Astara rayonunda özünü yandıran şəxs danışdı

Yolumuz Astara rayonun Qacimardə kəndinədir. Bu kənd Kijabə ərazi vahidinə daxildir.
 
Kijabə qəsəbə ərazisindən keçən yol asfaltlaşdırılıb. Lakin Qacimardə kəndinə gedən yol yararsız vəziyyətdədir. Kəndə piyada getməli olduq. Məqsədimiz martın 16-da özünü yandırmağa cəhd edən Natiq Xurşudova baş çəkmək idi. Natiq Xurşudovun evini tapmaq elə də çətin olmadı. Onun yaşadığı yer kəndin girəcəyində, dağ yamacında yerləşir. Balaca bir komadır. Gildən hörülüb. Evin bir otağı və balaca bir mətbəxi var. Özlərinin dediklərinə görə, 6 nəfərlik ailə burda yaşayır. Natiq Xurşudov yataqda idi. Üzünün alt hissəsi, boynu, sinəsi, hər iki qolunun altı yanıb. Çətinliklə danışır.
 
Deməsinə görə, işsizdir. Ona görə də ünvanlı dövlət sosial yardımına ehtiyacı var: «Keçən il 225 manat yardım alırdım. Bu illəri getdim idarəyə, mənə dedilər ki, sənə çox yazarıq. Mən də dedim ki, prezidentin qərarıdır, yardımdır, kasıb ailələrə verilir. Çox vermədilər, 197 manat yazdılar. Dedilər ki, çox danışsan sənə vermərik. Mən də dedim ki, cibinizdən vermirsiniz ki? Düşmürsə kəsin. Dəvədən böyük fil var. Mənə dedilər ki, gələrsən, 28 manatı cibimizdən verərik. Ona görə getdim ora».
 
«TƏHQİRƏ DÖZƏ BİLMƏDİM, ÖZÜMÜ YANDIRDIM»
 
Natiq Xurşudov deyir ki, ilaxır çərşənbəyə heç nələri olmadığı üçün yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsinə üz tutub:
 
«Qalığı almaq üçün kart saldım, olmadı. Getdim idarəyə, mənə dedilər ki, 3-də gəl. 3-də getdim, məni təhqir etdilər. Təhqirə dözə bilmədim, özümü yandırdım. Orduda xidmət eləmişəm, özü də ön cəbhədə. Evim-eşiyim görün nə gündədir? İş versinlər, işləyim. Balalarımı saxlayım. Suyum da yoxdur, çörək də. Hələ, mənə deyirlər ki, içkili olmuşam. İçkili adam özünü yandırarmı? Mən həmin günü səhərdən axşama kimi idarəyə bir neçə dəfə baş çəkmişəm. Dilimə yavan çörək də dəyməmişdi. Siqareti ondan-bundan alırdım. Heç içki içmirəm. Gəlib yoxlasınlar, haqq yerini tapsın».
 
UŞAQLARI MƏKTƏBƏ GETMİR…
 
Natiq Xurşudovun 4 övladı var, dördü də qızdır. Böyüyün 8, kiçiyin isə 3 yaşı var. Natiq Xurşudovun anası Akifə Xurşudovanın deməsinə görə, uşaqları məktəbə göndərməyə geyimləri yoxdur. Dərs ləvazimatlarını ala bilmirlər. Özü və həyat yoldaşı xəstədirlər. Aldıqları pensiyaları dərmana gedir. Buna görə də övladlarına kömək göstərə bilmirlər:
 
«Mən və bütün ailə üzvlərimiz YAP-ın üzvü olmuşuq. İlham Əliyevə dəstək vermişik. O yaxşı adamdır. Martın 16-da gecəyarısı oğlumu xəstəxanada tapmışam. Gedib onun üçün nisyə dərman almışam. Bu günə qədər heç kim maraqlanmayıb. Gah deyirlər, içkili olub, gah da deyirlər, idarəni yandırmaq istəyib. Bunlar hamısı yalandır».
 
​«MƏN İNFARKT KEÇİRMİŞƏM, O İSƏ…»
 
Ananın dediyinə görə, bir neçə KİV-ə müraciət edərək baş verənləri işıqlandırmağı xahiş ediblər. Lakin hamısı imtina edib:
 
«Biz valideynlər ikinci oğlumuzla yaşayırıq. O da heç yerdə işləmir. Ehtiyac içində yaşayır. Ərim 35 il kənd məktəbində direktor olub. Mən infarkt keçirmişəm, o isə mədəaltı vəzidən, böyrək ağrılarından əziyyət çəkir. Daim müalicə alırıq. Balalarımız da bu vəziyyətdə».
 
«KÖMƏK İSTƏYİRİK»
 
Natiq Xurşudovun 8 yaşlı qızı göz yaşlarını saxlaya bilmir. Bircə, «kömək istəyirik» deyə bilir.
 
Natiq Xurşudov özünə od vurandan sonra mərkəzi xəstəxanaya yerləşdirilib. Müalicə başa çatmamış gecə ikən evə buraxılıb. Xəstəxanadan bizə bildirdilər ki, ona ilkin yardım edilib. Səhhətində ciddi təhlükə olmayıb, yüngül xəsarət alıb, evə buraxılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin müdiri ilə isə əlaqə saxlamaq mümkün olmadı.
 
BAŞ VERƏNLƏRƏ RƏSMİ MÜNASİBƏT
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi isə bir neçə gün öncə Astara rayon sakini Natiq Xurşudovun özünü yandırmaq istəməsi olayına münasibət bildirib. Şöbə müdiri Elman Babayev deyib ki, o, özünə xəsarəti sosial müavinət ala bilməməsinə görə yetirməyib.
 
E.Babayev bildirib ki, N.Xurşudovun ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Ancaq N.Xurşudov qardaşı Fəxrəddin Xurşudovun ailəsinə də ünvanlı dövlət sosial yardımı təyin olunması üçün idarəyə müraciət edib. Bu müraciətinə isə müsbət cavab ala bilməyib:
 
«Qüvvədə olmuş qanunvericilikdə ailənin aylıq kredit öhdəliyinin orta aylıq gəlirinin 50 faizindən çox olması ünvanlı dövlət sosial yardımının təyin olunmasına imkan vermir. Fəxrəddin Xurşudovun ailəsinin də belə kredit öhdəliyi olduğundan, həmin ailəyə ünvanlı dövlət sosial yardımının verilməsindən imtina edilib. O zaman N.Xurşudova bu barədə rəsmi izahat verilib. Bu günlərdə yenidən mərkəzə müraciət edən N.Xurşudova bildirilib ki, bu il fevralın 5-də təsdiq edilmiş yeni qaydalarda artıq kredit öhdəliyinin olması ünvanlı dövlət sosial yardımının təyin olunmasına mane olmur. Yəni, artıq sosial yardımın alınması üçün kredit məhdudiyyəti aradan qalxıb. Eyni zamanda, N.Xurşudova izah edilib ki, cari il fevralın 15-dən ölkəmizdə ünvanlı dövlət sosial yardım üzrə elektron müraciət və avtomatlaşdırılmış təyinat sistemi tətbiq edilib. Onun bir qədər əvvəl həbs olunmuş qardaşı F.Xurşudovun ailəsi sənədlərini yenidən elektron qaydada və ya poçt şöbəsi vasitəsilə təqdim edə bilər. Onda həmin ailənin sosial yardım almaq hüququna heç bir məmur iştirakı olmadan, avtomatlaşdırılmış qaydada baxılıb qərar veriləcək. Lakin N.Xurşudov elektron qaydada müraciət edilməyəcəyini bildirərək, dərhal onun qardaşının ailəsinə sosial yardım təyin olunmasını tələb edib».
 
Elman Babayev qeyd edib ki, N.Xurşudov qanunvericiliyin tələblərinə uyğun müraciət edərsə, yenidən onun müraciətinə baxıla bilər.
 
Kijabə qəsəbə icra nümayəndəliyindən isə hadisə ilə bağlı münasibət bildirmək istəmədilər.
 
XİLAS EDİLƏN PİŞİK…
 
Martın 23-də saytların birində «Lənkəranda 1 sutka ağacda ac-susuz qalan pişik xilas edildi» başlıqlı bir xəbər diqqətimizi cəlb etdi. Həmin xəbərdə deyilirdi ki, bir pişik hündürlüyü 20 metr olan ağaca dırmaşıb və düşə bilmir: «Əraziyə xilasedici avtomaşın çağırılıb. Pişik heç bir xəsarət almadan xilas edilib. Xilas edilən pişik sahibinə təhvil verilib. Dərhal ona su və yemək verilib. Daha sonra pişik müayinə olmaqdan ötrü baytarlıq idarəsinə aparılıb».
 
(azadliq.org)

Google+ WhatsApp ok.ru