Arakan müsəlmanları Banqladeşə qayıtmaq barədə: “Bizi ölümə yollayırlar”

Arakan müsəlmanları Banqladeşə qayıtmaq barədə: “Bizi ölümə yollayırlar”

Myanmadakı hərbi əməliyyatlardan və zorakılıqdan qaçaraq Banqladeşə sığınan 700 min Arakan müsəlmanı yaxınlarda ölkələrinə geri göndəriləcək.
 
Banqladeş sərhədindəki qaçqın düşərgəsində qorxu hökm sürür.
 
Myanma və Banqladeş arasındakı razılaşmaya əsasən rəsmilər təqribən 2 min nəfərdən ibarət qrupu düşərgədən çıxarmağa başlamalıdırlar.
 
Lakin onlardan bir çoxu gizlənib, bir qismi isə qaçıb və ya getmək istəmir. Ona görə də əməliyyat təxirə salınıb.
 
Fransanın AFP xəbər agentliyinə müsahibə verən banqladeşli qaçqınlara cavabdeh olan rəsmi "düşərgədə görüşdüyümüz 50 ailə arasında bu şərtlərlə geri qayıtmaq istədiyini deyən olmadı. Kimsəni istəmədiyi təqdirdə geri qayıtmağa məcbur edə bilmərik" deyib.
 
Bundan başqa, prosesin qeyri-müəyyənliyi qaçqınlar arasında təşvişi artırır.
 
Myanma ordusunun ötən ilki əməliyyatlarının ardından yayılan zorakılıq dalğasından sonra 300 min Arakan müsəlmanı ölkələrindən qaçaraq Banqladeşin sərhədində yerləşən Koks Bazar şəhərindəki qaçqın düşərgələrinə sığınmışdılar.
 
İnsan haqları təşkilatları Arakan müsəlmanlarının məcburi geri göndərilməsinin riskli olduğunu deyirlər
Lakin Mynama və Banqladeş arasındakı razılaşma qaçqınların mərhələli şəkildə geri göndərilməsini nəzərdə tutur.
 
BMT və insan haqqları təşkilatları isə Myanmada təhlükə davam edərkən insanların ölkəsinə geri qayıtmağa məcbur edilməyəcəyi barədə xəbərdarlıq edib.
 
Narahatlıqların başlıca səbəbi geri göndəriləcək Arakan müsəlmanlarının təhlükəsizliyini təmin edəcək mexanizmin olmamasıdır.
 
"Bizi ölümə yollayırlar"
BBC-nin müxbiri Yogita Limaye bu düşərgələrdən birində qaçqınlarla görüşüb.
 
Myanmaya ilk göndəriləcək qrupun siyahısında yer alan 40 yaşlı ata deyir ki, "geri qayıtmaqdan qorxuram. Əmin deyiləm. Məncə, geri qayıtsaq, bizi öldürəcəklər".
 
Cümə axşamı düşərgədəki minlərlə qaçqın geri göndərilməyə etiraz ediblər
 
Narahat olan daha bir çox başqa qaçqın kimi o da öz ailəsinə gizlənməyi tövsiyə edib.
 
"Tək bir şərtlə ölkəyə qayıdarıq, o da bizə vətəndaşlıq verilsə" deyir:
 
"Geri qayıtmağa məcburuqsa, bu, bizim taleyimizdir. Lakin mən, bizi oraya ölməyə yolladıqlarını düşünürəm".
 
Myanmada çox sayda qohumu öldürüldükdən sonra həyat yoldaşı və oğulları ilə Banqladeşə qaçan bir qaçqın da "Bizə vəhşicəsinə işgəncə verdilər. Ordu bizi tapdı, insanları öldürdü, evləri yandırdı, uşaqları alovun içinə atdı" deyərkən ağlamağa başlayır.
 
"Ən böyük qorxuları nədir?"
 
Arakan müsəlmanlarının ən böyük qorxusu kəndlərini yandırmaqda ittiham etdikləri buddist qruplarla bərabər yaşamağa məcburi ediləcəkləridir.
 
Bu qrupların yenə ordu tərəfindən qorunacağını düşünürlər.
 
Onların çoxu kəndlərindəki rəsmilərin bütün Arakan müsəlmanlarını qanunsuz və təhlükəli mühacirlər, hətta "terrorçular" kimi xarakterizə etdiklərini söyləyirlər.
 
Myanma hökuməti geri qayıdanlar üçün sağlamlıq və qida yardımını təmin edən müvəqqəti sığınacaq mərkəzlərini qurmaqdan bəhs edir.
 
Beynəlxalq müşahidəçilər isə problemin əsası olan etnik zorakılıq və nifrətlə mübarizə başa çatmadan insanların evlərinə təhlükəsiz və etibarlı şəkildə qayıda bilməyəcəkləri fikrindədirlər.
 
BMT əvvəlki aylarda istintaq hesabatı yayımlayaraq Myanmada hərbi liderlərin "soyqırım ittihamı" ilə mühakimə edilməsi barədə çağırış etmişdi.
 
Myanma ordusu isə BMT-nin bu iddialarını rədd etmişdi. / bbc /

Google+ WhatsApp ok.ru