‘VƏHDƏT HƏFTƏSİ’ – Allahın ipindən möhkəm yapışın,parçalanmayın ...

‘VƏHDƏT HƏFTƏSİ’ – Allahın ipindən möhkəm yapışın,parçalanmayın ...

 
Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-si qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki gün bayram günləri, eyni halda ikisinin arasında olan günlər isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
 
Qurani-Kərimə əsasən, Allah-Taala İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur:
 
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ
 
“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”
 
Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur:
 
وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًاَ
 
«Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun bu neməti sayəsində bir-birinizlə qardaş oldunuz...»
 
Bu ayədəki «həblillah» (Allahın ipi) ibarəsi ilə bağlı təfsir alimləri müxtəlif ehtimallar irəli sürmüşlər. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə deyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki «Allahın ipi» dedikdə, bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur, bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).
 
“Ənbiya” surəsinin 92-ci ayəsində müsəlmanlar “vahid ümmət” adlandırılır və buyurulur:
 
إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
 
“(Ey insanlar!) Şübhəsiz, bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir ümmətsiniz. Və Mən sizin Rəbbinizəm. Buna görə də, yalnız Mənə ibadət edin.”
 
“Hücurat” surəsinin 10-cu ayəsində möminlərin bir-birinə qardaş olduqları haqda söz açılır və buyurulur:
 
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
 
“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! “
 
Bu ayələrə əsasən, müsəlmanlar arasında vəhdət və birlik zəruri bir məsələdir. İslam Peyğəmbərinin (s) “besət”dən “rehlət”ə qədərki həyatında “tövhid” şüarı ilə müsəlmanlar arasında təfriqə və ixtilafların aradan qaldırılması, vəhdət təməlinin möhkəmlənməsi, dostluq və qardaşlıq prinsipinin güclənməsi istiqamətində öz təlimləri, əməl və rəftarları ilə böyük addımlar atdığının şahidi oluruq. Tarixdə oxuyuruq ki, İslam və İslam Peyğəmbəri (s) nifaq və təfriqə ilə məşhurlaşan bədəvi ərəb qəbilərini vəhdət bayrağı altına yığmış, onların arasında ülfət və mehribanlıq hissi yaratmış, kin-küdurətləri və cahilliyyət təəssübkeşliyini aradan qaldırmış, az müddət ərzində Ərəbistan yarımadasında “vahid ümmət” adı ilə güclü İslam quruluşu yaratmışdır.
 
İnsanlar arasında ixtilaf və təfriqə yaradan amillərdən biri millətpərəstlik və irqi ayrıseçkilikdir. Lakin İslam Peyğəmbəri (s) 8-ci hicri-qəməri ilində müşrikləri məğlub etdikdən sonra, nəsil-nəcabəti yeganə dəyər və fəzilət meyarı bilənlərin cavabında təqvanı əsas meyar və ölçü tanıtdırmış, yalnız təqvalı insanın Allah dərgahında əziz olduğunu bildirmişdir: “Ey insanlar! Allah-Taala sizin İslama üz gətirməyinizlə irqi ayrıseçkiliyi, nəsil-nəcabətlə öyünməyi, süstlük və cahilliyi aradan qaldırdı. Həqiqətən, sizin babanız Adəmdir və o da torpaqdan yranmışdır. Sizin Allah yanında ən hörmətliniz ən təqvalınızdır.” Allah-Taala “Hücurat” surəsində də belə buyurur:
 
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ
 
“Ey insanlar! Şübhəsiz, Biz, sizin hamınızı bir kişi və qadından yaratdıq və  bir-birinizi tanıyasınız deyə sizi böyük və kiçik qəbilələr etdik. Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən təqvalınız, pəhrizkarınızdır.”
 
Həmçinin o həzrət “Vida” həccində də müsəlmanlara xitabən ərəbin əcəmə, ağdərilinin qaradəriliyə üstün olmadığını, üstünlük və fəzilətdə təqva və pərhizkarlığın yeganə meyar olduğunu vurğulamışdı: “Ey insanlar, sizin Rəbbiniz birdir, atanız da birdir (Adəm)... Allah yanında ən hörmətliniz ən təqvalı olanızdır. Ərəbin əcəmə heç bir üstünlüyü yoxdur və üstünlük yalnız təqva ilə ölçülür.”
 
Beləliklə, Peyğəmbər (s) tövhid şüarı ilə müsəlmanlar arasında vəhdət və birlik yaratdı, düşmənçilikləri aradan qaldırıb, qəlbləri bir-birinə yaxnlaşdırdı. Ümid edirik, ki, İslamın, Quranın, Peyğəmbərin (s) və İslam rəhbərlərinin vəhdətlə bağlı tövsiyələri İslam camiəsində öz əksini tapacaqdır!
 
Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru