etdi və onun sayəsində təşkilatlandılar, həmrəyliyə qovuşdular. Mühüm bir güc olaraq İslam cəmiyyəti səhnəsində üzə çıxıb ölməzliklərini qorudular. Buna əsasən, hədislərdə əza məclislərinin bərpası Əhli-beyt məktəbinin dirçəldilməsi kimi tanıtdırılmışdır. İmam Sadiq (ə) belə məclislər barəsində buyurur:
 
إِنَّ تِلْكَ الْمَجالِسَ أُحِبُّها فَأَحْيُوا أمْرَنا
 
“(Sizin) belə məclislərinizi bəyənirəm. Bu yolla bizim məktəbimizi yaşadın!” (“Vəsailuş-şiə”, c.10, səh.391-392, hədis 2.)
 
İslam Respublikasının banisi İmam Xomeyni geniş bir çıxışında deyir: Hər birimiz bilməliyik ki, müsəlmanların vəhdətinə səbəb olan amil bu siyasi mərasimlər, məsum imamların (ə), xüsusilə məzlumlar ağası, şəhidlər sərvəri həzrət Əba-Əbdillah Hüseynin (ə) əza məclisləridir. Belə ki, o məclislər müsəlman xalqlarının, xüsusilə də on iki imam şiələrinin mühafizəçisidir.” (“Səhifeyi-nur”, c.21, səh.173, İmam Xomeyninin ilahi-siyasi vəsiyyətnaməsi.)
 
Müsəlman olmayanlar belə, bu həqiqəti etiraf edirlər. Josef Fransua “İslam və müsəlmanlar” əsərində İslamın ilk dönəmində şiələrin say azlığına, onların hakimiyyətə əlinin çatmamasından dolayı hakimiyyət başçılarının onlara zülm və qəddarlığına, onların qətlinə və mallarının qarət edilməsinə işarə etdiyi sırada maraqlı bir təhlildə yazır: “Şiə imamlarından biri düşmənlərin zülmündən canlarını qurtarmaq üçün onlara təqiyyə əmrini verir. Həmin əmr şiələrin yavaş-yavaş güclənməsinə səbəb olur. Bu dəfə düşmənlər şiələri öldürmək, mallarını qarət etmək üçün bir bəhanə yolu tapa bilmirlər. Şiələr gizli məclislər təşkil edir, İmam Hüseynin müsibətinə ağlayırdılar. Bu duyğular, qəlbi bağlılıqlar onların qəlbində gücləndi, get-gedə artmağa başladı və bu minvalla, şiələr inkişaf etdilər. Bu inkişafın ən böyük amili digərlərini şiə təriqətinə dəvət edən İmam Hüseyn əza məclislərinin bərpasıdır. Əslində, şiələrdən hər biri digər müsəlmanların xəbəri olmadan camaatı öz təriqətinə dəvət edirdi. Bəlkə də, şiələrin özü də (ola bilsin) fəaliyyətlərindəki mövcud faydadan xəbərsizdirlər və sadəcə axirət savabı qazandıqlarını güman edirlər.” (“Hüseyn ibn Əlinin (ə) şəhadət və əzadarlığının fəlsəfəsi” kitabına istinadən, Əllamə Seyid Əbdülhüseyn Şərəfuddin, Əli Səhhətin (farscaya) tərcüməsi, səh.92.)
 
Alman tarixçisi Marbin də “İslam siyasəti” kitabında belə yazır: “Mən, İslamın yaşaması və tərəqqi rəmzini, eləcə də, müsəlmanların inkişaf amilini İmam Hüseynin şəhid olmasında və o qəmli, kədərli hadisələrin baş verməsində görürəm. Əminəm ki, müsəlmanların ağıllı siyasəti və onların qurucu proqramları İmam Hüseynin əzadarlığı vasitəsilə olmuşdur.” (“Hüseyn ibn Əlinin(ə)şəhadət və əzadarlığının fəlsəfəsi”, səh. 109; (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.70-72.)
 
Ardı var...
 
Öncəki yazını BURADAN oxuya bilərsiz
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru