Ayətullah Cavadi Amuli: `Cahiliyyət təəssübünün olduğu yerdə qılınc hakim olur`

Maide.az xəbər verir ki, Qum Elm Hövzəsi Təhsil Üzvlərinin Üçüncü Qurultayında çıxış edən  Ayətullah Cavadi Amuli əhəmiyyətli fikirlər səsləndirib: "Bəziləri İslamın ilk illərində ilahi bir məsələni, adi sözə çevirməklə imamət və xilafəti qəsb etdilər. İmamət məsələsi digər dünyəvi məsələlərdən deyildi ki, onu şura toplantısı ilə həll etsinlər. Bir qrup insanı dinləyərək və onlarla məsləhətləşərək Allahın himayəçisi və insanlar üzərindəki imamını seçmək mümkündürmü? Bu səbəbdən onlar təkcə Qədir-Xuma hücum etmədilər, əksinə, ilahi bir əmr olan imamətə hücum etdilər."
 
Ayətullah Cavadi Amuli imamət müxalifətçilərinin hər şeydən çox kəlam məsələsinə diqqət etdiklərini söyləyib: "Onlar kəlamı tərs üzünə çevirərək cəmiyyətə təqdim etdilər. Bu, Səqifə toplantısı ilə başlayan bir müddətdir. İmamət ilahi bir əmrdir, buna görə də onun üzərində məşvərət etmək olmaz və imamı xalq seçə bilməz. Quranın dili ilə desək, imamət "əhdullah"dır, yəni Allahın əhdidir. Ancaq onu "əhdunnasa", yəni insanların vədinə çevirdilər. Onlar isməti inkar edərək, bir qədər sakitləşdilər, amma daha sonra başqa problemlərlə qarşılaşdıqda, bu dəfə başqa bir Səqifə toplantısı qurdular. Ağlı inkar etdilər və onu sadəcə dinin sənədi vəziyyətinə saldılar. Halbuki, əvvəllər hər zaman rəvayət uydururdular.
Onlar ağlı zəncirə vurdular və dedilər: Ağıl nəyin yaxşı, nəyin pis olduğunu dərk edə bilməz. Buna görə də, rəhbərliyi rəvayətə təslim etdilər. Sonra da hər cür hədis uydurmağa başladılar.
Bu bir həqiqətdir ki, elmin qərbi, şərqi olmaz. Amma ağlı yağmalasanız və yanından keçsəniz, yerini xurafatlar doldurar. Müsəlmanlar ağlı taladılar, onu Qədir-Xumdan çıxardılar. Yerində zəncirə vurulmuş bir ağıl qaldı. Həqiqi ağlı, yəni Əmirəlmöminini (ə) həyat səhnəsindən uzaqlaşdırdılar. Sonra da həddindən çox rəvayətlər nəql etməyə başladılar. Səqifə toplantısı sadəcə Əmirəlmöminini (ə) siyasətdən uzaqlaşdırmaq idi. Səqifə hərəkəti ilə isməti inkar etdilər və ağlı bir kənara atdılar.
Hamımızın vəzifəsi ağlın əlindən tutub onu yıxıldığı yerdən yuxarı qaldırmaqdır. İcma, kitab və sünnət səviyyəsində deyil, sadəcə, bir növ dəlildir. Onlar icmanı məsum saydıqları üçün kitab və sünnət səviyyəsində tuturdular. Bizlər də kəlam elminə sahib olmadığımız üçün bunu qəbul etdik. İndi icmanın qulağından tutub onu aşağı çəkin və ağlı yuxarı çıxarın. Ağlın nüfuzu və dəyərini ortaya qoyun. Onu kitab və sünnət səviyyəsində görün. "Şəri dəlil varsa, ağla ehtiyac varmı?", - deməyin. Əksinə, şəri dəlili onunla əsaslandırın, onu şəriət yolunun məşəli bilin."
 
Ayətullah Cavadi Amuli daha sonra kəlam elmini hövzənin ləyaqətini qoruyacağına diqqət çəkib və belə deyib: "Elm hövzəsində hörmətli və mötəbər bir şəxsiyyətə aid kəlam kitabı tədris edilməlidir. Çünki kəlam ağlın əlini və ayağını açacaq və dinin insanlar tərəfindən mənimsənilməsinə şərait yaradacaq. Ağıl, imamətin lazım olduğuna və imamın məsum olmasının vacibliyini hökm edir. Bundan başqa, imamətin ilahi bir əhd olduğu və bu vədin Əhli-beytdə (ə) olduğunu kəlam elmi sübut edir."
 
Ayətullah Cavadi Amuli son olaraq belə deyib: "Harada cahiliyyət təəssübü varsa, orada cahiliyyət güclüdür, təsirlidir. Cahilin fəal olduğu yerdə qılınc və zorakılıq hakim olur. İŞİD bu düşüncənin məhsuludur."

Google+ WhatsApp ok.ru