Əxlaqi keyfiyyətlər və rəzil sifətlərin formalaşmasında mədəniyyətin rolu-1

Əxlaqi keyfiyyətlər və rəzil sifətlərin formalaşmasında mədəniyyətin rolu-1

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Mədəniyyət insanın fikrini, ruhiyyəsini və əsas hədəfini formalaşdıran amillər məcmusudur. Cəmiyyətdə mövcud etiqadlar, adət-ənənələr, dəblər, qaydalar, ədəbiyyat, incəsənət həmin cəmiyyətin mədəniyyətini təşkil edir. Əgər bunlar fəzilət meyarı ətrafında dönərsə, insanın ali keyfiyyətlərinin formalaşması və nəfslərin tərbiyəsi üçün olduqca münasib bir zəmin yaradacaqdır. Yox əgər əxlaqi rəzilətlər ətrafında dönərsə, mühiti rəzilliklər, mənfi xüsusiyyətlərin qəbulu üçün hazırlayacaqdır. Quran ayələrində bu sahədə çox aydın nümunələr gözə dəyir. Bu ayələr göstərir ki, düzgün yoldan sapmış qədim xalqlar öz batil adət-ənənələrinə, cahil qanunlarına və geridəqalmış mədəniyyətlərinə görə əxlaqi rəzilliklərin qorxunc uçurumundan aşağı yuvarlanmışdır. Nümunə olaraq:
 
وَإِذَا فَعَلُواْ فَاحِشَةً قَالُواْ وَجَدْنَا عَلَيْهَا آبَاءنَا وَاللّهُ أَمَرَنَا بِهَا قُلْ إِنَّ اللّهَ لاَ يَأْمُرُ بِالْفَحْشَاء أَتَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ
 
“Onlar pis bir iş gördükləri zaman: “atalarımızdan belə gördük; bizə bunu Allah əmr etmişdir!” – deyərlər. De: “Allah (əsla) pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?” (“Əraf” surəsi, ayə 28.)
 
Hər bir xalqın mədəniyyəti fərdlərin əxlaqi keyfiyyətlərinin formalaşmasında həlledici rol oynayır. Ali dəyərlərə malik mədəniyyətlər ali keyfiyyətli insanlar yetişdirir. Mürtəce və naqis əməllərə aludə olmuş mədəniyyətlər də əxlaqi rəzillikləri inkişaf etdirir. Sözügedən ayədə azğınlaşmış şeytansifət bir dəstənin bəhanəsindən söz açılır. Onlar öz çirkin əməllərinə davam etməkdədirlər. Davranışlarının dəlilini soruşanda deyirlər ki, bu bizim ata-babalarımızdan qalmış adət-ənənələrdir. Onlar daha da irəli gedib deyirlər ki, Allah da bizə belə olmağa əmr etmişdir. Bu minvalla, keçmiş nəsillərin adət-ənənələrini əməllərinin yaxşı olmasına dəlil gətirər, hətta ilahi hökmə bir dəlil kimi qeyd edərlər. Onlar nəinki bu çirkin, xoşagəlməz işdən və ona aid əxlaqi rəzilətlərdən utanmazlar, hətta ona haqq qazandırıb fəxr edərlər. Başqa bir ayədə belə buyurulur:
 
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ
 
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq”, – deyərlər. Görəsən, ataları hətta bir şey anlamayıb, hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna davam edəcəklər)?!” (“Bəqərə” surəsi, ayə 170.)
 
Bu ayədə uyğun məsələ başqa bir formada irəli sürülür. Quran Muhəmməd peyğəmbərə (s) nazil olmuş qayda-qanunlara tabe olmağı təklif edəndə onlar təkəbbür və lövğalıqla deyirdilər: “Xeyr! Biz bunu etmərik. Biz atalarımızı necə görmüşüksə, elə də yaşayarıq.” Bu gedişatla cahil qanunlar və əxlaqi rəzilliklər onların mədəniyyətində olduğu üçün, onları ilahi ayələrdən və Quranın dəlillərindən daha dəyərli sayırdılar. Qurani-Kərimdə onlar haqqında belə deyilir: “Onların ata-babaları nadan və yollarından azmış deyildilərmi? (Nə üçün o nadan azğınların adət-ənənələrini Quranın həyat bəxş edən aydın ayələrindən üstün tuturlar?)”
 
“Ənbiya” surəsinin 52-53-cü ayələrində də belə buyurlur:
 
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَ. قَالُوا وَجَدْنَا آبَاءنَا لَهَا عَابِدِينَ
 
“Bir zaman (İbrahim) öz atasına (Azər) və qövmünə dedi: “Bu nə heykəllərdir ki, siz həmişə təzim və itaətkarlıqla onlara ibadət edirsiniz?!” Dedilər: “Biz atalarımızı onlara ibadət edən görmüşük.”
 
Ba ayədə yenə də yanlış adət və mədəniyyətin əxlaqa zidd təsirlərindən, İbrahim peyğəmbərlə (ə) Babil bütpərəstlərinin arasında baş vermiş hadisələrdən söz açılır. İbrahim peyğəmbər (ə) onları cansız bütlərə sitayiş etdikləri üçün (bu mənasız işdən əl çəkmədiklərini görüb) qınayanda, belə cavab verdilər: “Həmişə ata-babalarımızı onlara ibadət edərkən gördüyümüz üçün biz də belə edirik”. Məhz burada Həzrət İbrahim (ə) bu kor-koranə təqlidə sərt etiraz edərək dedi: “Şübhəsiz ki, siz və atalarınız aşkar azğınlıqda olmusunuz”. Lakin bu aşkar zəlalət nəsildən nəslə keçərək mədəniyyət şəklini almışdı. Beləliklə, onun qəbahətli olmasının qəbul edilməsi bir yana, hətta cahil kütlənin fəxr etməsinə də səbəb olurdu. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.168-170.)
 
 
Ardı var...
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru