Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 10

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 10

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
10-cu hissə
 
 

5

ƏMİRƏLMÖMİNİN ƏLİNİN (Ə) HAKİMİYYƏTİNİN PROQRAMLARI[1]

Bağişlayan və mehriban Allahın adı ilə!

و من کلام له (عليه ‏السلام) لما بويع في المدينة ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ‏ إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله) وَ الَّذِي بَعَثَهُ بِالْحَقِّ لَتُبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً وَ لَتُسَاطُنَّ سَوْطَ الْقِدْرِ حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ وَ لَيَسْبِقَنَّ سَابِقُونَ كَانُوا قَصُرُوا وَ لَيَقْصُرَنَّ سَبَّاقُونَ كَانُوا سَبَقُوا[2]

 

Əmirəlmöminin Əlinin (ə) verdiyi vədlərə əməl etməsi

Əmirəlmöminin Əli (ə) xilafətinin başlanğıcında minlərlə təşnə cəmiyyətin qarşısında, Mədinədə, Allah Peyğəmbərinin (s) məscidində öz hökumətinin proqramlarını elan edir. Bütün siyasi hakim və rəhbərlər, xüsusilə, yeni administrativ heyətlə öz siyasi fəaliyyətinə başlayan bütün inqilabi hökumətlər kimi, rəhbərliyini öhdəsinə götürdüyü bir xalqın gələcəyini öz qəti tədbirləri və prinsipləri ilə idarə edir.

Bu məsələdə bizim və bəşəriyyətin imamının (ə) digər əmirlər, rəhbərlər və hakimlərlə fərqi qısa bir sözdə yekunlaşır. O da budur ki, Əmirəlmöminin Əli (ə) dedikləri və vədə verdiklərinə əməl edir, başqaları isə xilaf çıxırlar. Bütün sahələrdə tədbirlər gözəl və alidir. Bütün siyasi xadimlər, adətən, hakimiyyət başına gəlməzdən öncə xalqa sülh, səfa-səmimiyyət, əmniyyət və rifah vəd edir, amma hakimiyyətə gəldikdə, irəli sürdükləri platformaları reallaşdırmırlar. İmam Əli (ə) isə verdiyi sözə tamamilə əməl edir. Bunu hamı bilirdi. Əlini (ə) sınaqdan keçirənlər bunu çox gözəl başa düşmüşdülər. Bu fədakar şəxsiyyətin ən çətin anlarda göstərdiyi fədakarlığı öz gözləri ilə görənlər onun gələcəyini qəlb gözləri ilə də proqnoz vermişdilər. Əlini (ə) gərgin döyüş meydanlarındakı inadkar kafirlərlə mübarizədə həmişə Peyğəmbərin (s) yanında, o Həzrətin vəfatından sonra altı nəfərlik xilafət şurasında görmüşdülər. Onlarla digər hadisə və cərəyanlarda hədsiz və əfsanəvi güzəşt sahibi olduğunu, Allah-Taalanın dərgahında doğru və haqq vədlərinə necə əməl etdiyini bilirdilər. Onlar çox yaxşı bilir, ən azından, ehtimal edirdilər ki, gəlcəkdə də öz vədlərinə əməl edəcək. Əmirəlmömininin (ə) Allahın haqqı ilə xalqın haqqı arasında fərq qoymadığını, onun hüzurunda xalqın haqqını mənimsəyib, amma Allahın haqqının müdafiəsindən dəm vurmağın, artıq, mənasız olduğunu yaxşı bilirdilər. Əmirəlmöminin Əlinin (ə) Allaha bəndəçiliyi yalnız qəlbə və düşüncəyə aid deyildi, həm də əməldə bunu göstərirdi. Bilirdilər ki, o Həzrət Qurani-Kərimin bu ayəsində söz açdığı kəslərdəndir:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا

“Möminlərin içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.”[3]

Belələri Allahla vədlərində yalançı olmaz, Allahla etdikləri əhdə vəfa edərlər. Onlardan bəziləri bu yolda şəhadətə yetsə də, bəziləri bu ilahi mesaj yolunun haqq taleyinin intizarındadırlar və Əli (ə) də intizarda olanlardandır.

Deməli, İmam Əlinin (ə) tarixin digər rəhbərləri (o Həzrətin zamanındakı, ondan öncəki və sonrakı rəhbərlər) kimi, verdiyi vədlərinə xilaf çıxmaması və xalqa yalan deməməsi aydın bir məsələ idi. Bununla yanaşı, o Həzrətin özü də bu tarixi və heyrətamiz kəlamında təkidlə belə buyurur:

ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ

“Mənim əhdim dediyim sözlərin girovundadır və mən onların hamısına zəmanət verirəm.”

Həqiqətdə, Həzrət öz hökumətinin proqramlarını bəyan etmək istəyir və buradan sözügedən xütbənin növbəti cümlələrində qeyd edilmiş لَتُبَلْبَلُنَّ بَلْبَلَةً (bir-birinə qarışacaqsınız) ifadəsinin nə ilə bağlı olduğunu anlayırıq. İnsan “Nəhcül-bəlağə”nin bu cümlələrinə – öncəki və sonrakı ifadələrə diqqət yetirmədən baxdıqda, digər cümlələr kimi, düzgün anlamayacaq. Əmirəlmöminin Əlinin (ə) kəlamının möhtəvası və həqiqəti ilə tanış olmaq və onu anlamaq üçün son dərəcə diqqət və əlavə mütaliəyə ehtiyac duyulur.

Bir sözlə, Həzrət öz proqramlarından danışır və öhdəliklərinin yerinə yetiriləcəyinə zəmanət verir. Amma proqramlarını bəyan etməzdən öncə, tarixin qlobal reallığı və ənənəsinin üzərindən pərdəni götürür.

Həzrət Əlinin (ə) hökumətinin proqramları haqqa əsaslanır

Əmirəlmöminin Əli (ə) haqqın tərəfdarıdır. Haqq isə varlıq aləminin fitrəti ilə uyğun gələnlərdən ibarətdir. Haqqı dəfələrlə məna etmişik; haqqın mənasını anlamaq olduqca mühüm məsələdir. Varlıq aləminin fitrətinə və qanunauyğunluqlarına “haqq” deyilir. Yaradılış aləminin fitrəti və təbii seyrinin ziddinə danışan, qərar çıxaran və hökm verənlər haqq və haqqın tərəfdarları olduqlarını iddia edə bilməzlər. Onun təkamül seyrini yaradan Allahdan başqa, kim başa düşür? Bu varlığın təbii fitrətini yaradan Allahdan başqa, kim tanıyır? İmam Əli (ə) o yaradanın sözçüsüdür. Haqqın tərəfdarı olduğundan, hökumətinin proqramları (və siyasi fəaliyyətləri) da haqqa söykənir. Özünün də tabe olduğu proqram həqiqət proqramıdır.

Tarixdən ibrət götürmək – Qurtuluş amili

Varlıq aləminin təbiəti, fitrəti və xilqəti ilə uzlaşan hər bir şey həqiqətdir. Həzrət bu aləmin təbii və qlobal qanunlarından birini – tarixin keçmişinə nəzər salıb ondan ibrət götürən, keçmiş ümmətlərin mükafat və cəza amillərini araşdıran, fərqləri ayırd edən, cəza səbəblərindən çəkinən, mükafat səbəblərinə rəğbət bəsləyən hər kəsin bədbəxtliyə düçar olmamasını – müqəddimə olaraq bəyan edir. Bu, tarixin qanunlarına diqqət yetirmək mənasında bir qanundur.

Bu gün yeni sivilizasiyalar dünyasında bir çox qanun və ənənələrin adı çəkilir. Deməliyik ki, bu, yeni bir kəşf və metod deyil, dünya dinlərinin təməlidir. Dünya dinləri insanın həyatına hakim tarixə, tarixi qanun və ənənələrə diqqət əsasında formalaşmışdır. Ümumiyyətlə, din bəşərin tarixi və keçmiş həyatının xüsusiyyətləri ilə əlaqəlidir. Əmirəlmöminin Əlinin (ə) burada bəyan etdiyi bu qanun diqqəti tarixin həqiqi ənənələri və qlobal qanunlarına yönəldir. O Həzrətin kəlmələrinin məna və möhtəvasını qavramaq üçün yaxşı qulaq asın. Hər kəlməni ayrı-ayrılıqda şərh etməyə vaxtımız yoxdur. Dünyanın ömrü keçir. Dünyada bizim ömrümüz keçir. İmam Əlinin (ə) sözünü başa düşməmək heyfdir. Bu kəlmələr üzərində bir qədər artıq təfəkkür edib düşünsək, keçmişdə tarixin qanunları ilə necə rəftar olunmuşsa, o Həzrətin zamanında da, eynilə onun kimi rəftar olunduğunu anlayarıq. O Həzrətdən sonra da dindarlıq qanunu elə onun kimi icra olunacaq.

Əmirəlmöminin Əlinin (ə) dövründə şirk, xəstəlik və bəla

İmam Əli (ə) bu mətləbi heyrətramiz xütbəsinin başlanğıcında ümumi şəkildə bəyan etdikdən sonra buyurur:

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

Ey camaat, agah olun! Sizin bugünkü hekayəniz Peyğəmbərinizin (s) besətinin (peyğəmbərliyinin) başlanğıcındakı bəşər cəmiyyətinin hekayəsi kimidir. Peyğəmbərin (s) besətinin başlanğıcında sizin ata-babalarınızın, keçmişdəkilərinizin düçar olduqlarına bu gün siz də düçar olmusunuz.

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

Ey xəstə insanlıq! Sən də öz tibbi ləvazimatı və dərman preparatları ilə (xəstəlikləri müalicə etmək üçün) həmişə xalqın arasında gəzən bir təbibin zamanındakı xəstəliyə düçar olmusan. Bəşər cəmiyyətinin təbibi Əli (ə) yaşadığı mühitə nəzər saldıqda, Peyğəmbərin (s) dövründəki bəşər cəmiyyətinin düçar olduğu xəstəlikləri (yenə) müşahidə edir və həmin xəstəliklərin müalicəsi haqda düşünür. Bu xəstəlik nə idi? Mən bu məsələ ilə bağlı “Nəhcül-bəlağə”nin bəzi şərhlərinə müraciət etdikdə, bəşərin yeni mədəniyyətindən uzaqlığının bu barədə bəzi mətləblərin deyilməsinə səbəb olduğunu, bu mədəniyyətlərə diqqət yetirdikdə, həmin mətləblərin düzgünlüyünün şübhə altına düşdüyünü müşahidə edirəm!

“Nəhcül-bəlağə” şərhçilərindən biri yazır: “Əmirəlmöminin (ə) “ixtilaflar”a işarə edir.” Başqalarının uyğun mətləblərlə bağlı qeydlərinə toxunmaq və həmin qeydləri qəbul etmədikdə (və nəzərimlə üs-üstə düşmədikdə) rədd etmək mənim gələcək bəhslərimin çərçivəsindən kənar olsa da, bu mətləbi demək istəyirəm. “Nəhcül-bəlağə”nin keçmiş şərhində bu cümlə yanlış məna edildiyindən, onun yanlışlığını aydınlaşdırmaq lazımdır, çünki yanlış mənaya diqqət yetirdikdə, düzgün mənanı da yaxşı anlmaq olur. O deyir: “Əmirəlmöminin Əlinin (ə) dövründə İslam cəmiyyətinin xəstəliyi ixtilaf xəstəliyindən ibarət idi.” Mən ondan soruşuram: “Hansı ixtilafı deyirsiniz?” Müsəlmanlar arasındakı ixtlafımı? Axı, həqiqi müsəlmanlar arasında ixtilaf olmayıb! Böyük bir cəmiyyət – kişi və qadın, alim və cahil, səviyyəli və səviyyəsiz – hamılıqla, Əmirəlmömininə (ə) üz tutursa, paytaxt və şəhər sakinləri beyət edirsə, xalq kütləsi Quran hökmündən ilham alaraq eyni bir istiqamətə doğru hərəkət edirsə, ixtilafdan söz gedə bilməz.

Cəmiyyətdən kənarlaşan Səd ibn Əbu Vəqqasımı deyirsən? Buna ixtilaf adı vermək olmaz. Əgər bir nəfər, on, əlli, min nəfər bir ümmət və millətin haqq səsini qəbul etmirsə, bu, ixtilaf sayılmaz. O milyonlarla insana demək olmaz ki, gəlin, bu əlli, yüz, min nəfərlə sülh edib barışın, aranızdakı ixtilafı aradan qaldırın. Burada sülhün, barışığın bir mənası var, o da həmin min nəfərin yüz minlərlə insana qoşulmasıdır. Səd ibn Əbu Vəqqas, Təlhə, Zübeyr, Abdullah ibn Ömər və Əmirəlmöminin Əlinin (ə) möhkəm qırmanc zərbələri çiyinlərinə ağırlıq edən, ona dözə bilməyib kənara çəkilən başqaları xalqa qoşulmalı, xalqla birgə olmalı idilər. Bunun adı ixtilaf deyil, çünki xalq hamısı o Həzrətə üz tutmuşdu.

Əgər Əmirəlmöminin Əli (ə) ilə Müaviyənin ixtilafını deyirsinizsə, bu ixtilafın nəyi pisdir? Bu ixtilaf nurla zülmət, haqq ilə batil arasındakı ixtilafdır və belə ixtilaf tarixdə həmişə və hər zaman olmuşdur. Peyğəmbərin (s) dövrünün son zamanlarında da baş vermişdi, amma bu, Peyğəmbərin (s) dövrünün xəstəliyi sayılmırdı. Əmirəlmöminin Əliyə (ə) demək olmaz ki, ağa, sizin Müaviyə ilə ixtilafınız var, gəlin barışın. Burada barışıq mənasızdır. Yalnız bir yol var, o da Müaviyənin özünün nəfs, arzular və hakimiyyət bütünü sındırmasıdır! O, nəfsi istəklərini bir kənara qoyub böyük və rəhmli Allahın müqabilində səcdə və Əmirəlmöminin Əliyə (ə) itaət etməli idi. Yolu yalnız bundan ibarət idi. Nə İran və Əfqanıstan arasındakı sərhəd ixtilafları deyildi ki, onlara: “bir qarış siz, bir qarış da onlar güzəştə getsinlər”, yaxud iki malik arasındakı mülk ixtilafı deyildi ki, onlara: “divar nə burda, nə də orada, əksinə ortada tikiləcək” – deyilsin. Burada güzəştə, fədakarlığa yer yoxdur, məsələ din və Quran məsələsidir. Din və Quran uğrunda isə güzəştə getmək olmaz.

Bir sözlə, Əli (ə) ilə Müaviyə arasındakı ixtilaf Əliyə (ə) aid bir ixtilaf deyildi ki, Əli (ə) onu Peyğəmbərin (s) dövrünə xas bir problem və bəla olaraq bəyan etsin və camaatı bu ixtilafın həllinə dəvət etsin. Bu ixtilaf həll olunası deyildi. Deməli, “Nəhcül-bəlağə”yə şərh yazan müəlliflərdən birinin “ixtilaf”ın İslam ümməti arasında vəhdət və birliyin aradan qaldırılmasına aid olduğunu qeyd etməsi yanlışdır. İslam ümmətində vəhdət və birlik hökm sürürdü. Lakin Müaviyə İslam ümmətindən xaric idi. Bəs, Əlinin (ə) işarə etdiyi xəstəlik nədir?

Mənim nəzərimcə, bu, bir cümlə ilə yekunlaşan məsələ deyil. Sizdən soruşuram: Peyğəmbərin (s) besətinin başlanğıcında bəşəriyyətin xətəliyi nə idi? Peyğəmbərimizin (s) Məkkədə, Nur dağında peyğəmbərlik nuruna çatdığı gün bəşəriyyət hansı xəstəliyə tutulmuşdu? Bu xəstəlik şirkdən başqa bir şey ola bilərdimi? İnsan üçün ən təhlükəli xəstəlik budur. Xərçəng xəstəliyinə tutulan, zərərçəkən, yaralı və xəstə insan müşrik (Allaha şərik qoşan) insanla müqayisədə sağlamlığa daha çox yaxındır.

وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاء فَتَخْطَفُهُ الطَّيْرُ

“Hər kim Allaha şərik qoşsa, sanki göydən düşən, quşların qapıb apardığı bir şeyə bənzəyər.”[4]

Şirk insandan insanlıq dəyərini alır, Allahdan başqasına bəndəçilik insanı alçaldır, xar və zəlil edir. İnsanın ən böyük bədbəxtliyi zillət və əsarətdir. Zillət və əsarətin ən böyük nümunəsi özü kimi aciz və çarəsiz olan başqa bir bəndə və varlığın qarşısında əsir olmaqdır. Belə bir söz var: “İt itin müqabilində baş əyməz.”[5]

Ali məqama və şərafətli varlığa sahib olan insan Allahdan başqasına baş əydiyi zaman alçalır. Peyğəmbərin (s) zamanındakı xəstəlik bu idi. Bəşəriyyətin Peyğəmbərin (s) zamanındakı xəstəliyi haqqında Kəsranın hüzurunda İslam ordusunun rəhbər və sərkərdələrindən biri belə deyir: Biz sizin ölkənizə, rəhbərlik etdiyiniz məmləkətə gəlmişik ki, insanları bəndələrə ibadətdən çıxarıb Allaha ibadətə dəvət edək:

ليخرج العباد من عبادة العباد إلى عبادة الله

“(Allah-Taala Muhəmmədi (s) haqq olaraq peyğəmbər seçmişdir ki,) bəndələri bəndələrə ibadət etməkdən çəkindirib Allaha ibadət etməyə dəvət etsin.

Biz gəlmişik ki, bəndələri bir-birinə qul olmaqdan azad edib Allaha qul olmağa dəvət edək, insanları şirk zülmətindən tövhid nuruna çıxaraq. Peyğəmbərin (s) və İslamın zühuru zamanında bəşərin bədbəxtliyi şirk idi.

İndi Əmirəlmöminin Əli (ə) buyurur ki, keçmiş bədbəxtlik və bəlalar bu gün də vardır. Heç inanırsınız? İnanırsınızmı ki, İslam Peyğəmbərinin (s) vəfatından 25, İslama dəvət etdiyi gündən isə 48 il sonra İslam cəmiyyəti yenə müşrik olmuşdu? Görəsən, bunun mənası müsəlmanların Kufə, Hicaz, Şam, İraq, Xorasan, Əhvaz və digər İslam ərazilərində daşdan, ağacdan və digər cisimlərdən bütlər yonub evlərinə qoyması və bütpərəst olmasıdırmı? Xeyr, vəziyyət belə deyildi. Əmirəlmöminin Əli (ə) demir ki, siz ağac və daşdan büt yonub onun qarşısında səcdə edəcək, namaz qılacaqsınız. Xeyr! Mənim nəzərimcə, bu, dini düşüncənin əsas nöqtəsi, xalis tövhid inancı ilə batil tövhid inancı arasında həqiqi sərhəddir. Bizim düşündüyümüz kimi, batil tövhid inancı və müşrik olmaq dedikdə, yalnız kimisə Allahın oğlu, qardaşı, şagirdi və rəqibi hesab etmək və yaxud daş, ağac və insan cinsindən olan bütləri Allah yerinə qoymaq anlamında deyil. Şirk yalnız bunlardan ibarət deyil, bu, şirkin zahiri forması və aydın nümunəsidir. Şirkin olduqca təhlükəli bir növü də vardır. Nə üçün təhlükəli? Çünki aydın deyil, görünmür, özünü büruzə vermir. Həmin şirk insanın Allaha aid olanları Allahdan qeyrisinə, başqa bir qüdrət və varlığa şamil etməsidir. Əgər Peyğəmbərin (s) dövründəki bütpərəstlər Hubəl, Lat, Uzza və Mənatı özlərinə tanrı bilir və onlara “tanrı, rəbb” deyirdilərsə, Əmirəlmöminin Əlinin (ə) zamanındakı qafil və nadan bütpərəst və müşriklər də qüdrət mərkəzləri və sahiblərini “Allahın bəndəsi” adı altında ilahiləşdirmişdilər. Əgər siz Şamda hansısa bir nadan və avamdan: “Müaviyə Allahdır?” – deyə soruşsaydınız, “Sən, deyəsən, ağlını itirmisən!” – cavabı ilə üzləşəcəkdiniz. Ondan soruşanda ki, bəs Müaviyə kimdir? Cavab verəcək ki, Müaviyə Allahın bəndəsidir. Bu o zamana hakim mühitin zahiri inikası idi. Batinə gəldikdə isə Allah-Taala Qurani-Kərimdə buyurur:

يَفْعَلُ مَا يَشَاء

“Allah istədiyini edər.”[6]

يَحْكُمُ مَا يُرِيدُ

“Allah istədiyini hökm edər.”[7]

Onun iradəsindən üstün bir iradə yoxdur. Şamda “istədiyini edən”, “istədiyi kimi hökm verən”Müaviyə idi. Bu isə İslam ədəbiyyatında Allaha aid məqamdır. Müaviyənin adı Allah bəndəsi olsa da, gördüyü iş Allaha aid iş , məsuliyyəti ilahi məsuliyyət, məqamı Tanrılar Tanrısı idi. Bu şirk deyilmi?

Allah-Taala buyurur ki, Mənim hökm və əmrlərimi öz istəyinizə uyğun icra etməyin, dinin əsasını qəbul etdikdən, dinin həqiqətini öyrəndikdən, öz nəzərinizdə dinin təməli dəlil-sübutlarla möhkəmləndikdən sonra Mənim qanunum sizin əqliniz və istəklərinizlə uzlaşmazsa, yenə onu inkar etməyə haqqınız yoxdur. Çünki onun sizin başa düşmədiyiniz və sizə gizli qalan bir səbəbi, fəlsəfəsi ola bilər. Bu, Allahındır. Şamda da Müaviyə deyirdi ki, mənim çıxardığım qərarlar müqabilində yeni qərarlar çıxarmağa haqqınız yoxdur. Əmirəlmöminin Əlinin (ə) zamanında yox, əksinə, sözügedən xütbənin tarixindən düz beş il sonra Əbu Süfyanın oğlu Müaviyə elan etdi ki, Ziyad ibn Əbih (atasının oğlu Ziyad)[8], yəni zinazadəliyi ilə məşhurlaşan və evin damından düşmüş rüsvayçılıq teştinin səs-sədası hər tərəfi bürüyən bir zinazadə mənim qardaşımdır. Çünki, atam Əbu Süfyan onun anası ilə zina etmişdir. Kobudluğun, həyasızlığın dərəsəcinə bir baxın! Onun zina etdiyini haradan deyirsən? Buna ədalətli şahidin varmı? Bəli, şərab satan fılankəs oğlu fılankəs hadisəyə (zinaya) özü dəllallıq etmişdi. Sonra da minbərə çıxıb şəhadət verir ki, mən özüm Əbu Süfyanı gətirdim və o hadisə baş verdi. Baxın, bunu minbərdə danışır. Bəli, bu, bir qanun idi. Halbuki İslama görə, zinadan doğulan körpə öz bioloji atasına aid deyil. Əgər zinakar qadının əri varsa, zinadan doğulan uşaq da həmin ərə, həmin yatağa aiddir. Zinakar kişi isə (uşağın əvəzində) daş-qalaq olunmalıdır. Uşaq da ona aid deyildir. Təbii bir hökm – əgər o qadının əri yoxdursa, bu uşaq heç bir ataya aid edilməyəcək, cəmiyyətdə atasız qalacaq – daha acınacaqlı bir qanunun vasitəsilə ləğv edilir. İslamın bu aşkar hökmü ola-ola, başqa hökm və başqa bir qərar çıxarılır, “Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz”[9] “Allah istədiyini edər”[10] “Allah istədiyini hökm edər”[11]ayələrinə istinadən, Müaviyəni əsla sorğu-suala tutmaq olmaz. Nə üçün? Çünki Müaviyə istədiyi hökmü verir, istədiyi qərarı çıxarır, etiraz edənləri cəzalandırır və zindana saldırır. Bu Müaviyə Tanrı deyilmi? Müaviyənin belə bir məqama sahib olduğunu qəbul edənlər onu Tanrı bilmirdilərmi? Əlbəttə ki, Tanrı bilirdilər, lakin adını Tanrı qoymurdular. Onlar müşrik idilər. Əmirəlmöminin Əli (ə) isə belə deyildi.

Ardı var.. 
 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 

 


[1]. “Nəhcül-bəlağə”nin 16-cı xütbəsinin bir hissəsinin şərhi – 1353/22/16.

[2]. “Nəhcül-bəlağə”, xütbə 16.

[3]. “Əhzab” surəsi, ayə 23.

[4]. “Həcc” surəsi, ayə 31.

[5].“Peyame-Məşriqi”, İqbal Lahuri:

یعنی از خوی غلامی ز سگان خوار تر است

من ندیدم که سگی پیش سگی سر خم کرد

“Köləlik xüsusiyyəti itlərdən də pisdir. Mən itin itə baş əydiyini görmədim.”

[6].“Ali-İmran” surəsi, ayə 40.

[7].“Maidə” surəsi, ayə 1.

[8]. Ziyad ibn Əbih, yəni atasının oğlu Ziyad. Ziyadın atası kim idi? Onu yalnız Allah bilir! Amma yalan olmasın deyə, Ziyad ibn Əbih (atasının oğlu Ziyad) kimi qeyd edirəm. Bəziləri ona Süməyyə oğlu Ziyad deyirdilər. Çünki onun Süməyyənin rəhmindən çıxmasında şübhə yox idi. Amma atasının kimliyi məlum deyildi.

[9].“Ənbiya” surəsi, ayə 23.

[10].“Ali-İmran” surəsi, ayə 40.

[11].“Maidə” surəsi, ayə 1.

 

Google+ WhatsApp ok.ru