Ara məsafəsi neçə metr olmalıdır? – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Azərbaycanda baş verən avtomobil qəzalarınin bir hissəsi sürücülərin düzgün ara məsafəsi saxlamamasına görə baş verir. Sürücülərin böyük hissəsi avtomobilini qarşıdakı maşina yaxınlaşdırmağın nə qədər təhlükəli olduğunu hələ də tam dərk etmir. Onlardan fərqli olaraq sığorta şirkətlərinin əməkdaşları ara məsafəsinin pozulmasının ağır nəticələrini bilirlər. Sığorta ekspertləri bildirirlər ki, qəzaların böyük hissəsi qarşıda gedən avtomobilin qəflətən əyləci basması və ya üstünlük tələbinin pozulması nəticəsində  baş verir. Yəni, arxadan gələn avtomobil düzgün ara məsafəsi saxlamadığı üçün  qarşıdakı avtomobilə çırpılır.
 
“Ara məsafəsinə görə bir gündə 20 qəza baş vermişdi”
 
“Xalq Sığorta” şirkətinin sığorta hadisələri departamentiin rəhbəri Aqşin Yusifzadə  fins.az-a bildirib ki, sığorta hadisələrinin bir hissəsi məhz ara məsafəsini düzgün saxlamamağa görə baş verir: “Məsələn, mart ayında Bakıya güclü yağış yağması nəticəsində bir gündə 20-yə yaxın avtomobil qəzası baş verib. Belə ki, yağışlı havada görmə məsafəsi aşağı düşür. Yol nisbətən sürüşkən olur və «tormoz yolu» da uzanır. Amma sürücülər buna diqqət yetirmirlər və ehtiyatlı davranmırlar. Nəticədə  qəzaların sayı xeyli artır”. 
 
Bəs ara məsafəsi nə qədər olmalıdır?
 
Qanunda ara məsafəsi ilə bağlı konkret bir tələb yoxdur. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən aslı olaraq müəyyən edilməlidir. Amma fins.az-ın rəyini soruşduğu ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif ediblər. 
 
Birinci üsul: «2 saniyə» qaydası 
 
Ekspert Ərşad Hüseynov fins.az-a bildirib ki, beynəlxalq təcrübəyə əsasən sürücülər minimum 2 saniyə qət edəcəkləri məsafə qədər ara məsafəsi saxlamalıdırlar. Məsələn, avtomobil  60 km/saat sürətlə hərəkət edirsə, onun 1 saniyədə getdiyi yol 17 metr təşkil edir. Ona görə də bu sürətli avtomobil qarşısındakı maşınla orta hesabla 34 metr ara məsafəsi saxlamalıdır. 90 km/saat (saniyədə 25 metr) sürətlə gedərkən  ara məsafəsi 50 metr,  120 km/saat (saniyədə 33,3 metr) sürətlə isə 67 metr ara məsafəsi olmalıdır. 
 
İkinci üsul:  sürət həddinin yarısı
 
Yol hərəkəti üzrə ekspert Razim Bayramov  isə düzgün ara məsafəsinin saxlanılması üçün digər üsul təklif edir. Belə ki, sürücü minimum sürət göstəricisinin yarısı qədər ara məsafəsi saxladığı zaman avtomobili arxayınlıqla idarə edə bilər.Məsələn, ideal yolda 90 km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsü 45 metr ara məsafəsi gözləməlidir. Bu onu baş verə biləcək qəza riskindən qorumuş olur. R.Bayromov bildirib ki, sürücü qarşıdakı avtomobillə yanaşı onun qəza riskini də nəzərə almalıdır. Belə ki, qarşıdakı avtomobil qəzaya uğradıqdan sonra həmin maneə onun avtomobilinə də çırpıla bilər.
Üçüncü üsul: tıxaclarda ara məsafəsi 
 
Ekspertlər bildirirlər ki, şəhər yollarında, xüsusilə də tıxaclarda da ara məsafəsi gözlənilməlidir. Adətən sürücülər tıxaclarda 1-2 metr ara məsafəsi saxlayırlar. İlk baxışdan təhlükəli görünməsə də, qarşıda kiçik toqquşma tıxaclarda xeyli avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb olur. Ona görə, hər bir halda təhlükəsiz hərəkət üçün düzgün ara məsafəsi saxlanılmalıdır. Ekspertlər hesab edirlər ki, şəhər içində  ara məsafəsi minimum elə saxlanılmalıdır ki, sürücü qarşıdakı avtomobilin altındakı asfalt örtüyü görə bilsin.
 
Dördüncü üsul: «Tormoz yolu»
 
R.Bayramov bildirib ki, sürücülər sürət həddinə görə də, ara məsafəsini düzgün müəyyən edə bilərlər:” Azərbayca yollarında əsasən 3 sürət həddi gözlənilir. 60km/saat, 90 km/saat və 120 km/saat sürət seçərkən  sürücülər tormozlama yolunun nə qədər olduğunu bilməklə araməsafəsini düzgün müəyyən edə bilərlər: “Məsələn, quru ideal yolda sürücü 60 km/saat sürətlə avtomobili idarə edirsə, əyləci basdıqda avtomobil 46 metr məsafədən sonra dayanır. Yol yaş olduqda eyni sürətə görə tormozlama yolu 52 metrə qədər artır”.  Avtomobil 90 km/saat sürətlə hərəkətdə olan zaman quru və yaş yolda tormozlama məsafəsi 63-76 metr, 120 km/saat sürətlə hərəkət edərkən 113-210 metrə çatır.  R.Bayramov bildirib ki, sürücülər sürət həddinə görə, tormozlama yolunu bilməlidirlər ki, qarşıya  qəflətən piyada çıxan zaman onu vurmasın. Və yaxud  düzgün ara məsafəsi saxlayaraq  baş verə biləcək qəzadan yayına bilsin.
 
Beşinci üsul: Qaranlıqda görmə məsafəsi 
 
Onun sözlərinə görə, araməsafəsindən əvvəl görmə məsafəsi və sürət düzgün seçilməlidir. Məsələn, avtomobilin yaxın işıqları 50 metr olduğu halda gecə saatlarında 60 km/saat sürət deyil, daha aşağı sürət təyin edilməlidir. Sürətin görmə məsafəsinə uyğun olaraq seçilməsi  yola qəflətən maneə çıxması və ya qarşıdakı avtomobilin qəflətən dayanması zamanı sürücüyə manevr etməyə imkan verir. Sadə şəkildə desək, sürücü avtomobili dərhal saxlaya bilər və yaxud qəzadan yayınma imkanı qazanar. /

Google+ WhatsApp ok.ru