Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 18

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 18

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
18-ci hissə
 

 

9

ƏMİRƏLMÖMİNİN ƏLİNİN (Ə) HÖKUMƏTİNİN PROQRAMLARI-1[1]

Bağişlayan və mehriban Allahın adı ilə!

ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ‏ إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله) وَ الَّذِي بَعَثَهُ بِالْحَقِّ لَتُبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً وَ لَتُسَاطُنَّ سَوْطَ الْقِدْرِ حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ وَ لَيَسْبِقَنَّ سَابِقُونَ كَانُوا قَصُرُوا وَ لَيَقْصُرَنَّ سَبَّاقُونَ كَانُوا سَبَقُوا

Hakimiyyətin astanasında bir xütbə

Bu, 16-cı xütbədir və Seyid Rəzinin iki hissədə qeyd etdiyi bu xütbə nisbətən genişdir. Mənim qiraət etdiyim hissə isə xütbənin qısa hissəsidir, təqribən, xütbənin dörddəbir hissəsini təşkil edir. Əgər Allah-Taala müvəffəqiyyət bəxş edərsə, gələcəkdə xütbənin digər hissələrini də diqqətinizə çatdıraram!

Bu xütbənin macərası olduqca mühümdür. Çünki Əmirəlmöminin Əli (ə) bu xütbəni xilafət və siyasi rəhbərliyinin başlanğıc günlərində minlərlə müsəlman cəmiyyətinin hüzurunda söyləmişdir. Xütbənin başlanğıcında Əmirəlmöminin Əli (ə) öz öhdəlikləri ilə bərabər bir sıra ilahi qanunauyğun tarixi həqiqətləri وَ أَنَا بِهِ زَعِيمٌ‏ (Mən öhdəliklərimin hamısına zəmanət verirəm!) – ifadəsi ilə bəyan edir. Görünür ki, o Həzrətin bəyan edəcəkləri çox mühümdür. Adətən, insanlara təqdim edilən çox mühüm proqramlarda icraedici şəxs diqqəti daha da cəlb etmək və canıyananlıq göstərmək üçün özünü cavabdeh hesab edir. Hamı Əmirəlmöminin Əlini (ə) sözü və əməlində sədaqətli biri kimi tanıyır və bilirdi ki, o, verdiyi sözün üstündə möhkəm dayanacaq. Bununla yanaşı, o Həzrət danışıq məqamında sözlərini təkidlə vurğulayır:

ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ‏

“Mənim əhdim dediyim sözlərin girovundadır və mən onların hamısına zəmanət verirəm.”

O Həzrət zəmanət verdikdən sonra olduqca əhəmiyyətli bir mətləbə toxunur və onu lakonik, eyni zamanda dərin və dolğunmənalı bir cümlədə bəyan edir. Bunun bir proqram və ictimai tədbirin başlanğıcı ilə əlaqəli olduğunu nəzərə aldıqda, İslam cəmiyyətinin həm keçmişi, həm də gələcəyinə aid bir məsələ olması anlaşılır. Məsələni izah etdikcə, daha da aydınlaşacaq.

Keçmiş nəsillərin tale və aqibətindən ibrət almağa dəvət

Həzrətin buyurduğu cümlə budur:

‏إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ

“Həqiqətən, ibrətlər hər kimə qarşısındakı cəzaları aydınlaşdırırsa (kim keçmişdəkilərin aqibətlərindən ibrət alıb üzləşdiyi cəzaların səbəblərini ayırd edərsə), təqva onu şübhələr diyarına düşməkdən qoruyub-saxlayacaqdır.”

İmam (ə) həm keçmiş, həm indi, həm də gələcəkdən danışır. İmamın olduqca sadə sözünün məzmunu budur ki, hər bir şəxs üçün hazırkı narahatlıqlar, bəlalar və təhlükələr ibrətlər aynasına çevrilərsə, oyaq və ayıq olduğundan, heç vaxt bu təhlükələrə düçar olmayacaq. Demək, ibrətlər onun üçün hazırkı vəziyyəti göstərə bilən bir ayna rolunu ifa etməlidir. İbrət keçmişə aiddir. Keçmişdə baş verənləri diqqətlə izləyib düzgün anlamaq və təhlil etməyə çalışdıqda, indiyə qədər keçmiş sayılanlar sizin indiki və gələcək vəziyyətinizin təsvirinə çevrilməlidir.

Dünyanın və bəşər tarixinin dəyişilməz qanunları

Mətləbin anlaşılması üçün Əmirəlmöminin Əlinin (ə) keçmiş və gələcək tarixlə bağlı təfəkkür tərzi ilə bir qədər tanış olmalıyıq. O Həzrətin Qurana əsaslanan və bu dünyanın yaradılış günündən indiyə qədər ardıcıl və bir-birinə bağlı şəkildə baş vermiş hadisələrdən ibarət keçmiş tarixlə əlaqədar nəzərinə görə, bütün bunlar varlıq aləminə hakim qanunauyğunluqların nəticəsində yaranmışdır. Bu qanunauyğunluqlar dünyada daima icra olunan və dəyişilməzdir. Təbiətə baxdıqda da, minlərlə belə dəyişilməz qanunlar görürük. Şübhəsiz, bizim başımız üzərindəki buludlara bir qanun hakimdir, bu buludlar bir düstura əsasən meydana gəlir. Buludlardan yağan yağmur, bir-birini əvəzləyən gecə ilə gündüz bu hadisələri meydana çıxaran bir qanuna əsaslanır. İlahi təfəkkür tərzi bu qanunların varlığını qəbul edir. Yaradılış aləmində bu qanunlar daimidir. Nə qədər ki kainat var və bu kainatda Yer Kürəsi və Günəş – bu iki nəhəng varlıq hərəkətdədir və bu aləmə cazibə qüvvəsi hakimdir, gecə-gündüz təbii və dəyişilməz bir qanun olaraq hökm sürəcəkdir. On min illər öncə bu gecə-gündüzün yaranmasına səbəb olanlar, eynilə bu günə də aidir:

وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا

“Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!”[2]

Bura qədər məsələ aydındır: Təbiətə və yaradılış aləminə hakim qanunlar, ənənələr və rabitələr daimi və dəyişilməzdir.

Bəşər cəmiyyətində də, eynilə belədir. Kitablarda hansısa bir qövmün tarixin bir dönəmində maddi və mənəvi tərəqqi və zirvəyə ucaldığını oxuyubsunuz. Şübhəsiz, bu hadisə səbəbsiz yaranmayıb və müəyyən səbəbləri olub. Yaxud da hansısa bir tayfanın və məntəqənin sakinlərinin fılan yeni və gənc mədəniyyətin qurbanlarına çevrildiyini və yaxud hansısa məntəqədə hansısa canlı sivilizasiyanın tarixdən tamamilə silinib məhv olunduğunu, adının yalnız əfsanələrdə qaldığını da eşitmisiniz. Bütün bu hadisələr səbəbsiz baş verməmiş və onun müəyyən səbəbləri olmuşdur. Göydən yağışın yağmasının bir səbəbi olduğu kimi, xalqların da tərəqqi və tənəzzülünün səbəbləri vardır. Əgər hansısa bir cəmiyyətin bir zaman bədbəxtliyə düçar olduğunu, hər tərəfdən maddi və mənəvi zillət və yoxsulluqla əhatə olunduğunu eşitmisinizsə, dərhal anlamalısınız ki, bu, səbəbsiz, qanunsuz deyildir və mütləq onu yaradan səbəblər və onlar arasında bir rabitə olmuşdur. Çünki təbiət aləminə hakim qanun və hadisələrin müəyyən gerçəkliyi vardır və hər bir fenomen bir qanuna tabedir. Tarixdə baş vermiş hadisələr də bu qəbildəndir. Bir xalqın xoşbəxt olmasının bir neçə səbəbi vardır və bu səbəblər həmişə eynidir, heç vaxt dəyişilmir. Misal üçün, eramızdan və Həzrət İsa-Məsihin (ə) doğulmasından on min il öncə bir millət və cəmiyyətin maddi zirvəyə ucalmasına nə səbəb olubsa, həmin səbəb bu gün də hər hansı bir millət və ümmətdə, hər hansı bir məntəqədə baş verərsə, onları maddi zirvə və tərəqqiyə çatdıracaqdır. Eynilə, hansısa bir mədəniyyətin məhvinə nə səbəb olubsa, həmin səbəb, məsələn, Avropada və yaxud Amerikada yaranarsa, sözsüz, Avropa və Amerika mədəniyyətini məhv edib aradan aparacaqdır. Yenə tarixi düsturlar dəyişilməz, daimi, əbədi və həmişəyaşardır. Çünki:

وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا

“Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik olmaz!”

Bu, diqqətinizə çatdırmaq istədiyim mühüm bir mətləb və bugecəki bəhsimizin müqəddiməsidir. Amma yadınızda qalsın ki, İslam təfəkkür tərzinə əsasən, təbiətə, tarixə, insan varlığına, maddi və mənəvi məsələlərə, fərdi və ictimai həyata mütənasib və oxşar qanun və ənənələr hakimdir, onlar hadisələrin, fenomenlərin və nəticələrin yaranmasında eyni rolu ifa edirlər.

Tarixdən istifadə metodu

Eyni və oxşar səbəblərin eyni və oxşar nəticələr meydana gətirməsi mətləbini də artıq bildik. İndi isə gələcək üçün proqramlar tənzimləmək istəyirik. Əgər bir-iki məsələni icra edə bilsək, gələcək tədbirlər uğurla həyata keçəcək. Mövlanın kəlamının tərcüməsini diqqətdən qaçırmamalıyıq, öncə keçmişi düzgün tanımalı, düzgün təhlil və şərh etməli, tarixdə adını eşitdiyiniz millət və ümmətin hansı bədbəxtliklərə, bəlalara, ölümcül xəstəliklərə düçar olduğunu və bunların hansı səbəbdən baş verdiyini bilməliyik. İlk növbədə bunu başa düşməli, sonra gələcəyimiz üçün ilk amil və fenomendən ən yaxşı şəkildə bəhrələnməliyik. Necə bəhrələnməliyik? Tarixdə tanınmış və ya tanınmamış həmin ümmətin mübtəla olduğu bəlalar, xəstəlik və ölümlərin səbəbi bizim cəmiyyətimiz və gələcəyimizə ötürülməməsi, həmin tarixi təcrübə və ibrətin öz zamanımızın çatışmazlıq və xəstəlikləri, tənəzzül və süqutlarının qarşısını almaqda vasitə olması üçün çalışmalıyıq. Bu, birinci məsələ! Demək, keçmiş bizim gələcəyimiz üçün bir dərsdir və səbəbi də aydındır.

Tarixdən ibrət almaq məsələsi haqqında çox eşitmisiniz. Bu zəmində Quran ayələri, Əmirəlmöminin Əlinin (ə) kəlamı və bir çox rəvayətərdən açıq-aydın anlaşılan İslamın dəqiq təfəkkür tərzini bəyan etmək istəyirəm. Tarixdən ibrət almaq məsələsinin keyfiyyəti bundan ibarətdir ki, siz keçmişə baxmalı, onu təhlil etməli və keçmişi olduğu duruma salan səbəb və qanunları tanımalısınız. Bu keçmişə aiddir. Sonra indiki zamanımıza baxır, hər ikisini son dərəcədə diqqətlə araşdırır, ölümcül səbəblər və xəstəlik törədən virusların yaranmaması üçün münasib tədbirlər görəməyə çalışmalıyıq. Keçmişdən ibrət almaq budur! Bir sözlə, ilk mətləb insanın keçmişlə tanışlığıdır.

Təqva – Cəmiyyətlərin süqut amillərindən uzaqlaşmasının səbəbi

Keçmişi tanıdıqdan sonra, bizi keçmiş bəlalalara düçar olmaqdan saxlaya biləcək amil nədir? Təqva! Təqva insanı şübhə və xəta vadilərinə düşməkdən qoruyub-saxlayan bir amildir. Təqva nədir? Əgər təqvanı “həmişə Allahı yad etmək”, “həmişə namaz qılmaq” və “ilahi zikrlə məşğul olmaq” kimi məna etsəniz, bu, insanı gələcəkdə tarixi keçmişdə baş vermiş xətalara düçar olmaqdan qoruya bilməyəcək. Bunlar bir-birindən fərqli iki kateqoriyadır. Əgər təqvanı xalq kütləsinin qavrayıb düşündüyü “pəhrizkarlıq” kimi yanlış mənalandırsaq (əlbəttə, “pəhrizkarlıq” sözü üçün də düzgün məna nəzərdə tutmaq olar ki, bu haqda da söz açacağıq), bunun insanın gələcəkdə xətaya, şübhələr bataqlığına düşməyəcəyi ilə nə əlaqəsi var? Bunların da bir-birilə əlaqəsi yoxdur.

Təqvanın iki mənası

Elə isə təqva nədir? Təqvanı iki cür məna edəcək və onu iki prizmadan araşdıracağıq, lakin hər ikisinin nəticəsi eynidir və sonradan onun haqqında söz açdıqda, məsələni tamamilə ayırd edə biləcəksiniz. Biri budur: Təqva, yəni “qorunmaq”, “həssaslıq” və “lazımi diqqət”. Rəvayətlərimizdə də təqva bu cür məna edilmişdir. Bir nəfər Allah Rəsulundan: “Təqva nədir?” – deyə soruşduqda, Həzrət buyurur: “Heç əyninə uzun paltar geyindiyin halda tikanla dolu səhralıqda yol gedibsənmi?” Cavab verir ki, bəli, getmişəm! Həzrət soruşur: “Necə yol gedibsən?”

Uzun ərəb köynəyi geyindiyiniz halda, dörd tərəfi tikanlarla dolu olan bir səhralığın ortasındakı kiçik bir cığırla necə hərəkət edərsiniz? Tamamilə diqqət, ehtiyat və həssaslıqla hərəkət edərsən ki, tikanlı kollara ilişməyəsən, tikanlar ayağına batmasın. Amma insan asfalt yolda asanlıqla, başını yuxarı qaldırıb dostu ilə söhbətləşdiyi halda hərəkət edə bilir. Tikanlı səhralıqda və yaxud təhlükəli, dolanbac və dar yollarda isə belə hərəkət etmək qeyri-mümkündür. Burada son dərəcədə diqqətli, ehtiyatlı və ayıq olmaq lazımdır ki, yolu düzgün şəkildə qət edə biləsən (və ayağın sürüşməsin). Təqva budur!

Başqa bir rəvayətdə İmamdan (ə): “Təqva nədir?” – deyə soruşduqda, İmam (ə) buyurur:

أن لَا یَفْقِدَكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَجِدَكَ حَیْثُ نَهَاكَ

“Allah səni əmr etdiyi yerdə qaib görməsin və qadağan etdiyi yerdə də hazır görməsin.”[3]

Yəni, Allahın sənin hazır olmağını istədiyi yerdə hazır olasan və qadağan etdiyi yerdə də olmayasan. Bunun üçün lazımi diqqət, ehtiyat və mərifət lazımdır. Demək, təqva “diqqətli olmaq” deməkdir, diqqətli olmaq da daim səhv və xətadan çəkinmək, ehtiyatlı olmaq mənasını daşıyır. Bu mənada “pəhrizkarlıq” sözü, qeyd etdiyim kimi, düzgündür və “Allahı yad etməkdən yaranan qorxu” mənasını ifadə edir. Bu vəziyyətdə insan daim ehtiyatlı olmağa çalışacaq, eynilə döyüş meydanında və yaxud təhlükəli yolda gecə yarısı bir saat yatmaq istəyən şəxsə bənzəyəcək, o, belə vəziyyətdə yalnız mürgüləyə biləcək, daim ayıq olacaq, həssaslıq göstərəcək, azacıq səs-səda, azacıq külək səsi onu oyaq saxlayacaq. Bu halətə “təqva” deyilir. Qəlbin əsla yatmamalıdır, asudə insanlar kimi gözünü bağlamamalı və əlini sallamamalısan ki, başqası sənin əlindən tutub apara bilməsin. Həssas olmalısan, hara getdiyini, nə işlə məşğul olduğunu, kimin üçün işlədiyini, necə işlədiyini, işinin sonu və aqibətinin necə olacağını mütləq bilməlisən. Təqva budur və bu, onun bir yönüdür.

Təqvanın başqa yönü haqqında isə həmişə danışmışam. Təqva düşmənin aşa bilmədiyi bir hasar və qaladan ibarətdir. Xəstəliklər qarşısında bu hasarın adı (insana vurulan) vaksindir. Bu vaksin nədir? Vaksin (misal üçün) vərəm, malyariya və bu kimi xəstəliklərə qarşı sizin orqanizminizdə müqavimət yaradır və xəstəliyin qarşısını alır. Xəstələndikdən sonra, vaksindən müalicə üçün istifadə edilmir, əksinə insanda vərəm, malyariya, göy öskürək və sairə xəstəliklər baş qaldırmamışdan öncə bədənə vaksin yeridilir. Bu da təqvadır və hər iki məna bir nöqtəyə qayıdır. İnsanı və cəmiyyəti tarixi təhlükələr qarşısında vaksinasiya edən nədir? Oyaqlıq, ayıqlıq, qarşıdakı quyuları tanımaq, keçmiş nəsilləri süquta uğradan təhlükəli keçidlər haqqında məlumat əldə etməkdir. İnsan bunları bilməlidir və təqva budur! Gələcəkdə səhv və xətaya düşməmək üçün bunlardan xəbərdar olmaq da zəruridir. Yalnız keçmişdən xəbərdar olmaq kifayət etməz, həssaslıq da lazımdır. Yoxsa ki, keçmiş xalqların əhvalatı və aqibətini diqqətlə oxuyub təhlil etməsinə baxmayaraq, qorunmayan, ehtiyat etməyən və ibrət almayan insanlar çoxdur. Buna görə də, kəllə-mayallaq yerə dəymişlər. Belələri azdırmı? Əmirəlmöminin Əlinin (ə) barəsində söz açdığı kəslər bu qəbildən idilər.

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, xütbə 16 – 1974/11/29.

[2]. “Əhzab” surəsi, ayə 62.

[3]. “Vəsiluş-şiə”, c.15, səh.239 (azacıq fərqlə).

 

Google+ WhatsApp ok.ru