Avropa Şurasına 130 məhbusun adı təqdim olunub

Avropa Şurasına 130 məhbusun adı təqdim olunub


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir ilkin memorandumu Hüquq və İnsan Haqları Komitəsinə təqdim edib.


Maide.Az "Novator.az"a istinadla bildirir ki, islandiyalı deputat Evarsdottir Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi postuna 2018-ci il iyunun 25-də bu komitənin qərarı ilə gətirilib.


AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı əvvəlki məruzəçisi almaniyalı deputat Kristofer Ştrasser olub. Hüquq və İnsan Haqları Komitəsi Ştrasseri 2009-cu ilin martında məruzəçi təyin edib. Lakin o, vəzifəni faktiki icra edə bilməyib. Ştrasser Bakıya gəlmək üçün bir neçə dəfə Azərbaycan hökumətinə müraciət etsə də, zəruri dəvəti ala bilməyib. Onun Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı hesabat 2013-cü ildə AŞPA-da qəbul edilməyib. Bundan sonra Ştrasser siyasi məhbuslar üzrə məruzəçi postunu tərk edib.


“Turan”ın məlumatına görə, Evarsdottirin yanvarın 22-də İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim etdiyi sənəddə siyasi məhbus sayılan 130 nəfərin adı yer alır.

Məruzəçi xatırladır ki, siyasi məhbus problemi hələ Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olanda narahatlıq yaradıb: “AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında 1272 saylı qətnaməsində (2002-ci il) bildirib ki, heç kim siyasi motivlərlə həbs edilə bilməz. 1359 saylı qətnamədə (2004-cü il) AŞPA Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə çağırıb.

2005-ci ildə Azərbaycanda siyasi məhbuslara dair qətnamə (1457) və tövsiyə (1711) qəbul edilib. Azərbaycanda demokratik institutların fəaliyyəti haqda 1750 saylı qətnamədə də (2010-cu il) bu problemə toxunulub.

2017-ci ildə AŞPA 2184 saylı qətnamədə Azərbaycanda demokratik institutların fəaliyyəti probleminə baxıb, QHT liderləri, hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalistlər, bloqçular və vəkillərin məhkəmə təqibləri, saxlanması ilə bağlı narahatlığını bildirib.

AŞPA 2185 saylı qətnaməsində Azərbaycanı siyasi motivlərlə həbs olunmuş hüquq müdafiəçilərini, jurnalistləri, mülki və siyasi fəalları azad etməyə çağırıb”.

İslandiyalı deputat 2013-cü ildə Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hesabat hazırladığını, lakin bununla bağlı qətnamənin qəbulunun baş tutmadığını xatırladaraq qeyd edir ki, o, eləcə də Hüquq və İnsan Haqları Komitəsi məlumat mənbəyi kimi kənara qoyulmuş həmin məruzəni əsas götürür.

Evarsdottir bildirir ki, Azərbaycan hakimiyyətindən hər hal üzrə şərh aldıqdan sonra öz siyahısını hazırlayacaq.

Məruzəçi qeyd edir ki Azərbaycanda siyasi məhbus kimi tanınmalı və taleyinə AŞPA-da baxılmalı olan insanların sayı çoxdur. O, memorandumda irəli sürülən məsələlərlə bağlı əlavə informasiya almaq üçün komitənin iclasında ekspertlərlə dinləmələr keçirmək və Azərbaycana tanışlıq səfəri etmək istədiyini vurğulayır.

Google+ WhatsApp ok.ru