250 yaşlı insan - 9

250 yaşlı insan - 9

İmam Həsənin (ə) sülhündən sonra bir cərəyan öz yerini başqa bir cərəyana verdi, hakimiyyət bir cinahdan başqa bir cinaha keçdi. Bu iki cinahın fərqləri nədən ibarət idi? Yerlərini dəyişdirən bu iki cərəyan hansı xüsusiyyətlərə malik idilər? Bu birinci məsələdir. İkinci məsələ budur ki, hakimiyyəti ələ keçirən batil qüvvələrin hakimiyyətə gəlmək üsulları hansılar idi? Üçüncü məsələ budur ki, hakimiyyəti əldən verən haqq qüvvələrinin, yəni İmam Həsən (ə) cinahının batil cinah qarşısında müqavimət üsulları hansılar idi? O hansı üsul və metodlardan istifadə edirdi? Dördüncüsü məğlubiyyətin təhlilidir. Haqq cinahı nə üçün məğlub oldu? Bunu necə təhlil etmək olar? Beşincisi qalib qrupun məğlub qrupla rəftarına aiddir. Çox ibarətamiz məsələlərdən biri budur. Altıncısı məğlub qrupun qalib qrup qarşısında rəftarı necə idi? Onlar hansı siyasəti və strategiyanı seçdilər və bunun nəticəsi nə oldu? Yeddinci isə aqibət və sonucdur.

İki cinahın səciyyələrinə gəlincə, onların hər birinin çoxlu xüsusiyyəti vardı. Bir-bir saysam, çox uzanar; mən xülasə etmişəm: İmam Həsənin (ə) haqq cinahı birinciliyi dinə verirdi, onun üçün əsas məsələ din idi. Yəni din həm xalqın imanında, etiqadında və əməlində qalsın, xalq imanda və əməldə dinə etiqadlı və sadiq olsun, həm də din cəmiyyətin idarəsində meyar seçilsin. Onlar üçün əsas məsələ cəmiyyətin din hakimiyyəti altında idarə olunması və İslam quruluşunun yaranması idi, hakimiyyətdə olmaq ikinci, üçüncü və dördüncü dərəcəli məsələ idi. Əsas məsələ bu idi ki, quruluş və cəmiyyət dini qanunlarla idarə olunsun, insanların qəlbində iman yaşasın və güclənsin. Birinci cinahın əsas səciyyəsi bu idi. İkinci cinah üçün birinci dərəcəli məsələ isə nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək idi. İkinci cinaha hakim siyasət bundan ibarət idi. Onlar üçün əsas məsələ nəyin bahasına və hansı yolla olursa-olsun hakimiyyəti ələ keçirmək və onu saxlamaq idi.

Bu, dünya siyasətçilərinin də adətən idtifadə etdikləri üsuldur. Onlar üçün dəyər və prinsiplər birinci dərəcəli əhəmiyyət kəsb etmir. Nəzərdə tutduqları prinsipləri qoruya bilsələr, qoruyurlar, bacarmasalar, kənara qoyurlar. Onlar üçün əsas məsələ hakimiyyəti saxlamaqdır. Önəmli olan budur. Bu çox həssas və mühüm meyardır. Hər iki cinahın dinin zahiri məsələlərinə əməl etməsi mümkündür. Necə ki, Əmirəlmömininlə (ə) Müaviyə arasındakı döyüşdə belə idi. Siffeyn döyüşündə imamın qoşununun bir hissəsində çaşqınlıq yarandı. Bəzi adamların beyinlərində bir şübhə oyanır, özləri həll edə bilmir, sanballı bir şəxsə də müraciət etmirlər, sonra həmin şübhəni yaymağa və öz ətraflarında yanlış düşünən bir çevrə yaratmağa başlayırlar. Şübhəyə düşmüş belə adamların bir neçəsi dedi ki, biz nə üçün bir-birimizlə vuruşmalıyıq; onlar da namaz qılırlar, biz də; onlar da Quran oxuyurlar, biz də; onlar da Peyğəmbərin (s) adını çəkirlər, biz də. Beləliklə onlarda döyüşə qarşı tərəddüd yarandı. Əmmar Yasir İslamın erkən tarixində ayıqlıq baxımından xüsusi adamlardandır. O, həmin gün çox şübhəli və zərif məsələləri təhlil edir, insanları maarifləndirirdi. İslam tarixində Əmmar Yasirin ampluası budur. Biz Malik Əjdəri xəncəri və şücaəti ilə tanıyırıqsa, Əmmar Yasiri də sözü, düşüncəsi, dəqiq baxışı və tarixdə çox təsirli maarifçiliyi ilə tanımalıyıq. Həzrət Əlinin (ə) dövründə Əmmar Yasirin olmadığı, iştirak etmədiyi şübhəli yerlər azdır. Bu şəxsiyyət bu baxımdan möhtəşəm rol oynamışdır.

Əmmar Yasir bəzi adamlarda şübhə oyandığından xəbərdar olan kimi özünü çatdırıb həqiqətləri bəyan etdi. Onlara başa saldı ki, məsələ yalnız zahiri işlərdən, onun da, sənin də namaz qılmandan ibarət deyil. O, Allaha and içib dedi ki, mən başqa bir döyüşdə də bu iki bayrağı bir-birinin qarşısında görmüşəm. Əmirəlmömininin (ə) bu gün ucaltdığı bu bayraq Bədr döyüşündə bu gün Müaviyənin ucaltdığı bayrağın qarşısında ucalmışdı. Bədr döyüşündə də bu iki bayraq – Bəni-Haşim və Bəni-Üməyyə bayraqları bir-birinə qarşı dayanmışdı. Bu bayrağın altında əziz Peyğəmbər (s) və Əmirəlmöminin vardı, o bayrağın altında isə Müaviyə və atası. Bunların ixtilafları köklü ixtilafdır, zahiri məsələlərə baxmayın. O beləliklə bu insanları şübhədən çıxarırdı.

Bəzən hakimiyyətə birinci dərəcəli önəm verən bu cinah İslamın zahiri məsələlərinə də riayət edir. Bu dəlil deyil. Məsələnin mahiyyətinə baxıb diqqətlə ayırd etmək lazımdır ki, hansı cinah haraya uyğundur. Bu birinci məsələ. Yəni bu iki cinahın səciyyəsi budur: bir tərəfdə hakimiyyətə, bir tərəfdə isə prinsiplərə, dəyərlərə, İslam əsaslarına və İslamın təməl təfəkkürlərinə rəğbət vardır; yəni İslam dəyərlərini qəbul etmək, onlar üçün çalışmaq, mübarizə aparmaq. Bir tərəfdə müsbət fundamentalizm və prinsipial dəyərləri qorumaq var, bir tərəfdə isə hakimiyyətə gəlmək, nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək. Bu birinci məsələ.

Batil cinahın hansı metodlardan istifadə etməsi də çox mühüm məsələdir. Ümumiyyətlə, batil metodlar bir neçə amilin sintezidir. Yəni Müaviyənin hakimiyyəti qorumağa və gücləndirməyə dair planı bir neçə hissədən təşkil olunmuşdu. Bu hissələrin hər birinin müəyyən funksiyası vardı. Bu amillərin biri güc işlətməkdir. Bəzi yerlərdə çox zorakı vasitələrdən istifadə edilir. Şər qüvvələrin ən effektiv üsullarından biri puldur. Başqa bir amil təbliğat, dördüncüsü siyasətcillik, siyasi loyallıqdır. Müaviyənin metodları bunlar idi.

Müaviyənin şiddət və zorakılığı bəzən elə bir həddə çatır ki, Peyğəmbər (s) səhabəsi olan Hücr ibn Ədini də qətlə yetirir. Bu ona baha başa gəlir, amma öldürür. Rüşeyd Həcərini təqib edir və nəhayət öldürür. Atasının kim olduğu bilinməyən, zalım, vəzifəpərəst və qəddar bir adam olan Ziyadı Şiə və vilayət təfəkkürünün mərkəzi olan Kufəyə vali təyin edir və ona istədiyi işi görməyə icazə verir. Tarixçilər yazmışlar ki, o ən xırda gümanla insanları tutub zindanlara salır, işgəncə verir, Peyğəmbər (s) ailəsi və məğlub cinahla əməkdaşlıqda ittiham olunan hər bir kəsi öldürür, məhv edirdi.[1] Şiəliyin və Peyğəmbər (s) ailəsinin hakimiyyətinin paytaxtı olan Kufə və İraqda vəziyyət belə idi. Müaviyə bəzən belə şiddət göstərirdi.

Bəzən də bir qarı Müaviyəni söyməyə, pisləməyə və cinayətlərindən danışmağa başlayır. Müaviyə isə ona hörmət və sevgi göstərir, heç bir söz demir. Görmə qabiliyyətini itirmiş Ədi ibn Hatəm Müaviyənin yanına gəlir. Müaviyə deyir ki, Ədi, Əli (ə) səninlə insaflı davranmadı. Sən iki övladını Əlinin (ə) mənimlə döyüşlərində əldən verdin, amma o özünün iki övladını - Həsən və Hüseyni (ə) qoruyub saxladı. Ədi ibn Hatəm ağlayıb dedi ki, Müaviyə, mən Əli (ə) ilə insaflı rəftar etmədim. Əli (ə) şəhid olub Allaha qovuşdu, mən isə hələ sağam.[2]  Bəzən Müaviyənin iştirak etdiyi məclislərdə Əhli-beytə bağlı olanlardan kimsə Əliyə (ə) qarşı ən kiçik təhqir eşidib şücaət və qüdrətlə açıq şəkildə Müaviyəyə və onun tərəfdarlarına hücum edir, Müaviyə isə gülüb mehribanlıq nümayiş etdirir, hətta bəzən ağlayır və deyirdi ki, doğrudur. Sizin üçün inanılmaz görünə bilər, amma bu həqiqətdir. Təbliğat belədir. Təbliğat tarix boyu batilin istifadə etdiyi ən zəhərli və ən təhlükəli vasitələrdən olmuşdur. Haqq cinahı heç zaman batil cinahı kimi təbliğatdan istifadə edə bilməz. Çünki təbliğatın tam şəkildə beyinləri dəyişməsi üçün aktyorluğa, yalan və hiyləyə ehtiyacı var. Haqq cinahı yalan və hiylə tərəfdarı deyil, batil cinah üçün isə heç bir məhdudiyyət yoxdur. Əhəmiyyətli olan budur ki, bir məsələ xalqın gözündə ayrı cür görünsün. Bunun üçün bütün vasitələrdən istifadə edirlər və etdilər.

Bunu dəfələrlə eşitmisiniz: Əmirəlmöminin (ə) mehrabda şəhid ediləndə Şam əhalisi təəccübləndi ki, Əli (ə) mehrabda nə edirmiş? Mehrab namaz qılanların yeridir. Bəzi adamlar buna inanmırlar, amma bu həqiqətdir. Müaviyənin və ondan öncə böyük qardaşı Yezid ibn Əbu Süfyanın Şamda vali olduğu illərdə elə təbliğat aparmışdılar ki, bundan ayrısını düşünə bilməzdilər. Bəni-Üməyyə və Müaviyənin xeyrinə və Peyğəmbər (s) ailəsinin əleyhinə təbliğat aparmışdılar. Bu həqiqətdir ki, hicrətin 100-cü ilinə, şəhadətindən təxminən 50 il sonraya qədər İslam dünyasında minbərlər üzərində İmam Əlini (ə) lənətləmişlər. Buna görə deyirəm ki, İslam dünyasında lənət məsələsi Müaviyənin ənənəsi və əxlaqıdır. Bəzi qüvvələr səhabələri lənətləməkdə şiələri ittiham edir və qınayırlar. Bu işi onlar və Müaviyə görmüşdür. "Allahın rəsulundan sonra insanların ən fəzilətlisi"[3], "ən birinci müsəlman"[4] və Peyğəmbərin (s) ən yaxın səhabəsi olan Əmirəlmöminin Əli ibn Əbutalibi (ə) Ömər ibn Əbdüləzizin xilafətinə qədər on illərlə minbərlərdə pisləmiş və lənətləmişlər. O, xəlifə olandan sonra bunu qadağan etdi. Əbdülməlik ibn Mərvandan sonra oğulları Vəlid və Süleyman bir-birinin ardınca təxminən 12-13 il hakimiyyətdə oldular. Onlardan sonra Ömər ibn Əbdüləziz xəlifə seçildi. Təxminən iki il sonra  Əbdülməlikin daha iki oğlu - Yezid və Hişam xilafət kürsüsündə oturdu. Ömər ibn Əbdüləziz bunun qarşısını aldı, heç kəsi Əmirəlmöminini (ə) lənətləməyə qoymadı. O zamana qədər isə lənətləyirdirlər. Bir iş bu idi. Bəli, camaat əvvəlcə təəccüblənirdi, sonra isə yavaş-yavaş alışdı.

Tarixdə oxudum ki, Müaviyənin və onun canişinlərinin hakimiyyətinin İslam dünyasında Əhli-beyti məzəmmət və Əhli-beyt düşmənlərini tərif edən hədis qoşmağa və ayə təfsir etməyə məcbur etmədikləri bir qiraətçi, hədisşünas və rəvayətçi qalmadı. Məşhur rəvayətçilərdən və Peyğəmbər (s) səhabələrindən olan Səmürə ibn Cündəb Peyğəmbərin (s) qəzəbləndiyi bir şəxsdir. Məşhur əhvalatda deyilir ki, onun bir ailəyə məxsus torpaqda bir xurma ağacı vardı. O, ağacına baş çəkmək üçün həmin ailəyə xəbər vermədən ailə-uşağın oturduğu yerdə birdən-birə həyətə girirdi. Onlar Peyğəmbərə (s) şikayət etdilər. Peyğəmbər (s) dedi ki, xurma ağacını ev sahibinə sat. Dedi ki, satmıram, öz ağacımdır və ağacıma baş çəkmək istəyirəm. Buyurdu ki, mənə sat. Bunu da qəbul etmədi. Dedi filan qədər pul verərəm, yenə qəbul etmədi. Buyurdu ki, cənnətdə bir ağac verərəm; yəni əslində ona cənnət vəd etdi. Dedi ki, satmıram, mən məhz bu ağacımı istəyirəm. Belə olanda Peyğəmbər (s) ev sahibinə dedi ki, get bunun ağacını kəs, at bayıra, götürüb aparsın. İslamda mülk və mal bəhanəsi ilə xalqa əziyyət vermək yolverilməzdir.[5]  Bizim fiqh qaydalarımızdan olan məşhur "La zərər" hədisi bu adama aiddir. Səmürə ibn Cündəb Müaviyənin dövrünə qədər yaşadı. Bəxtə baxın, Müaviyə də o zaman səhabələri axtarırdı. Peyğəmbər (s) səhabələri cəmiyyətdə möhtərəm sayılırdılar. Müaviyə onları öz ətrafına topladı, bunu da çağırdı. Ona dedi ki, "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır"[6] ayəsini Əli ibn Əbutalibə (ə) aid etməni istəyirəm. Çünki Müaviyə Əmirəlmömininin (ə) sözlərindən xəbərdar idi və dünyaya dair Nəhcül-bəlağədə də qeyd olunmuş güclü xütbələrinin güclü təsir buraxdığını bilirdi.

Bu gün kimsə hər hansı mövzuda son dərəcə səlis, gözəl və sənətkarcasına bir şeir, kitab, yaxud məqalə yazsa, təbii ki, həmin mövzu oturuşar, əsərin müəllifi də xalqın gözündə ucalar. Əmirəlmömininin (ə) sözlərini isə bizim tanıdığımız sənət əsərlərinin həqiqətən heç biri ilə müqayisə etmək olmaz, bunlardan olduqca yüksəkdə durur, bir gözəllik tərənnümüdür. Əmirəlmömininin (ə) Nəhcül-bəlağədəki sözlərinin hamısı İslam dəyərlərindən, İslam təlimlərindən ibarətdir. Bu, Müaviyə üçün əsla dözüləsi və qəbulediləsi deyildi, həm də Əmirəlmömininin (ə) hörmətini artırırdı. O, Əmirəlmömininin (ə) dünyanı məzəmmət edən zahidanə kəlamlardan qurtulmaq istəyirdi. Buna dedi ki, gəl bu ayənin Əli ibn Əbutalib (ə) haqda nazil olduğunu söylə. Yəni Əli ibn Əbutalib (ə) dünya haqqında elə danışır ki, sən təəccüblənirsən, Allaha and da içir, amma İslamın və Allahın ən qatı düşməni odur. De ki, bu ayə Əli (ə) haqda nazil olmuşdur. Başqa bir ayə də var: "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər"[7]. Ona dedi ki, bunun da İbn Mülcəm haqda nazil olduğunu söylə. Müaviyənin buna çox ehtiyacı vardı. Bu, təbliğat üçün ona çox lazım idi. Səmürə ibn Cündəb uşaqlığından əsgər olmuş, hələ həddi-büluğdan öncə döyüşlərdə iştirak etmişdi. Peyğəmbər (s) səhabələrindən olan və Peyğəmbərin (s) kənarında döyüşmüş belə bir şəxs bu ayəni Əmirəlmömininin (ə) əleyhinə təfsir etməli, onun haqqında nazil olduğunu söyləməli idi. Səmürə ibn Cündəb pis və daşürəkli adam idi, amma vicdanı qəbul etmədi, bu işdən boyun qaçırdı. Müaviyə belə işlərdən ötrü vasitəçilik edən adamlarına dedi ki, deyin pul sarıdan nigaran olmasın, ona əlli min dirhəm pul verəcəyik. Əlli min dirhəm o zaman böyük pul idi. Əlli min misqal gümüş ozamankı qiymətlərə görə beş min misqal qızıl demək idi. Bu böyük rəqəm idi. Ona dedilər ki, sənə əlli min pul verəcək. Dedi ki, xeyr, mən qəbul etmirəm. Bəzi təhlilçilər deyirlər ki, Səmürə ibn Cündəb oyunbazlıq edib qiyməti qaldırmaq istəyirdi, vicdanı narahat deyildi; Müaviyənin buna ehtiyaclı olduğunu bilib çənə vururdu. Ya belə idi, ya da həqiqətən vicdanı qəbul etmirdi. Mən orasını bilmir və Səmürənin günahlarını götürmək istəmirəm. Qəbul etməyəndə qiyməti qaldırdılar yüz min dirhəmə. Yenə də qəbul etmədi. Yüz əlli min və iki yüz min dirhəm etdilər, yenə də qədul etmədi. Dəqiq yadımda deyil, güman ki, üç yüz, yaxud beş yüz min dirhəmə qədər böyük bir rəqəm alındı, amma yenə qəbul etmədi.

Müaviyə vasitəçilik edənə dedi ki, bu ağılsız beş yüz minin nə qədər olduğunu bilmir?! Deyin beş yüz min dirhəmi gətirsinlər, nə qədər olduğunu görsün, görək sonra qəbul edəcək, yoxsa yox. Xəzinədar beş yüz min dirhəmi gətirdi. O zaman pulları kisələrə yığırdılar. Hamballar ağır pul kisələrini daşıyıb bir-birinin üzərinə yığdılar və otağın tavanına qədər çatdı. Dedilər ki, beş yüz min dirhəm budur; qəbul edirsən, yoxsa yox. Bu pullara baxıb çox böyük sərvət olduğunu gördü, razılaşdı, ayəni deyilən şəkildə təfsir etdi və kitablarda qaldı. İslam dünyasında belə səhv, rüsvayçı və çərən sözlərin əksəri məhv edildi, sonralar alimlər bunları kənara tulladılar, amma yenə də bəzisi qaldı, bəzi adamların beynində təsir buraxdı. Müaviyə bu işi görürdü, təbliğat aparırdı. Bunlar Müaviyənin hakimiyyətdən ötrü istifadə etdiyi metodları təşkil edir.

Haqq cinahı da bu batil düşmən qarşısında bikar oturmamışdı, onların da öz üsulları vardı. Xülasə şəkildə desək, bu üsullar birinci növbədə qüdrətli müqavimət və fəaliyyətdən ibarətdir. Bəzi adamlar elə bilirlər ki, İmam Həsən Müctəba (ə) vuruşmağa qorxdu. Xeyr! İmam Həsən Müctəba (ə) qətiyyətlə döyüşə qərar vermişdi. O, ən cəsur insanlardandır. Mən müxtəlif hadisələrdə İmam Müctəbanın (ə) qəhrəmanlıqlarını araşdırarkən onların olduqca çox olduğunu gördüm. Əmirəlmömininin (ə) döyüşlərində həzrət Əlinin (ə) özü İmam Həsən (ə) və İmam Hüseynin (ə) təhlükəli yerlərdə vuruşmasına mane olurdu. Bəzi səhabələr deyirdilər ki, Məhəmməd ibn Hənəfiyyəni nə üçün irəliyə göndərirsən, o da oğlundur, İmam Həsəni (ə) və İmam Hüseyni (ə) isə göndərmirsən. Buyururdu ki, Peyğəmbərin (s) nəslinin kəsilməsindən qorxuram, bunlar Peyğəmbərin (s) yeganə varisləridir. Döyüşdə təhlükə hiss edir və bunları qorumağa çalışırdı. Onları sevdiyinə görə belə etmirdi, təbii ki, digər övladlarını da sevirdi. Əlinin (ə) özü təhlükəli döyüşlərə girən adam idi, qorxusu yox idi. Lakin bunlar Peyğəmbər (s) övladları idilər və Əmirəlmöminin (ə) onları təhlükəyə atmaq istəmirdi. Bunlar bu səbəbdən Əmirəlmömininin (ə) döyüşlərində çox öndə olmayıblar. Bu baxımdan onların adları həmin dövrün cəsurları sırasında qeyd olunmamışdır. Lakin İmam Həsən (ə) İrana qarşı İslam döyüşlərindən iştirak etmiş, Əmirəlmömininin (ə) əmri ilə Osmanın evini qiyamçılardan qoruyanda və digər çox əhəmiyyətli hadisələrdə iştirak etmişdir. Cəməl və Siffeyn döyüşlərində də İmam Həsən Müctəbanın (ə) üzərinə olduqca önəmli işlər düşmüşdür. Mən xüsusən Siffeyn və Cəməl döyüşlərində İmam Həsənin (ə) adını çox görmüşəm, İmam Hüseynin (ə) adını isə az. Yəni İmam Həsən Müctəba (ə) döyüşlərdə hətta İmam Hüseyindən (ə) artıq iştirak etmişdir. O, müharibədə, siyasətdə və nitqdə güclü idi. İnsan İmam Həsən Müctəbanın (ə) mübahisələrini oxuyanda heyrətə gəlir. Bu qədər güclü və qüdrətlidir. Sülh məsələsində və ondan sonra İmam Həsəndən (ə) elə qətiyyətli və güclü sözlər nəql olunmuşdur ki, bəzi nümunələrdə həzrət Əlinin (ə) sözlərindən də güclü və sərt olduğu nəzərə çarpır. Mən Əmirəlmömininin (ə) sözlərində düşmənlərə qarşı belə qüdrət və sərtliyi az görmüşəm. Bəlkə də ona görə ki, Əmirəlmöminin (ə) bu qədər həyasız və xəbis düşmənlərlə yaxın ünsiyyətdə olmamışdır. Deyilənlərə əsasən, İmam Həsənin (ə) işlərində heç bir qüsur yoxdur. Qüsur dövrün şəraitindədir. Onun üsullarından biri mümkün həddə müdafiə üçün qüdrətli müqavimət göstərməkdir. Bəzi yerlərdə qüdrətli müqavimət ziyanla tamamlanır. Üsulu dəyişmək və üsul seçimində manevr etmək mühüm və lazımlı məsələdir.

İkincisi təbliğatdır. Haqq cinahında təbliğatın olduqca böyük əhəmiyyəti var. Lakin qeyd etdiyim kimi, təbliğat məsələsində haqq cinahı üçün məhdudiyyətlər var; hər bir üsul və metoddan istifadə edə bilmir, yalnız haqqı və həqiqəti söyləyirlər. Xalqın zehnində özünün xoşladığı bəzi məsələlər var, batil cinahı onları xalqın sevdiyi şəkildə bəyan etməkdən çəkinmir, haqq cinahı isə acı da olsa, haqqı söyləyir. Əmirəlmöminin (ə) öz səhabələri ilə danışanda bəzən elə acı danışır ki, insan təəccüb edir. Biz üsullarımızı həmin üsullara oxşatmağı sevsək də, bəzi yerlərdə hətta təəccüb edirik. Müaviyə heç vaxt bunu etmirdi. Müaviyə xalqa yaltaqlanırdı. Müaviyə nəyin bahasına olursa-olsun, xalqın dəstəyini qazanmağa çalışırdı. Əli ibn Əbutalib (ə) isə bu işi görmürdü. Bu o demək deyil ki, bunu bilmirdi. Əslində bu, təqvanın, dəyərlərin ziddinədir və Əli ibn Əbutalibin (ə) özü buyurub ki, təqva məsələsi olmasaydı, mən Müaviyədən zirək olardım.[8]  Həqiqət də budur. Əlinin (ə) əsil-nəsəbi, Peyğəmbərə (s) yaxınlığı, böyük nailiyyətləri, güclü beyni və ruhu vardı. Məlum məsələdir ki, o, Müaviyədən bilikli, peşəkar və zirəkdir və çox işlər görə bilər, lakin haqq icazə vermir.

Başqa bir üsul dəyərləri qorumağa isrardır. Haqq cinahında böyük əhəmiyyət kəsb edən amillərdən biri budur, nəyin bahasına olursa-olsun dəyərləri qorumağa israrlıdırlar və məktəbin qorunduğu həddə qədər geri çəkilirlər. Bunu da diqqətdən qaçırmayın. Yəni haqq tərəf müqavimətinin məktəbin özünün təhlükəyə düşməsi ilə nəticələndiyini görəndə geri çəkilməyə utanmır. İmam Hüseyn (ə) buyurdu ki, mən məğlubiyyəti qəbul edərəm, amma cəhənnəm oduna daxil olmaram.[9]  Bəzi adamlar müəyyən yerlərdə hansısa işi görməyi eyib saydıqlarına görə ilahi əzaba düçar olarlar. Eyib niyə olur?! Əsas budur ki, insan Allahın razılığını qazansın, vəzifəsini yerinə yetirsin; bir sözdən dönmək, bir xətdən qayıtmaq və bir mövqedən geri çəkilməklə olsa belə. Allah nəyi istəyirsə, nədən razıdırsa, o da olmalıdır. Baxın, bu, imamların həyatında bir qaydadır. İmam Həsənin (ə) həyatında da belədir. İmam Həsən (ə) zərurəti və reallığı nəzərə alıb Müaviyə ilə sülhü qəbul etdi, halbuki o vaxta qədər daim qoşun göndərir, döyüşə həvəsləndirir, qüvvə cəlb edir, məktub yazır və güclü bir döyüş üçün lazım olan hər bir işi görürdü. Sonra isə mümkün olmadığını görüb sülhü qəbul etdi və bu zaman hətta yaxın dostları da ondan üz çevirdilər... İmam Həsən (ə) sülhü qəbul edəndən sonra ürəklərində müharibəni istəməyən çoxları sevindilər. Amma bəlkə onlar da İmam Həsəni (ə) qınamağa başladılar ki, sən nə üçün sözündən döndün. Mən adlarını çəkmək istəmirəm; hətta yaxın adamlar, böyük səhabələr və bəzi dəyərli şəxslər də İmam Həsənə (ə) xoşagəlməz sözlər dedilər. O həzrət isə məktəbi qorumaq üçün geri çəkildi.

Növbəti məsələ haqq cinahının məğlubiyyətinin təhlilidir. İmam Həsənin (ə) məğlubiyyətinin səbəbi ümumi ayıqlığın zəifliyindən ibarət idi. Əsas səbəb bu və imanın maddi maraqlara qarışması idi. Xalq olduqca avam idi, imanı da maddi məsələlərə qarışmışdı. Onlar üçün maddiyyat birinci dərəcəli əhəmiyyətə malik idi. Dəyərlərin zəifləməsi İmam Həsənin (ə) sülhündən təxminən on beş il öncə, tədricən başlamışdı, ayrıseçkilik və digər bu kimi məsələlər yaranmışdı. Bütün bunlar İmam Həsənin (ə) müqavimət göstərə bilməməsinə bais oldu.

Qalib tərəfin məğlub tərəflə rəftarına gəlincə isə, İmam Həsəni (ə) və tərəfdarlarını həbs etmək, yaxud öldürmək əvəzinə zahirdə çox hörmətlə davrandılar, imamla görüşdülər, çox hörmət bildirdilər, əslində isə şəxsiyyəti məhv etməyə və zəiflətməyə başladılar. Şəxsiyyəti məhv etməyi planlaşdırıb şəxsi qorudular. Onların üsulu bu idi və qeyd etdiyim kimi, bunu təbliğatda prioritet seçdilər.

Məğlub tərəf qalib tərəfə nə etdi? Onlar bu strategiyanı seçdilər ki, çox qarışıq, fitnəli, təhlükəli və zəhərli bir şəraitdə bir haqq çevrəsi formalaşdırsınlar və İslamı qorumağın əsas şərti kimi onu idarə və inkişaf etdirsinlər. Fikirləşdilər ki, bütün cəmiyyəti düzgün İslam təfəkküründə saxlaya bilmiriksə, zəif və tənəzzüldə olan böyük bir çevrəyə enerji sərf etmək yerinə, düzgün xətdə olan güclü çevrəni məhdud dairədə qoruyaq; o yaşasın və əsl İslamın təminatçısı olsun. İmam Həsən (ə) bu işi gördü, məhdud bir çevrə yaratdı, daha doğrusu, onu idarə etdi. Bu çevrə Əhli-beyt səhabələri və Şiə cinahıdır. Bunlar İslam tarixi və repressiya dövrləri boyunca qaldılar və İslamın yaşamasına səbəb oldular. Bunlar olmasaydı, hər şey kökündən dəyişərdi. Bu imamət çevrəsi və Əhli-beyt baxışı həqiqi İslamın yaşamasını təmin etdi.

Sonuca gəlincə isə, qalib və güclü qrup İslam dünyası tərəfindən qınaq obyektinə çevrildi, məğlublar və zəif sayılanlar isə qalib və fateh oldular. Bu gün baxsanız, görərsiniz ki, İslam dünyasında mövcud fikirlər aşağı-yuxarı İmam Həsən Müctəbanın (ə) və Əmirəlmömininin (ə) təbliğ etdikləridir, Müaviyənin, ondan sonra Yezidin, daha sonralar Əbdülməlikin, Mərvanın və digər Əməvi xəlifələrinin təbliğ etdiklərii deyil. Onların fikirləri tamamilə məğlub və məhv oldu, tarixdə qalmadı. Onların düşüncəsini Nasibilik adlandırmaq olar. Nasibilik güman ki, bu gün İslam dünyasında tərəfdarı qalmayan bir firqədir. Nasibilər Peyğəmbər (s) ailəsini söyənlər, onların müsəlman olmasını qəbul etməyənlərdir. Onların fikri bu idi. Əgər Müaviyə fateh və qalib olsaydı, bu gün İslam dünyasına həmin təfəkkür hakim olardı, halbuki əksinə, Əmirəlmömininin (ə) və İmam Həsənin (ə) düşüncəsi hakimdir. Bəzi ikinci dərəcəli məsələlərdə fikirlər eynilə qalsa da, ümumilikdə belədir. Deməli, İmam Həsən (ə) və onun cinahı qalib oldu. Bu, bütün İslam tarixində təsiri baxımından İmam Həsənin (ə) sülhünə qısa baxış idi.



[1]"Bihar əl-ənvar", c. 44, səh. 214

[2]"Əd-Dərəcat ər-Rəfiə", səh. 360

[3]"Əl-Kafi", c. 15, səh. 201

[4]"Əvalim əl-ülum vəl-məarif", c. 11, səh. 383

[5]"Mən la yəhzuruhu əl-fəqih", c. 4, səh. 334

[6]Bəqərə/204

[7]Bəqərə/207

[8]"Əl-Kafi", c. 8, səh. 24

[9]"Bihar əl-ənvar", c. 75, səh. 128

 

Google+ WhatsApp ok.ru