‘Sovetski’ sakinləri aksiya keçiriblər

‘Sovetski’ sakinləri aksiya keçiriblər

Sentyabrın 25-də Bakının “Sovetski” məhəlləsinin keçmiş sakinləri Yasamal Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Sakinlər 3 ildir onlara kompensasiya verilməməsindən şikayət edərək İcra Hakimiyyəti başçısı ilə görüş tələb ediblər.
 
“Pulumuzu kəsib özlərinə hündürmərtəbəli binalar tikirlər, bahalı maşınlarda gəzirlər. “Sovetki”nin sakinlərinə “qara insanlar” kimi yuxarıdan aşağı baxırlar. Prezidentə sözümüzü çatdırmışıq, çatdıracağıq da. Bizə xəbərdarlıq etmədən, biz evdə olmadan evlərimizi avadanlıqlarla bir yerdə buldozerin altına verdilər. İndi haqqımız olan kompensasiyanı da vermirlər. Belə olmaz. Qaytarın pulumuzu”, -etirazçılardan biri deyib.
 
Polis əməkdaşları etirazçıların bir nümayəndəsini İcra Hakimiyyətinin binasına keçməsinə icazə verib. Lakin bu da sakinlərin narazılığı ilə qarşılanıb.
 
“Həmişə eyni adamı buraxırlar, bizim seçdiyimiz nümayəndəni yox. O da gedir, nə danışırsa bizim problemimiz həll olunmur”, -aksiya iştirakçısı deyib.
 
Buna baxmayaraq, digər nümayəndələrə binaya keçməyə icazə verilməyib.
 
Polis əməkdaşları etiraza cəhd edənləri ərazidən uzaqlaşdırıb.
 
Aksiya insidentsiz başa çatıb.
 
Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanılıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış binaları bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.
 
Söküntü işləri iki mərhələdə aparılıb.
 
İkinci mərhələ zamanı 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.
 
Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilib) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr olub. Onlar müxtəlif dövrlərdə aksiyalar keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib /Turan /
 
 

 

Google+ WhatsApp ok.ru