Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-2

Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-2

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Yunis” surəsinin 12-ci ayəsində belə buyurulur:

...كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ

“İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir (ki, bu əməlin pisliyini başa düşmürlər).”

İnsan pis bir əməli təkrar etsə, bu onun gözündə həmin əməli gözəlləşdirər. İnsanın ruhu o əməllə uyğunlaşır və o, hətta bu işi özünə iftixar da bilir. Ayədə deyilir: “Beləcə, israf edənlərin əməlləri onların gözlərində zinətləndirilmişdir.”

مَا كَانُواْ يَعْمَلُونَ – “Etdikləri işlər” ifadəsi, eləcə də “israfçılar” sözü onların günahı təkrar etməsinə bir dəlildir. Çirkin əməlləri təkrar etməklə bu işin qəbahəti sanki aradan qalxır, üstəlik, günah əməl tədricən günahkar insanın gözündə bir fəzilət kimi görünməyə başlayır. Bu, əslində, böyük əxlaqi çirkinlik və günah əməlləri təkrar etməyin nəticəsidir. Pis əməlləri günahkarların gözündə kimin gözəl cilvələndirdiyi haqda mülahizələr çoxdur. Bəzi Quran ayələrində bu məsələ Allaha aid edilir. Əslində, bu, Allahın günahda israrlı olan insanlar üçün nəzərdə tutduğu bir cəza növüdür. Çünki pis əməlləri gözlərində gözəlləşdikcə onun arxasınca daha çox düşür, özlərini dünyada və axirətdə daha çox rüsvay və bədbəxt edirlər. Quran ayəsində belə deyilir:

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ

“Həqiqətən, axirət gününə iman gətirməyənlərin əməllərini nəzərlərində zinətləndirdik.” (“Nəml” surəsi, ayə 4.)

Digər bir ayədə bu iş şeytan əməli kimi göstərilir. Məsələn, “Ənam” surəsinin 43-cü ayəsində nəsihət qəbul etməyən, inadkar kafir dəstələr barəsində belə buyurulur:

وَلَـكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُواْ يَعْمَلُونَ

“Lakin onların qəlbləri daşlaşdı və Şeytan etdikləri işləri bəzəyərək onlara gözəl göstərdi.”

Bəzən də Quran ayələrində bu məsələ bütlərin adına yazılır. Ayədə deyilir:

وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلاَدِهِمْ شُرَكَآؤُهُمْ

“Və beləcə şərikləri (bütlər) müşriklərin çoxuna övladlarını öldürməyi gözəl göstərdilər...” (“Ənam” surəsi, ayə 137.)

Bəzi ayələrdə, o cümlədən, bəhs etdiyimiz ayədə bu məsələ məchul bir feil şəklində qeyd olunur. “Beləcə israf edənlərin əməlləri onların gözlərində zinətləndirildi.” Azacıq diqqət etsək, aydın olar ki, bu kimi ibarələrin bir-biri ilə əsla ziddiyyəti yoxdur. Əksinə onlar bir-birini tamamlayır. Bəzən zinət amili əməlin təkrarlanmasıdır, çünki pis bir əməli təkrar etmək tədricən onun qəbahətini azaldır və elə bir mərhələyə çatdırır ki, insan artıq o əmələ əhəmiyyət vermir. Yenə də davam edərsə, artıq sahibinin gözündə yaxşı bir əməl kimi görünməyə başlayır, zəncir kimi onun əl-ayağına sarılır və bu tələdən çıxmağa icazə vermir. Bu məsələni böyük canilərin həyatını mütaliə etməklə təcrübə edə bilərik.

Bəzən də pis əməl təkrar olunmasa belə, nəfsin vəsvəsələri daxildən, şeytanın vəsvəsələri isə xaricdən onu insanın nəzərində bəzəyir, günaha gözəl don geyindirir. İş o yerə gəlib çatır ki, insan böyük bir günahı öz dini, ya da insani vəzifəsi qəbul edərək yerinə yetirir. Məsələn, hansısa şəxsin qeybətini etməyin vacib olduğunu düşünür. Halbuki o adamın heç bir təqsiri yoxdur. Bu durumda qeybət kimi çirkin işi insanın gözündə bəzəyən paxıllıq amilidir. Tarixin səhifələrini vərəqləsək, belə hallara çox rast gələ bilərik. Canilərin etdikləri cinayətlər nəfsi istəklərə və şeytanın vəsvəsələrinə uyğun olduğuna görə, bu əməllərini nəinki pis saymamış, hətta onlarla fəxr etmişlər.

Bəzən Allah-Taala bəzi insanları inadkarlıqlarına və nəsihət qəbul etmədiklərinə görə cəzalandırmaq istəyir. Onları cəzalandırmağın yollarından biri də budur ki, pis əməlləri onların gözündə bəzəyir; bu, onları daha böyük rüsvaylığa və daha ağır cəzaya tərəf sürükləyir. Buna da diqqət etmək lazımdır ki, “feillərdə tövhid” prinsipinə əsasən, bu aləmdə baş verən hər bir iş və təsiri Allahın adına yazmaq olar. Ona görə ki, səbəblər səbəbi və amillər amili məhz Onun pak zatıdır. Əlbəttə ki, bu, insanlara günah əməlləri ilə bağlı haqq qazandıra bilməz. İnsana güc və qüvvət bəxş etmiş Allah həmd və sənaya layiqdir. Bu güc və qüvvəti günah işə sərf edənlər isə lənətə layiqdir.

Bəzən yaradılışın təbiəti tələb edir ki, bir şey aldadıcı, bərbəzəkli olsun. Necə ki, “Ali-İmran” surəsinin 14-cü ayəsində deyilir:

زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ... ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا

“Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar... arzu edilən dünya mallarının məhəbbəti insanlar üçün zinətləndirilmişdir (ki, bu yolla sınağa çəkilsinlər).”

Pis və xoşagəlməz işləri gözlərdə gözəlləşdirən amillərdən biri də onu təkrar etməkdir. Bu əməlləri təkrar etmək insanın canında, ruhunda böyük təsir qoyur və onun əxlaqını, rəftarını alt-üst edir. Həmçinin xeyirxah bir işi davamlı şəkildə görməklə onu insanın daxilində bir vərdişə çevirmək də mümkündür. Buna görə də nəfsin tərbiyəsi və əxlaqi keyfiyyətlərin tərəqqisi üçün çalışanlar xeyirxah, gözəl əməlləri təkrar etməkdən yardım almalı, pis əməlləri təkrar etməkdən çəkinməlidirlər; çünki birincisi xeyirxah köməkçi, digəri isə qəddar düşməndir. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.178-181.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru