Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavabları - YENİ

Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavabları - YENİ

-- Yeni istiftaat (İyun, 2018)

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavablarını təqdim edir: (Yeni istiftaat - İyun, 2018)
 
"Tərəxxüs həddi"ndə namaz qılmaq(1)
Sual 1: Vətəninə qayıtmaqda olan müsafir tərəxxüs həddinə çatdıqda namazı necə qılmalıdır?
Cavab: Namazı tam qılmaq üçün vətənin tərəxxüs həddinə çatmaq yetərlidir, amma ehtiyat budur ki, şəhərə girənədək namazı təxirə salsın.
 
Sual 2: Bir yerdə on gün qalmaq qəsdi ilə səfərə çıxan müsafirin tərəxxüs həddində namazı necə olmalıdır?
Cavab: On gün qalmağı qəsd etdiyi şəhərin tərəxxüs həddinə çatmaq, ehtiyat vacibə əsasən, namazın tam olmasına gətirib çıxarmır. Ehtiyat vacibə görə, namazı həm tam və həm də qəsr qılsın və yaxud, şəhərə girənədək namazı təxirə salsın.
 
Namazı səssiz oxumaq
Sual 3: Namazın qiraətində sözlər eşidilməyəcək həddə deyilirsə, namazın işkalı varmı?
Cavab: Təkbir, “Həmd”, “Surə”, zikir və dualar insanın özü eşidə biləcək həddə olmalıdır. Əgər karlıq, ağır eşitmə və ya səs-küy səbəbindən öz səsini eşidə bilmirsə, maneə olmadığı halda eşidə biləcəyi həddə oxumalıdır.
 
Namazda yanlış qiraət
Sual 4: Mən namazın sözlərinin düzgün oxunuşuna çox diqqət edirəm və düzgün tələffüz etməyə çalışıram. Gündəlik namazlarda bir neçə dəfə “Kövsər” surəsini oxudum, elə bilirdim ki “وانحر” kəlməsi “ه” hərfi ilədir. Bu üzdən “ه” kimi oxuyurdum. İndi keçmiş namazlarımın hökmü nədir?
Cavab: Qeyd etdiyiniz namazlar, hansı ki düzgün bildiyiniz şəkildə qılmısınız, səhihdir.
 
Şəri məsafənin başlanğıcı
Sual 5: Şəri məsafə tərəxxüs həddindən hesablanmalıdır?
Cavab: Şəri məsafə tərəxxüs hədddindən deyil, yola çıxılan şəhərin qutaracağından hesablanır.
 
Bədən zəifliyinə görə oruc tutmamaq
Sual 6: Mən fiziki baxımdan zəif bir qızam və demək olar ki, ömrüm boyu belə olmuşam. Doqquz yaşımdan etibarən oruc tutmalıydım, amma müxtəlif səbəblərdən, o cümlədən səhlənkarlıq, zəiflik, dərs oxumaq, heyz vaxtımın pozulması ucbatından oruclarımı tam tuta bilmədim. Ramazandan sonrakı aylarda da məktəbə getmək, ümumi zəiflik, tənbəllik və digər səbəblərdən qəzasını da yerinə yetirə bilmədim. Hazırda keçmiş oruclarımdan təxminən 161 gün qəza varımdır. Vəzifəm nədir? Bədən zəifliyim son iki-üç ildə daha artıb, bir ayda iki-üç gün, bəlkə də az oruc tuta bilirəm.
Cavab: Sırf bəzi üzrlər səbəbindən orucu tərk etmək caiz deyil. Odur ki, sualda fərz edilənə əsasən mübarək Ramazan ayının orucunu sırf sizə orucun vacib olmadığı ehtimalı ilə qəsdən iftar etmisinizsə, qəzadan əlavə, kəffarə də boynunuza gəlir. Yox, əgər orucu yemək zərər qorxusu səbəbindən və qorxunun da mənşəyi ağlabatan səbəblərdən olubsa, yaxud oruca dözmək sizə böyük məşəqqətlər bahasına başa gəlirdisə, siz də çətinlik çəkdiyinizdən orucunuzu yeyirdinizsə, orucu açmaq sizə caiz olmuşdur; qəzalarını yerinə yetirməlisiniz, kəffarəsi isə vacib deyil. Digər tərəfdən qəza orucları heç bir şəri üzr olmadan gələn Ramazan ayınadək təxirə salınıbsa, hər gün üçün təxir kəffarəsi, yəni bir müdd təam (təxminən 750 q buğda, çörək və kimi şeylər) ödəməlisiniz.
 
Valideynin əmrinə itaət edib oruc tutmamaq
Sual 7: Bu il imtahanım var. Nəzərə alsaq ki, Ramazan ayı imtahandan qabağa düşür, oruc halda mütaliə etmək olduqca çətindir. Çünki keçən ildə bu halı yaşamışam; oruc tutdum və imtahanda istənilən nəticəni əldə etmədim. Ailəm məcbur edir ki, dərsimi yaxşı oxuyum, oruc tutmayım! Bu halda vəzifəm nədir? Ata-anamın icbari göstərişinə əməl edim, yoxsa onların ziddinə gedim?
Cavab: Sırf qeyd edilənlərə görə orucu tərk etmək olmaz. Vacib əməlik tərk edilməsində də ata-anaya itaət caiz deyil.
 
İmtahana görə oruc tutmamaq
Sual 8: Yekun və ya universitet imtahanlarının əhəmiyyət və həllediciliyini nəzərə alaraq oruc tutmayıb sonra ilk fürsətdə qəzasını yerinə yetirmək olarmı?
Cavab: Sırf bu və ya digər şeylərə görə orucu tərk etmək olmaz; oruc tutulmadığı təqdirdə qəzasından əlavə, qəsdən orucu açmağın kəffarəsi də vardır. Əlbəttə, məlum olduğu kimi zöhr namazından öncə ən azı şəri məsafə həddində səfərə çıxıb səfərdə orucu açmaq, Ramazan ayından sonra isə qəzasını yerinə yetirmək olar.
 
Oruc halında Quran və duanın oxunuşunu səhvən yanlış oxumaq
Sual 9: Əgər oruc halında olan şəxs kəmsavadlıq, unutqanlıq və ya öyrənmək qabiliyyətinin olmaması səbəbindən məsumlar (ə) tərəfindən nəql edilən bəzi duaları və ya Quranı yanlış oxuyarsa və bundan da xəbəri varsa, orucu batildirmi?
Cavab: Xeyr, qeyd edilən hal orucun səhihliyinə zərər vurmur.
 
Oruc tutanın böyrək xəstəliyi
Sual 10: Mən böyrək daşı xəstəliyinə düçar olmuşam. Həkimə müraciət etdiyimdə çoxlu maye qəbul etməyi göstəriş verdi. Bu ilki Ramazan ayında mənim vəzifəm nədir?
Cavab: Əgər böyrək xəstəliyinin qarşısını almaq gün ərzində su və digər mayelərin qəbulundan aslıdırsa, sizə oruc tutmaq vacib deyil. Əgər bu xəstəliyiniz gələn ilin Ramazan ayınadək davam edərsə, oruclarınızın qəzası yoxdur, amma hər günün orucu üçün fəqirə bir müdd (təxminən 750 q buğda, çörək və bu qəbildən olan) təam verməlisiniz.
 
Cənabət halında oruc
Sual 11: Əgər bir nəfər qüsül almağın vacibliyini bilmədiyinə görə müəyyən müddət cənabətli oruc tutubsa, orucları səhihdirmi?
Cavab: Əgər öz cənabətinə cahil olub, yəni ümumiyyətlə cənabətin nə olduğunu anlamayıbsa, qəsdən cünub olmağı da Ramazan ayının gündüzlərində deyil, gecələrində baş veribsə, tutduğu oruclar düzdür. Yox, əgər cənabətin nə olduğunu bilib, qüslün vacib olduğuna cahil idisə, orucların qəzalarını yerinə yetirməlidir və əgər məsələnin hökmündən xəbərsiz olubsa, kəffarəsi yoxdur.
 
Fitrə zəkatını verməmək
Sual 12: Həyat yoldaşım pulsuzluq səbəbindən keçən ilin Ramazanında fitrə zəkatı verməmişdi. Şəri təklif nədir?
Cavab: Əgər fəqir olubsa, təklifi yoxdur. Əks halda vacib ehtiyata əsasən, qəza və əda niyyəti etmədən fitrə zəkatını verməlidir.
 
Kəffarə verməyin vacibliyində şəkk
Sual 13: Əgər bir nəfər boynunda kəffarə gəlib-gəlmədiyində şəkk edərsə, vəzifəsi nədir?
Cavab: Əgər şəri hökmü bilmirsə, soruşmalıdır. Yox, əgər hökmü bilirsə, sualın fərzinə əsasən, təklifi yoxdur.
 
Fitrə zəkatında çörəkyeyənlərin ürfi olması
Sual 14: Fitrə zəkatında çörəkyeyən nümunələri ürfi məsələdir. Bu nə deməkdir?
Cavab: Yəni ürfi baxımdan onun himayəsi altında olsun. Belə ki, himayəsində olanın qida və geyim xərclərini özü ödəsin.
 
Valideynlərin qəza namazlarını böyük oğlun yerinə qız övladının qılması
Sual 15: Böyük oğul hər hansı səbəbdən valideynlərin qəza namazlarını qılmır, bunun yerinə qız övladı könüllü olaraq özü bu işi görür və ya öz malından əcir tutur. Bu halda ata-ananın qəza namazları böyük oğlun öhdəsindən götürülürmü? Artıq günahkar deyil ki?
Cavab: Sualın fərzinə əsasən, namaz və oruc böyük oğlun boynundan götürülür və ona heçnə vacib deyil.
 
Ana bətnindəki uşağın fitrə zəkatı
Sual 16: Ana bətnində olan və hələ dünyaya gəlməmiş uşağın firtə zəkatı verilməlidirmi?
Cavab: Xeyr, lazım deyil.
 
Südverən qadının orucu
Sual 17: Həyat yoldaşım qırx günlük körpəyə süd verir. Mübarək ramazan ayında vəzifəsi nədir?
Cavab: Əgər oruc tutacağı təqdirdə südün azalması və ya quruması səbəbindən uşağa zərər gəlməsindən qorxursa və başqa süd verən də yoxdursa, Ramazan ayında zərər qorxusu yaşadığı günlərin orucunu açmalı, hər günün orucu üçün fəqirə bir müdd (təxminən 750 q buğda, çörək və bu qəbildən olan) təam verməli və qəzalarını da sonradan yerinə yetirməlidir. Əgər orucların qəzası gələn Ramazan ayınadək üzrsüz təxirə salsa, təxir kəffarəsi (hər gün üçün bir müdd təam) vacib olur.
 
Qüsül imkanı olmadığından Ramazan ayında qəsdən cənabətli qalmaq
Sual 18: İxtiyarında su olmayan və vaxt darlığı istisna olmaqla, digər üzrlər səbəbindən qüsül ala bilməyən şəxs mübarək Ramazan ayının gecələrində bilərəkdən özünü halal yol ilə cünub edə bilərmi?
Cavab: Əgər vəzifəsi təyəmmüm etməkdirsə, özünü cünub etdikdən sonra təyəmmüm etməyə yetərli vaxtı qalırsa, bu iş onun üçün caizdir.
 
Vaxt darlığında qəsdən qüslü tərk edib, təyəmmüm yerinə yetirmək
Sual 19: Sübh azanından qabaq möhtəlim halda yuxudan duran şəxs, azanın yaxınlaşdığı səbəbindən qüslün yerinə təyəmmüm edə bilərmi?
Cavab: Əgər qüsül etməyi vaxtın darlığınadək təxirə salıbsa, günah etmişdir. Bu halda sübh azanından öncə təyəmmüm etməlidir, orucu da səhihdir.
 
Cünub şəxsin sübh azanınadək yatması
Sual 20: Ramazan ayının gecəsində mükəlləf sübh azanından öncə ayılır və möhtəlim olduğunu görür. Sübh azanından öncə ayılıb qüsül alacağı ümidi ilə bir daha yuxuya gedir, gün çıxana kimi yatır və qüslü zöhr azanına kimi təxirə salır. Zöhr azanından sonra qüsül alıb zöhr və əsr namazlarını qılır. O gün tutduğu orucun hökmü nədir?
Cavab: Sualın fərzinə əsasən – hansı ki, birinci yuxudur – orucu səhihdir. Yox, əgər ikinci dəfə yatıb sübhə kimi oyanmayıbsa, o günün qəzasını yerinə yetirməlidir.
 
Vacib qüsül əsnasında azan vaxtının çatması
Sual 21: Əgər cünub şəxs sübh azanına yaxın vaxtda yuxudan durub qüsül etməyə başlasa, lakin qüslü bitməmişdən qabaq azan verilərsə, orucunun hökmü nədir?
Cavab: Əgər qüsül üçün vaxtın olduğunu bilib və ya güman edib qüslə başlayarsa, yetərlidir və orucu da düzdür. Orucu qəza orucudursa, bu halda fəcrin doğuşundan öncə qüslü bitməsə, tutduğu oruc səhih deyil.
 
Qüsül etməmək və xəcalət üzündən cənabətli qalmaq
Sual 22: Biz soyuq yerdə yaşayırıq, hansı ki, nə hamamı var, nə də çimmək üçün münasib yeri. Gənclərin gecə yarısı camaatın qarşısında vedrə və ya hovuzda qüsül etməsi eyb sayıldığını və suyun da soyuq olduğunu nəzərə alsaq, mübarək Ramazan ayında cənabətli oyandığımız zaman sabahkı günün orucu ilə bağlı təklifimiz nədir? Təyəmmüm etməliyik? Qüsül alınmadığı təqdirdə o günün orucunu açmağın hökmü nədir?
Cavab: Sırf çətinlik və ya cavanların gecə yarısı qüsül almağının eyb sayılması şəri üzr sayılmır, əksinə mükəlləfə zərər vurmadığı, sıxıntı yaratmadığı müddətcə, hər bir şəkildə qüsül almaq vacibdir. Sıxıntı və zərər olduğu təqdirdə fəcrin doğuşundan qabaq təyəmmüm etsə, qüslün yerinə etdiyi o təyəmmümlə orucu səhihdir. Yox, əgər təyəmmüm etməsə, orucu batildir.
 
-------
1 - Hər bir yerin tərəxxüs həddi- orada şəhərin azan səsi eşidilməyən və şəhərin divarı görünməyən ən yaxın yerdir.
 

 

Google+ WhatsApp ok.ru