Avropada 160 minədək adam İİV-ə yoluxub

Avropada 160 minədək adam İİV-ə yoluxub

Ötən il Avropada 160 minədək adam İİV-ə (insanın immun çatışmazlığı virusu, ingiliscə qısa adı – HIV) yoluxub. Bu halların dörddə üçü Ukrayna və Rusiyada qeydə alınıb. Bunu Avropanın iki səhiyyə agentliyi noyabrın 28-də bildirib.
 
Avropa regionundakı 53 ölkədə son illərə baxanda yeni yoluxma halları azalsa da, bir çox hallarda diaqnozun çox gec qoyulduğu və qurbanda infeksiyanın artıq irəlilədiyi bildirilir.
 
Araşdırmanı Avropada Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi aparıb.
 
Hesabata görə, Avropada İİV-li şəxslərin hər beşindən biri öz durumundan xəbərsizdir. Xəstəliyin aşkarlanması isə onun kəskinləşməsinə səbəb olur.
 
AVROPADA 2 MİLYON NƏFƏR İİV-Ə YOLUXUB
 
Ukrayna və Rusiyada virusunun heteroseksual cinsi əlaqələr və narkotikdən venadaxili istifadə vasitəsilə yayıldığı bildirilir.
 
Hazırda ümumi tendensiya belədir ki, Avropa regionu 2010-cu ilədək HIV/AIDS-in aradan qaldırılmasıyla bağlı BMT-nin hədəfinə çata bilməyəcək.
 
Avropa regionundakı 53 ölkənin cəmi əhalisi 900 milyona yaxındır. Onlardan 508 milyonu Avropa Birliyinin 28 üzv ölkəsində üstəgəl İrlandiya, Lixtenşteyn və Norveçdə yaşayır.
 
Avropada 2 milyon adamın İİV-ə yoluxduğu bildirilir. Dünyada İİV-ə yoluxanların sayı isə 37 milyon nəfərdir.
 
Səhiyyə və ərzaq təhlükəsizliyi üzrə Avropa komissarı Vytenis Andriukaitis-in fikrincə, daha çox irəliləyiş əldə etməkdən ötrü səhiyyə rəsmiləri “İİV infeksiyası və müalicəsiylə bağlı stereotipləri üstələməli, İİV və AIDS-in necə yayılmasına dair saxta inancları dağıtmalıdır”.
 
1980-ci illərdə AIDS epidemiyası yayılmağa başlayandan dünyada 77 milyondan çox adam İİV-ə yoluxub və onların yarıdan çoxu AIDS-dən dünyasını dəyişib.
 
HIV müalicə olunmadıqda AIDS-ə gətirib çıxara bilər. AIDS (QİÇS) – qazanılmış immun çatışmazlığı sindromudur. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru