Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 15

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 15

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
15-ci hissə
 

 

Quranın təfsirini anlamaq üçün Peyğəmbəri-Əkrəm (s) və məsum imamlara müraciətin zərurəti

Əmirəlmöminin Əli (ə) bu xütbədə demək istəmir ki, siz Quranı başa düşməzsiniz, əksinə demək istəyir ki, ey Quranla ünsiyyətdə olanlar, bu Quranı əlinə aldıqda, özünü onun təfsirindən ehtiyacsız bilmə! Bunun əvvəlki sözlə fərqi çox böyükdür. Belə düşünmə ki, mən Quranı Peyğəmbərdən (s) almışam, artıq, Peyğəmbərin (s) özü ilə işim yoxdur, xeyr, bir çox mətləblər Quranda icmali şəkildə zikr olunmuşdur:

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ

“Günortadan gecənin qaranlığınadək namaz qıl və sübh namazını da qıl.”[1]

Bu, Quranda qeyd olunan namaz ayəsidir. Namazla bağlı yüzlərlə məsələ var. Bu məsələlər bu ayənin harasından əldə olunur? Kimsə bunu bəyan edə bilərmi? Bunu mütləq Peyğəmbər (s), yaxud da onun haqq canişini izah etməlidir. Quranın bir çox ayələri adi zehnin dərkindən xaricdir. O zaman adi insanlar bu ayəni başa düşmürdülər, amma bu gün ola bilsin ki, anlasınlar. Amma nə üçün anlayırlar? Bu gün atom əsri olduğu üçünmü? Xeyr! Bu, Quranın dərkində təsirəmalik ola bilməz. Çünki insanların fikir və düşüncələri parlaq mərifət nuruna sahib olan və onu insanlar arasında bölüşdürən pak və məsum Əhli-beytin (ə) vasitəsilə işıqlandırılmışdı. İnsan rəvayətlərə nəzər saldıqdan, imamların kəlamları ilə munis olduqdan və həqiqi İslamşünasların insanla söhbətindən sonra Qurana müraciət etdikdə, Quranın onun üçün daha da aydın, daha da istifadəyə yararlı olduğunu görür. Əsas məsələ budur: “Əhli-beytin Quranla birgə olması.”

Əhli-beyt (ə) fikir və düşüncələri çiçəkləndirir, insanların Qurana müraciət etdikdə, ondan layiqincə bəhrələnə bilməsi üçün münasib zəmin hazırlayır. Onlar insanları Qurandan düzgün nəticə çıxarmaq və başa düşmək üçün tərbiyə edirlər. Bəli, Quranın bir çox hökmləri təfsilatı ilə qeyd olunmamışdır. Bu təfsilatı bizə bəyan edən Əhli-beytdir (ə). Bunun mənası o deyil ki, rəvayət, fətva, maarif, əxlaq və islami düşüncələr formasında ixtiyarımızda olan bu qədər Əhli-beyt (ə) təlim və təlqinlərindən sonra, atıq Quranı açıb oxumağa ehtiyac yoxdur və səbəb olaraq Quranı anlamadığımızı deyək. Xeyr, Quranı çox gözəl başa düşürük. Niyə də başa düşməyək?

Dəqiq və incə məqam budur: Quran insanların bəhrələnməsi üçün nazil olmuşdur. Lakin ondakı anlaşılmazlıqları, çətin və məchul məsələləri Allahın Peyğəmbəri (s) həll edərək insanların ixtiyarında qoymuş, icmali mövzuları müxtəlif hökmlərilə yanaşı izah etmiş, insanlara çatdırmışdır. Əgər Peyğəmbərin (s) təfsiri olmasaydı, müsəlmanlar zöhr namazının neçə rükət olmasını və yaxud cümə namazının necə qılınmasını bilməyəcəkdi. Qurani-Kərimdə cümə namazı ilə bağlı sadəcə belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin.”[2]

Cümə günü Allahı necə zikr edək? Cümə günü cümə namazını məsciddə qılmaq istəsək, necə qılmalıyıq? Peyğəmbərin (s) rolu burada məlum olur, elə bu səbəbdən də, Quranı izah edir. “Allahı zikr etməyə tələsin.” – ifadəsinin mənasını başa düşə bilmərik!” – deməyə haqqınız yoxdur. Bunu başa düşmək üçün Peyğəmbərin (s) izahına ehtiyac yoxdur. Çünki Quranın ayəsi aydındır. Bu sadəcə bir misaldır. (Bir də diqqət edək. Allah-Taala buyurur:)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا

“Ey iman gətirən kəslər!

إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ

Cümə günü namaza çağırıldığınız zaman

فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ

Allahı zikr etməyə tələsin.

وَذَرُوا الْبَيْعَ

Alış-verişi buraxın.

ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُون

Əgər bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bu, bir Quran ayəsidir. Biz bu ifadələri başa düşmədikmi? Əlbəttə ki, tamamilə başa düşdük, ayənin nədən danışdığını tamamilə anladıq. Lakin görəsən, bu ayənin təfsirində Peyğəmbərdən (s) ehtiyacsızıqmı? Xeyr, ehtiyacsız deyilik! Çünki ayədə bizə buyurulur ki, Allahı zikr etməyə tələsin, mən də həmin gün Allahı zikr etmək üçün məscidə gəlmişəm və Allahı zikr və yad etməklə məşğulam. Bu qədər kifayətdirmi? Xeyr, kifayət deyil! Cümə namazının qılınma qaydasını deyən, onun iki rükətdən ibarət olması, xütbə söylənilməsi, hansı surələrin tilavət olunması, hansı keyfiyyətlə oxunmasını bəyan edən Peyəmbərdir (s). Elə isə biz Quranı başa düşürük, amma bununla bərabər onu bəyan və təfsir edəndən, yəni Peyğəmbərdən (s) də ehtiyacsız deyilik.

Quran haqqında düşünməyin əhəmiyyəti

Quranı zahirən başa düşdükdən sonra, növbəti mərhələ gəlir. İslamı yaxşı dərk edən, İslam barəsində daha çox araşdırma aparan, Quranla yaxından ünsiyyət quran, bir ayə üzərində təfəkkür edən və dərindən düşünən kəsə İslam maarifi daha da parlaq, daha da aşkar olacaqdır. Dərindən düşünməyənlər isə onu mənimsəyə bilməyəcəklər. Əsas məsələ budur. Təfəkkür yolu Quran dili – ərəb dili və İslam maarifi ilə qısa şəkildə tanış olanın üzünə açıqdır. Çalışın, ərəb dili ilə tanış olun, Quranla ünsiyyət qurun, İslam maarifi və onun əsaslarını azacıq da olsa başa düşdükdən sonra Quranı açın, bir ayəni bir dəfə oxumaqla kifayətlənməyin. Hədisdə buyurulduğu kimi, surəni dərhal bitirməyə cəhd etməyin[3], əksinə onu bir də oxuyun, təkrar-təkrar tilavət edin, hər dəfə oxuyanda düşünün. O zaman yeni mətləb və maarif əldə edəcəyinizi görəcək, zehniniz və qəlbinizdə aydınlıq və düşüncənin çiçəklənməsini hiss edəcəksiniz. Qəribəliklərlə üzləşəcəksiniz, hansısa bir ayə ilə bağlı indiyə qədər başa düşmədiklərinizi artıq başa düşəcəksiniz. Bəzən onu yaxşı dərk etsəniz də, bəyanında çətinliklərlə üzləşəcəksiniz və yaxud başqası həmin mətləbi dərk etmədikdə, təəccüblənəcək və deyəcəksiniz: “Necə ola bilər ki, mən ayəni oxuyub başa düşürəm, başqası isə başa düşmür?!” Amma təəccüb yeri deyil. Əgər o da təfəkkür etsəydi, başa düşəcəkdi. Təfəkkür etmədiyi üçün başa düşmür. Başqa bir vaxtda, növbəti dəfə həmin ayəni diqqətlə mütaliə etdikdə, qəribə bir halla yeni mətləblər əldə etdiyini, təfəkkür sayəsində bu halın bitmədiyini və sonsuz olduğunu görəcəksən. Quran budur!

“Səqəleyn”dən (iki ağır əmanətdən) yapışmaq

Mətləbi yekunlaşdırıram. Yadınızda qalsın ki, Quranı başa düşmək mümkündür, bunu həmişə demişik, yenə də deyirik. Təfəkkür sayəsində Quranın dərinliklərinə varmaq, qiymətli xəzinələrini çıxarmaq mümkün bir işdir. Siz insanlara – bütün qardaş və bacılara tövsiyə edirik ki, Quranı öyrənsinlər, başa düşsünlər və onun üzərində dərindən düşünsünlər. Bu isə, Quranın (dərk edilməsində) Peyğəmbər (s) və imamlara ehtiyacsız olduğu anlamında deyil, xeyr, onlara ehtiyac var. Həmçinin Peyğəmbər (s) və imamların Quranla birgə olması da bizim Quranı başa düşə bilməməyimiz mənasında deyildir. Hər birinin – həm hədislərin, həm də təfəkkürün öz yeri və rolu vardır. Beləliklə, hər ikisi bir-birini tamamlayan ortaqdır, biri Qurandır, onun üzərində düşünmək lazımıdır, digəri isə Quranın məsum və ilahi təfsirçiləri – Peyğəmbər (s) və o Həzrətin buyurduğu “iki ağır əmanət”dən[4] biri olan Əhli-beytdir (ə). Mətləbin xülasəsi budur. İndi isə xütbənin tərcüməsinə keçək.

Quran – Peyğəmbərin (s) həmişəyaşar hədiyyəsi

وَ خَلَّفَ فِيكُمْ مَا خَلَّفَتِ الْأَنْبِيَاءُ فِي أُمَمِهَا

“Peyğəmbərlərin öz ümmətləri arasında qoyduqlarını Peyğəmbəri-Əkrəm (s) sizin aranızda qoydu.”

إِذْ لَمْ يَتْرُكُوهُمْ هَمَلًا بِغَيْرِ طَرِيقٍ وَاضِحٍ وَ لَا عَلَمٍ قَائِمٍ

Bu mötərizə cümləsidir. Yəni “peyğəmbərlər öz ümmətlərini heç vaxt özbaşına – onlara aydın yol və möhkəm nişanə göstərmədən – buraxmadı.”

كِتَابَ رَبِّكُمْ فیکم

“Rəbbinizin kitabını sizin aranızda qoydu.”

Bu kitab İslam məktəbinin əsasları, ideoloji sütunları, İslam cəmiyyətinə məxsus ümumi qanun və prinsiplərlə zəngindir.

مُبَيِّناً حَلَالَهُ وَ حَرَامَهُ

“Bir halda ki, onun halal və harmını bəyan etmişdir.”

Halala dair hökmdə belə buyurulur:

أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ

“Bütün pak nemətlər, yaxşılıqlar və gözəlliklər sizə halal buyurulmuşdur.” Bu, Quranın halal hökmüdür.

وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ

“Bütün pisliklər, çirkinliklər və murdarlıqlar haram edilmişdir.”

وَ فَرَائِضَهُ وَ فَضَائِلَهُ وَ نَاسِخَهُ وَ مَنْسُوخَهُ

“(Quranda) insana vacib olan işlər, fəzilət və üstünlüklər, onlara səbəb olan əməllər, “nasix” və “mənsux” (hökmlər) bəyan olunmuşdur.”

Nasix və mənsux

Quranda “nasix” və “mənsux” varmı? Bəli! Bəzi “Nəhcül-bəlağə” şərhçilərinin ehtimalına görə, Quranın özü keçmiş dinlər və kitabların nasixidir (keçmiş dinlər və kitablar Quran vasitəsilə ləğv olunmuşdur.) “Mənsux” (ləğv olunmuş) sözündə də Qurandan öncəki kitablarda qeyd olunmuş hökmlər nəzərdə tutulur. Əlbəttə, bu, zəif bir ehtimaldır. Quranın özündə də “nasix” və “mənsux” hökmlər mövcuddur. Öncədən göndərilmiş bir hökm sonradan nazil olan ayənin vasitəsilə qüvvədən düşür, ləğv edilir və onun yerinə yeni bir hökm verilir. Soruşa bilərsiniz ki, nə üçün? Cavab budur ki, yeni bir inqilab baş verdiyi və yeni ümmət təşkil olunduğu bir vaxtda cəmiyyətin vəziyyət və durumu hər an kəskin şəkildə dəyişilir. Başlanğıcda cəmiyyət fövqəladə və istisna bir duruma düşür və bu zaman həmin cəmiyyətdə müəyyən hökm və qanunlar tətbiq olunur. Növbəti mərhələdə isə həmin ilkin vəziyyət aradan qaldırılır. Misal üçün, fərz edin, fılan ölkədə hərbi rejim tətbiq edilməyə başlayır. Hərbi rejimin də özünəməxsus qanunları vardır. Hərbi rejimin tətbiq olunduğu komendant saatında heç kim evdən çıxmamalı, küçələrdə insanlar toplu halda bir yerdə toplaşmamalıdır. Bunlar hərbi rejimə məxsus qanunlardır. Ölkə adi vəziyyətə qayıtdıqda, hərbi rejimin qanunları da aradan qalxır, öncəki hökm qüvvədən düşür və beləcə, hərbi rejim ləğv olunur. Bu isə hərbi rejim və komendant saatının yersiz olduğu anlamında deyildir. O saatda həmin qayda-qanunlardan başqasına yer yoxdur. Növbəti qanun gəldikdə isə, öncəki qanuna ehtiyac duyulmur və növbəti qanun icra olunmağa başlayır.

Bir zaman İslam əsgərlərinin sayı az idi. Həmin vaxt hər bir müsəlman əsgər on kafir əsgərin müqabilində müqavimət göstərirdi:

إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُواْ مِئَتَيْنِ

“İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə qalib gələr.”[5]

Yəni iyirmi nəfər iki yüz nəfərlə döyüşməli idi.

Əgər bir döyüşdə Peyğəmbər (s) on nəfər döyüşə göndərirdisə, onlar yüz nəfərlə döyüşmək və mübarizə aparmaq məcbiriyyətində qalırdılar. Çünki əsgərlərin (və müsəlmanların) sayı az idi, İslam başlanğıc dövrünü yaşayırdı, gənc idi, eyni zamanda əsgərləri cəsarətli, qorxmaz və şövqlü idi. Belə bir hökm münasib idi, sonradan müsəlman əsgərlərinin sayı artdıqda, başqa hökmlə dəyişdirildi. Bu zaman hər bir nəfərə on nəfər düşmürdü, təhlükə və tələfat ehtimalı da azalmışdı. Hər bir şəraitin özünəməxsus hökmü olmalıdır. Bu hökmə “nasix”, öncəki hökmə isə “mənsux” deyilir.

وَ نَاسِخَهُ وَ مَنْسُوخَهُ

“Quranın “nasix” və “mənsux” hökmləri vardır.” Hər bir hökm ya öz-özünə, ya da növbəti hökm vasitəsilə ləğv olurdu.

Qurani-Kərimin xüsusiyyətləri

وَ رُخَصَهُ وَ عَزَائِمَهُ‏

“Quranın “rüxsət” və “əzaim”lərini aşkar etdi.” “Rüxsət” o işə deyilir ki, insanın ürəyi istədikdə, onu yerinə yetirir, istəmədikdə isə yerinə yetirmir. “Əzaim” isə yerinə yetirilməsi və ya yerinə yetirilməməsi vacib olan işlərə deyilir.

وَ خَاصَّهُ وَ عَامَّهُ

“Quranın “xas” və “ümumi” hökmlərini aşkar etdi.” Xas hökmlər bir və ya bir neçə nəfərə, müəyyən bir şərait və zamana aiddir. Ümumi hökmlər isə müəyyən şəxsə və ya zamana xas deyil, hamıya və hər zamana şamildir.

وَ عِبَرَهُ وَ أَمْثَالَهُ

“Quranın “ibrət” və “məsəllər”ini aşkar etdi.”

Peyğəmbər (s) Quran ibrətlərini, tarixin ibrətamiz hadisələrini insanlara bəyan etdi. Ümmət zəiflədikdə, cəmiyyət günah içində çapalayıb süqut etdikdə, ibrətamiz əhvalatları, Quranda göstərilən məsəl və misalları, təşbih və bənzətmələri bəyan etdi.

وَ مُرْسَلَهُ وَ مَحْدُودَهُ

“Quranın “mürsəl” və “məhdud” hökmlərini aşkar etdi.” Mütləq şəkildə qeyd olunan hökmlərə “mürsəl” deyilir. Misal üçün, fılan bir iş gördükdə, mütləq bir qul azad etməlisiniz. Bu hökmə “mürsəl” deyilir. İslam və Qurani-Kərimdə qulların azadlığı müxtəlif şəkillərdə qeyd olunmuşdur və məqsəd isə insanın köləlikdən qurtulmasıdır. Burada qulun kişi və ya qadın, müsəlman və ya kafir olmasından söz getmir. Qeydsiz-şərtsiz “Qul azad edin” – deyə buyurulur. Bu hökmə “mürsəl” (mütləq) deyilir. Qeydli-şərtli və yaxud müəyyən bir xüsusiyyətlə bəyan olunan hökmə isə “məhdud” (müqəyyəd) deyilir.

وَ مُحْكَمَهُ وَ مُتَشَابِهَهُ

“Quranın “möhkəm” və “mütəşabeh” ayələrini aşkar etdi.” Açıq-aydın bəyan olunan ayələrə “möhkəm” deyilir. Aydın olmayan, insanda çaşqınlıq yaradan ayələrə isə “mütəşabeh” deyilir. Əlbətə, bu ayələr diqqətlə araşdırıldıqda və Qurandan xəbərdar olanlara müraciət edildikdə, məsələ aydınlaşır. Bəziləri Quranın “mütəşabeh” ayələrinin bəzi surələrin başlanğıcında zikr olunan “əlif, ləm, mim”[6], “kaf, hə, yə, əyn, sad”[7] kimi “müqəttəə” hərflərinə aid olduğunu da qeyd etmişlər.

مُفَسِّراً جُمَلَهُ وَ مُبَيِّناً غَوَامِضَهُ

“Quranın “mucməl”lərini təfsir və “müşküllərini” (çətin və mürəkkəb hökmlərini) bəyan etdi.”

بَيْنَ مَأْخُوذٍ مِيثَاقُ عِلْمِهِ

“Bəndələrdən ayələrin öyrənilməsi ilə bağlı alınmış əhd-peymana görə, onlara həmin ayələri (onların hökmlərini) öyrənmək vacibdir.”

وَ مُوَسَّعٍ عَلَى الْعِبَادِ فِي جَهْلِهِ

“Bəzi mətləblər, hökmlər və həqiqətlərin isə öyrənilməməsinə icazə verildi.”

Qeyd etdiyim kimi, bəzi hökmlərin öyrənilməsi hamıya vacib deyil, istəsən, öyrənə bilərsən, amma vacib deyil. Misal üçün, Mərhum Hacı Molla Haşimin “İrs” kitabını əvvəlindən sonuna kimi oxuyub araşdırmaq vacib deyil, uyğun məsələyə ehtiyac duyduğun zaman, həmin məsələni bilən bir kəsdən soruşub öyrənirsən. Bu cümlədə də məqsəd budur; bəndələrə bəzi məsələlərin öyrənilməməsinə icazə verildi.

Peyğəmbərin (s) Quran hökmlərilə bağlı səlahiyyətləri

وَ بَيْنَ مُثْبَتٍ فِي الْكِتَابِ فَرْضُهُ وَ مَعْلُومٍ فِي السُّنَّةِ نَسْخُهُ

Qurani-Kərimdə vacib edilən bəzi hökmlər Peyğəmbərin (s) sünnəsində qüvvədən düşmüşdür. Həmin hökm Qurani-Kərimdə qüvvədən düşməsə də, Peyğməbər (s) Allahın əmri ilə həmin hökmü ləğv etmişdir. Bu məsələnin heç bir maneəsi yoxdur. Soruşmayın nə üçün? Bu, Quranın qalıcı və davamlı olmaması anlamında deyil, əksinə Peyğəmbərin (s) əmrinin etibarlılığını və legitimliyini aşılayır. Misal üçün, hansısa bir idarənin rəhbəri (bir layihənin icrası ilə bağlı) bir məktubda verdiyi əmri növbəti məktubda ləğv edir və onun icrasının saxlanıldığına və yaxud lazımi mərhələyə çatdığına dair göstərişi imzalayır. Bir zaman göstəriş verirdisə, müavini bir müddətdən sonra onun yekunlaşdığını bildirir və rəhbərlik də onun sözünü qəbul edir. Bu nə deməkdir? Bu, müavinin sözünə qüvvət və rövnəq vermək, onun sözünün legitim hüquqa malik olduğunu bildirməkdir. Sadə dildə desək, buyurur ki, onun sözü söz, hökmü hökmdür. Odur ki, sözügedən cümlədə də Qurana hörmətsizlik yox, Peyğəmbərə (s) ehtiram etmək və onun legitim hüquqa malik olduğunu bildirmək deməkdir.

وَ بَيْنَ مُثْبَتٍ فِي الْكِتَابِ فَرْضُهُ – Yəni, Quranda vacib olması sübuta yetirilən hökmlər.

وَ مَعْلُومٍ فِي السُّنَّةِ نَسْخُهُ – Yəni, həmin hökmlərin Peyğəmbər (s) sünnəsində qüvvədən düşməsi.

وَ وَاجِبٍ فِي السُّنَّةِ أَخْذُهُ وَ مُرَخَّصٍ فِي الْكِتَابِ تَرْكُهُ

Bu ifadə isə öncəki ifadənin əksini açıqlayır. “Sünnədə icrası vacib olanların Quranda tərk edilməsinə icazə verilmişdir.” Peyğəmbər (s) hansısa bir məsələni xas bir üslubla icra edirdisə, məsələn, Mədinəyə köçməmişdən öncə Məkkəyə doğru namaz qılırdısa, Mədinəyə köçdükdən sonra Allah-Taalanın əmri ilə Beytül-Müqəddəsə tərəf namaz qıldı. Bu məsələ – nə öncə Kəbəyə doğru namaz qılması, nə də sonradan Beytül-Müqəddəsə doğru namaz qılması Qurani-Kərimdə zikr olunmayıb. Bir neçə müddət keçdikdən sonra Beytül-Müqəddəsə doğru namaz qılmaq əmrinin ləğv olunması ilə bağlı ayə nazil oldu və belə buyuruldu:

قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ

“(Ey Peyğəmbər!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!”[8]

Peyğəmbərin (s) sünnəsi və üslubuna əsasən, fərqli icra olunan bir hökm Quran ayəsi nazil olduqdan sonra ləğv olunur. Ləğv etmək və qüvvədən salmaq batil etmək mənasını daşımır, bu iki söz bir-birindən fərqlənir. Mənası budur ki, indiyə qədər elə icra edirdinsə, bunda sonra belə icra et. Bu qədər!

وَ بَيْنَ وَاجِبٍ بِوَقْتِهِ وَ زَائِلٍ فِي مُسْتَقْبَلِهِ

“Bəzi hökmlər müəyyən müddətdə vacib idisə, müddət bitdikdən sonra isə aradan qaldırıldı.” Misal üçün, zinakarlıqla məşğul olan ərli qadınlar barəsində ilkin hökm evdə həbs olunmaq idisə (حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُhəmin qadınları ölənə qədər evlərdə həbs edin)[9], sonradan bu hökm qüvvədən salındı.[10] Kimin vasitəsilə? Quranın, Peyğəmbərin (s) – Quranın təfsirçisinin vasitəsilə. Bəli, Əmirəlmöminin Əlinin (ə) kəlamlarının mənası bunlardan ibarət idi.

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Qurandan uzaq salma!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Muhəmməd və ali-Muhəmməddən də uzaq salma!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Quran və Quranın aliməqamlı təfsirçiləri ilə bağlı ifrat və təfritdən qoru!

İlahi! Bizi Qurandan uzaqlaşdıran, Quranla bizim aramızda fasilə salanların kökünü kəs və onların xəbis simalarını insanlara tanıtdır!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, Quranla tanışlığımızı daha da artır!

İlahi! Bizi Quranın göstərişinə uyğun işə və həyata sövq etdir, həyatımızı və ölümümüzü Quran buyruğuna uyğun olaraq müəyyən et!

 

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 


[1]. “İsra” surəsi, ayə 78.

[2]. Cümə” surəsi, ayə 9.

[3]. “Kafi”, c.2, səh.614.

[4]. “Əmali”, Şeyx Səduq, səh.415.

[5]. “Ənfal” surəsi, ayə 65.

[6]. Misal üçün, “Bəqərə” surəsi, ayə 1.

[7]. “Məryəm” surəsi, ayə 1.

[8]. “Bəqərə” surəsi, ayə 144.

[9]. “Nisa” surəsi, ayə 15.

[10]. Bəzi rəvayətlərə əsasən, bu ayənin hökmü “Nur” surəsinin 2-ci ayəsinin vasitəsilə ləğv olundu. “Təfsiri-Əyyaşi”, c.1, səh.227.

 

Google+ WhatsApp ok.ru