Əmirəlmöminin Əlinin (ə) siyasi kursu-1

Əmirəlmöminin Əlinin (ə) siyasi kursu-1

Mehriban və bağışlayan Allahın adı ilə!
 
Bu gün Əmirəlmömininə (ə) aid olan bir gündür. Bəşəriyyət Ramazan ayının 21-ci gecəsi Həzrət Əlini (ə) əldən verdi. Əmirəlmömininin (ə) cismi, səsi, isti nəfəsi və nüfuzlu baxışları bəşərin ogünkü dünyasından geri alındı. Lakin Həzrət Əlini (ə) hər kəs özündə yaşaya bilər. Hər kəs öz əməllərində sanki Həzrət Əli (ə) hər an qarşısındaymış kimi yaşaya bilər. Bu şərtlə ki, biz Əmirəlmömininin (ə) xarakter və təbiətini, davranışlarını bir nümunə olaraq diqqət mərkəzində saxlayaq. Mən bu gün sizə – əziz qardaş və bacılarımıza Əmirəlmöminin Əlinin (ə) iftixarla dolu həyat yolu, həmçinin onun qısamüddətli, lakin parlaq hakimiyyət dövrü barədə danışacağam və konkret bir mövzu ətrafında bir neçə mühüm məsələni qeyd etmək istəyirəm ki, bu da Həzrət Əlinin (ə) siyasi kursudur. Bir məqamı daim nəzərdə saxlamaq və diqqət yetirmək lazımdır ki, Əmirəlmömininin (ə) siyasi kursu heç bir zaman onun mənəvi və əxlaqi keyfiyyətlərindən ayrı olmamışdır. Həzrət Əlinin (ə) siyasəti daima mənəviyyatla, əxlaqla çulğalaşmışdır; Həzrət Əlinin (ə) siyasəti, əslində, onun mənəviyyatından və əxlaqından qaynaqlanır. Siyasət əxlaqdan qaynaqlandıqda, mənbəyini mənəviyyatdan aldıqda həmin siyasətlə üzləşən insanların mükəmməlləşməsi üçün bir vasitə rolunu oynayır; onları Behiştə aparan bir yola çevrilir. Lakin siyasət əxlaqdan ayrıldıqda, mənəviyyatdan uzaqlaşdıqda siyasətbazlığa – nə yolla olursa-olsun, hakimiyyət, var-dövlət əldə etmək, bu dünyada öz işini irəli aparmaq üçün lazım olan vasitəyə çevrilir. Belə bir siyasət, sözün həqiqi mənasında, bəlaya çevrilir. Məhz belə bir siyasət siyasətçinin özü üçün də, yürüdülən bu siyasəti öz həyatında yaşamaq məcburiyyətində qalan digər insanlar üçün də böyük bəlaya çevrilir.
 
Həzrət Əli (ə) üç böyük müharibə və minlərlə insan itkisinin nəticəsi olan həmin hakimiyyət haqqında (“Nəhcül-bəlağə”dən bu barədə lazımi məlumat ala bilərsiniz) elə ifadələr işlədir ki, bu ifadələr Əmirəlmömininin (ə) gözündə bu hakimiyyətin nə qədər dəyərsiz, cılız olduğunu göstərir. Həzrət Əli (ə) İbn Abbasa xitabən hakimiyyəti öz köhnə ayaqqabısının düyün düşmüş bağından daha dəyərsiz adlandırır. Başqa bir yerdə isə əlində olan hakimiyyət barədə belə buyurur:
 
وَلَأَلْفَيْتُمْ دُنْيَاكُمْ هَذِهِ أَزْهَدَ عِنْدِي مِنْ عَفْطَةِ عَنْزٍ
 
“Bir keçinin asqırması nəticəsində əmələ gələn rütubətin həyati əhəmiyyətli rütubət kimi nə qiyməti ola bilər? Heç bir!”
 
Ardınca buyurur: “Bu hakimiyyət, bu güc-qüdrət, bu taxt-tac Əli üçün bundan daha dəyərsiz və əhəmiyyətsizdir.”
 
Həmin xütbənin başqa bir yerində hakimiyyəti nəyə görə qəbul etdiyi barədə belə bir arqument gətirir:
 
لَوْ لَا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ
 
“Əgər camaatın (mənə beyət etmək üçün) iştirakı və toplantısı olmasaydı və höccətin tamamlanmasına kömək olunmasaydı, xilafət dəvəsinin yüyənini boşlayar və ondan əl çəkərdim...” Gördüm ki, insanlar gəlirlər, bu barədə israr edirlər, öz köməklərini təklif edirlər, mən də qəbul etdim.
 
Yenə bu barədə arqument gətirərkən belə buyurur:
 
وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ لَا سَغَبِ مَظْلُومٍ 
 
“Allahın (hər cəmiyyətdə) alimlərdən, tox zalımlar və ac məzlumlar qarşısında susmamaqla bağlı aldığı əhdi (və boyunlarına qoyduğu məsuliyyət) olmasaydı, xilafət dəvəsinin yüyənini boşlayar və ondan əl çəkərdim...” Uca Yaradan alimlərin, bilicilərin öhdəsində belə bir vəzifə müəyyənləşdirmişdir ki, zalımın toxluğuna, məzlumun isə aclığına və yoxsulluğuna səbir etməsinlər, buna dözməsinlər.”
 
Bax, bu kimi işlər Əmirəlmöminini (ə) hakimiyyətə tərəf çəkir, yaxud da onu özünə ədalətsizcəsinə təzyiq göstərənlərə qarşı müqavimətə, mübarizəyə və hətta müharibəyə qalxmağa məcbur edir. Yoxsa Həzrət Əli (ə) üçün hakimiyyətin heç bir dəyəri yoxdur.
 
Həzrət Əlinin (ə) siyasətində özünəməxsus xüsusiyyətlərdən biri budur: hiylə və yalandan uzaq durmaq. O Həzrətdən (ə) bir cümlə ilə belə rəvayət olunur:
 
لَولَا التُّقى لَكُنتُ أدهَى العَرَبِ
 
“Təqva mənim əl-ayağımı bağlamasaydı, hiyləgərliyə və məkrliliyə ərəbin bütün hiyləgər və məkrli insanlarından daha yaxşı bələd olardım.”
 
Başqa bir yerdə isə rəvayətdə gəlib çatan məlumata əsasən, Əmirəlmöminin (ə) özünü Müaviyə ilə müqayisə edərkən (belə ki, Müaviyə hakimiyyətdə məkrliliyi və fənd işlətmək bacarığı ilə məşhur idi) belə buyurmuşdur:
 
وَاللَّهِ مَا مُعَاوِيَةُ بِأَدْهَى مِنِّي
 
“And olsun Allaha ki, Müaviyə məndən zirək deyil.” Lakin Əli nə edə bilər? Təqva və əxlaqa riayət etmək yolunu tutubsa, əl-qolu və dili bağlanıb.”
 
Əmirəlmömininin (ə) metodu, bax budur! Təqva olmayan yerdə insanın əl-qolu və dili açıqdır; istədiyini deyə bilər, həqiqətin əksinə olanı da deyə bilər, böhtan ata bilər, insanlara yalan danışa bilər, vədinə xilaf çıxa bilər, hətta haqq yolun düşmənləri ilə dostlaşa da bilər. Təqva olmayanda vəziyyət belə olur. (Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Tehranda qıldığı cümə namazının xütbələrindən bir parça – 11/09/2009.)
 
Maide.az
 

Google+ WhatsApp ok.ru