AŞURA MƏKTƏBİNİN ÖZƏLLİKLƏRİ

AŞURA MƏKTƏBİNİN ÖZƏLLİKLƏRİ

İmam Hüseyn (ə) başda olmaqla Kərbəla şəhidlərinin adı və xatirəsinə həsr olunmuş əzadarlıq məclisləri böyük bir məktəbdir; zülm və haqsızlıq müqabilində müqavimət məktəbi, ixlas və fədakarlıq məktəbi. Bu məktəbin digər məktəb və universitetlələrlə fərqi olduqca böyükdür:

İlk fərq bundan ibarətdir ki, universitetlərin dünyanın hər bir nöqtəsində şöbə və filialları olmur. İmam Hüseynin (ə) rəhbərlik etdiyi Aşura məktəbinin isə hər yerdə şöbə və filialı vardır, hətta Afrika kimi dünyanın ən uzaq və ucqar nöqtələrində belə bu məktəbin filialları fəaliyyət göstərməkdədir. Ustad Qəraəti deyirdi ki, Zimbabveyə səfərimdə bir şiə ailəsi ilə rastlaşdım.

İkinci fərq: Aşura məktəbinin şagird və tələbəsi olmaq üçün imtahan vermək, müsabiqədə iştirak etmək lazım deyil. Kimliyindən və keçmişindən asılı olmayaraq, hər kim istəsə, bu universitetin tələbəsi ola bilər. Hər bir universitet məhdud sayda tələbə qəbul edirsə, imam Hüseyn (ə) məktəbinin üzvləri və tələbələri məhdud deyil və o həzrətin məktəbinə üzv olmaq və məclisində iştirak etmək azaddır. Hər il imam Hüseyn (ə) ziyarətinə üz tutan 20-30 milyonluq Ərbəin yürüşü iddiamıza sübutdur. Hətta imam Hüseyn (ə) əzadarları içərisində digər din və məzhəblərin mənsubları da görünməkdədir.

Üçüncü fərq: Aşura məktəbinin Əliəsğər adlı altı aylıq müəllimi var və bu məktəbin müəllimi və yaxud tələbəsi olmaq üçün də yaş məhdudiyyəti yoxdur.

Dördüncü fərq: Aşura məktəbində məzuniyyət yoxdur. Ümumiyyətlə, İslamda məzuniyyətdən söz gedə bilməz. Allah-Taala Öz Peyğəmbərinə xitabən buyurur:

قُلْ رَبِّ زِدْنِي عِلْمًا

“De: Ey Rəbbim, mənim elmimi artır!(“Taha” surəsi, ayə 4.)

Yəni ey Peyğəmbər, peyğəmbər olsan da, məzun deyilsən. Peyğəmbərdən (s) belə nəql olunur: “Gecə yatana qədər elmimə bir şey artırılmazsa, həmin gün mənim üçün mübarək gün ola bilməz.” Hətta Allah-Taala Musa peyğəmbərə əmr verir ki, get həzrət Xızırın şagirdi ol. Yəni Musa (ə) “ulul-əzm” peyğəmbər olsa da öyrənməlidir.

Beşinci fərq: Heç bir universitetdə fədakarlıq, sədaqət və vəfadarlıq fakultəsi yoxdur. Aşura məktəbi isə, ədəb, ehtiram, fədakarlıq və vəfadarlıq simvoludur. Yusif peyğəmbərin (s) on qardaşı var idi, amma vəfasız idilər. İmam Hüseynin (ə) isə bir qardaşı var idi, vəfadarlığın zirvəsi idi.O da həzrət Əbülfəzl-Abbas (ə) idi.

Altıncı fərq: Aşura məktəbində məğrurluq, təkəbbürlülük və özündənrazılıq yoxdur. Digər məktəb və universitetlərdə isə diplom alanlar məğrur olur, özünü ziyalı, savadlı zümrəsindən hesab edir. Kərbəlada görürük ki, imam Hüseyn (ə) namaz qılarkən səhabələr o həzrətin keşiyində dayanır və hətta bədənləri oxlara tuş gəlib çoxlu yara alaraq şəhadətə yetirlər. Onlar şəhadətə yetməzdən öncə İmamdan (ə) soruşurlar: “Məndən razısanmı?”

Baxın, canını qurban verir və ömrünün sonunda soruşur ki, məndən razısanmı? Bəli, İmam Hüseyn (ə) məktəbinin tələbələri canlarını fəda edirlər, amma məğrur olmurlar.

Elm ocaqları nadanı alim etsə də, yatanı ayılda bilmir; qeyrətsizi qeyrətli edə bilmir. Amma imam Hüseyn (ə) məktəbi moizə və rövzələri ilə insana qeyrət, namus, ixlas və müqavimət aşılayır. Bu məktəbin üzvləri əzadarlıq məclislərinə eşqlə gəlirlər, hətta belə məclislərdə iştirak etmək üçün öz ciblərindən pul xərcləyirlər. Digər məktəb və elm ocaqlarında isə, müəllimə pul və maaş verilməzsə, sinifə girməz, tədris etməzlər.

Yeddinci fərq: Elm ocaqları beyni işlədirsə, Aşura məktəbi qəlbi riqqətə gətirir. Başqa sözlə, Aşura deyiləsi və yazılası məktəb deyil, dadılası bir məktəbdir.

Səkkizinci fərq: İnsan təhsil aldığı məktəb və universitetdən naumid ola bilər, Aşura məktəbində isə ümidsizlikdən söz gedə bilməz. Universitetlərdə elm varsa, aramlıq yoxdur, Aşura isə aramlıq məktəbidir.

Aşura məktəbinin gənc tələbəsi Həzrət Qasim (ə) böyük məqam sahibi idi. Qurani-Kərimin ”Ali-İmran” surəsinin 97-ci ayəsində gücü çatan hər bir kəsin həccə getməsindən söz açılır və buyurulur:

وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً

Onun yoluna (maddiyyat, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.

Ziyarətə gedən hər bir kəs təvaf etməlidir. ”Həcc” surəsinin 9-cu ayəsində buyurulur:

وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ

“Qədim evi (Kəbəni) təvaf etsinlər!

Demək, imkanı olan hər bir kəs həccə getməli və ən azı Kəbə evini iyirmi bir dəfə təvaf etməlidir; yeddi dəfə ümrə məqsədilə, yeddi dəfə həcc məqsədilə, yeddi dəfə də vida və yaxud qadınlar təvafı məqsədilə. Bu məsələdə heç bir istisna yoxdur. Hətta hər il həccə gedən imam Zaman ağa da bu iyirmi bir təvafı icra etməlidir. Hər kim də təvaf edirsə, Kəbə evi və İbrahimin (ə) məqamının kənarında yerləşən İsmailin (ə) qəbrinin ətrafını da dövr edirlər. Nə üçün? Məgər İsmail (ə) hansı məqamın sahibi idi?

Həzrət İbrahim (ə) on üç yaşlı oğlu həzrət İsmailə (ə): “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” – dedikdə, İsmail belə cavab verdi: “Atacan! Sənə nə əmr olunursa, onu da et…(“Saffat”/102.)

Həzrət İsmailin (ə) bu məqamına “təslim” deyilir – Allahın əmrinə təslim olmaq. Amma həzrət Qasim (ə) həzrət İsmaillə bir məsələdə fərqlənirdi. Həzrət Qasim (ə) ilahi əmrə təslim olmaqla bərabər, həm də Onun əmrini tam razılıqla qarşıladı. Təslim məqamı ilə razılıq məqamı arasında fərq var. Razılıq (rizayət) məqamı yüksəkdir. Həzrət Qasim (ə) əmisi imam Hüseynin (ə) “Ölümü necə görürsən?” – sualının müqabilində necə də gözəl cavab verir: “Əhla minəl-əsəl – Baldan da şirin!”

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru