Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 19

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 19

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
19-cu hissə
 

Hazırda və gələcəkdə məğlubiyyətdən qurtulmaq üçün bəşəriyyətin keçmişinin araşdırılması

Əmirəlmöminin Əli (ə) bu haqda danışaraq buyurur:

إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ

“Həqiqətən, ibrətlər kimə qarşısındakı cəzaları aydınlaşdırırsa, təqva onu şübhələr diyarına düşməkdən qoruyub-saxlayacaqdır.”

Cümlədə qeyd edilən صَرَّحَتْ (sərrəhət) ifadəsi pərdəni çəkmək mənasını verir. Bir nəfər pərdəni kənara çəkdikdə, onun arxasındakılar görünəcək, aşkar olacaqdır. “İbrətlər kimə aşkar edərsə,...” Nəyi aşkar edərsə? Keçmişi və tarixin narahatlıqlarınımı? Xeyr! Bu, elə də mühüm deyil, əksinə müqəddimədir. عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ “Qarşısındakı cəzaları və bədbəxtlikləri.” İnsan keçmişi və tarixi qanunauyğunluqları tanımaqla zahirdə sakit görünən bu cəmiyyətin bətnində nələrin baş verdiyindən, onun bugünkü və sabahkı taleyindən xəbərdar olmalıdır.

İctimai təbəqələşmə – Cəmiyyətlərin süqut amili

Kim tarixə baxıb Allah-Taalanın:وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا  “Biz bir məmləkəti məhv etmək istədikdə, onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları yerlə yeksan edərik.[1] – deyə buyurduğu hökm və qanununu anladıqda, bilməlidir ki, bir cəmiyyətin başçıları, sərvətliləri və kübar təbəqəsi Allaha itaətsizlik etdikdə, pis işlərə qurşandıqda, həmin cəmiyyətin ölümü və sivilizasiyasının tənəzzülünün vaxtı yaxınlaşmışdır. Bu, Allah-Taalanın qəti hökmüdür.

كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَى. أَن رَّآهُ اسْتَغْنَى

“...İnsan azğınlıq edər, özünün dövlətli olduğunu gördüyü üçün![2]

Bəzilərinin pulu və sərvəti olduğu üçün günaha qurşanar, cəmiyyəti fitnə-fəsada çəkər, dikbaşlıq edər, eyş-işrətlə məşğul olar, zəiflərin haqqını mənimsəyər, acların vacib haqlarını öz müstəhəb işləri – övladları, yaxınları, nökərləri, özlərinin ev heyvanları yolunda xərcləyər, bir insanın bir həftəlik xərcini bir gün ərzində öz itlərinə verər, bir şəhərin bir illik azuqəsini gecə ikən bir qonaqlıqda tələf edərlər. Günah və fəsada qərq olduqda, nəticəsi aşağıdakı kimi olur:

فَحَقَّ عَلَيْهَا الْقَوْلُ

Onların barəsində Allahın qəti hökmü və qanunu gerçəkləşir.

فَدَمَّرْنَاهَا تَدْمِيرًا

Və həmin cəmiyyət dağılıb yerlə yeksan olur”, kübarlılıq və elitarlıqdan əsər-əlamət qalmır. Bu, dünyanın hansı hissəsinə aiddir? Bütün dünyaya! Bəs hansı zamana? Dünyanın və tarixin əvvəlindən sonuna kimi bütün zamanlara aiddir, müəyyən bir vaxtı və məkanı yoxdur, bütün əsrlərə məxsusdur. Bu, bir qanundur.

Bir cəmiyyətdə ayrı-seçkilik varsa, orada korrupsiya da, öldürücü yoxsulluq , günah və fəsad, zülm və azğınlıq da var. Bu, qaçılmazdır. Bir cəmiyyətdə sərvət toplamaqda mütləq azadlıq vardırsa, deməli, korrupsiya və maliyyə maxenasiyalarının olmaması qeyri-mümkündür. İslamın hansı qanunu icazə verir ki, varlı insan pul qazanmaq və xərc etməkdə istədiyini etsin? Bu, İslamın hansı məntiqi ilə uzlaşır? İslam icazə vermir. Nə üçün icazə vermir? Çünki kapitalistlər, varlılar, imkanlılar, sərvətlilər, əyan-əşraf və kübar insanlara tamamilə azadlıq və sərbəstlik verilsə, “bu asfalt yol, bu da yüyənsiz at, hara istəsən çapa bilərsən, kimi istəsən, əzə və kimi istəsən, sıxıntıda saxlaya bilərsən” mənasında başa düşəcək və bu istiqamətdə addımlayacaqlar. Bu zaman sosial təbəqələşmə yaranır, sosial təbəqələşmə yarandıqda, bədbəxtliklər və cinayətlər baş qaldırır.

Elə günahlar var ki, yalnız yeməkdən partlayan bəzi insanlara məxsusdur. Günahın başqa bir növü də acından ölən bəzi insanlara aiddir. İkinci qrupa aid insanlar da günahkar sayılır, müxtəlif bəlalara məruz qalırlar. Günah etmək yoxsulluğun xasiyyətidir. Yoxsul təbəqə zəngin təbəqə müqabilində bədbəxt olur, zillətə boyun əyir, şərəf və insanlıq ləyaqətini itirir və bu günahdır. Allahdan başqası müqabilində baş əyir və bu, ən böyük günahdır. Ona nə verirlərsə alır, qarşılığında nə təklif edirlərsə, qəbul edir, bu da böyük günahdır. Bir sözlə, günaha, fəsad və bədbəxtlik vasitəsinə, başqasının əlində alətə çevrilməsinə razı olur, bu isə bütün günahların sonu deməkdir. Yoxsulluğun hakim olduğu cəmiyyət də buna bənzəyir. Odur ki, Qurani-Kərimdəوَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً  “Biz bir məmləkəti məhv etmək istədikdə...” – deyə buyurulur. Bir sivilizasiyanın, bir şəhər və cəmiyyətin məhvinə hökm verilirsə, demək, həmin cəmiyyətə kübar insanlar, naz-nemət içində yaşayan başçılar hökmranlıq və zülmkarlıq edərək fəsad və günah törədəcək, insanlıq dairəsindən çıxacaqlar. Nəticə etibarilə, hər yeri günah bürüyəcək, günah başqa bir günahı çəkib gətirəcək. Günahın təbii xasiyyəti cəmiyyəti məhv etməkdir. Cəmiyyətin məhvi nə deməkdir? Cəmiyyət üzvlərinin bir-bir ölməsimi? Xeyr! Bundan da üstün bir məna ifadə edir. Hamı axır ki, bir-bir öləcək. Məqsəd bir mədəniyyətin, bir sivilzasiyanın və bir cəmiyyətin ölməsidir. Siz bu gün qədim Babili göstərə bilərsinizmi? Qədimdə adı və şöhrəti hər yerə yayılan o cəmiyyət hanı? Bəs yunanlar hanı? Gözləri qamaşdıran o möhtəşəm sivilzasiya hanı? Məhv olub aradan getdilər. Cəmiyyətdə onların mədəniyyətindən əsər-əlamət qalmadı. İslam cəmiyyəti də bu vəziyyətə düşmüşdü. Bu, müqəddimə idi.

Əmirəlmöminin Əli (ə) bizə bunu bəyan edir. O Həzrət buyurur ki, kim keçmişi tanısa və onun vasitəsilə mövcud xəstəlikləri, nağd cəza və bəlaları tanısa (عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِibrətlər hər kimə qarşısındakı cəzaları aydınlaşdırarsa), o zaman حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ “təqva, həssaslıq, diqqət, ehtiyat və ayıqlıq onu şübhələr diyarına düşməkdən qoruyub-saxlayacaqdır.” O, bir daha səhvə düçar olmayacaq. Əmirəlmöminin Əlidən (ə) qabaqkı İslam cəmiyyəti və o Həzrətin hüzurunda əyləşib söhbətinə qulaq asanlar o Həzrətin xəbər verdiyi bəlalara və acı hadisələrə düçar olmuşdular. O Həzrət bu həqiqəti görür və yaxından onlara məlumat verirdi.

Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra İslam cəmiyyətinin azğınlığı

Peyğəmbəri-Əkrəm (s) dünyadan köçdüyü vaxt o Həzrətin rəhbərliyi ilə təhlükəli keçidləri və yoxuşlu yolları aşan İslam karvanı hələ də tərəqqiyə doğru irəliləyirdi. Onlar İslam və Quranın ləzzətini dadmışdılar. İslam və Quran bu cəmiyyətdən ayrılmamalı idi, amma bu iş baş tutdu. Cəmiyyət yerində saymağa, hətta geriləməyə başladı. Məgər ilk anlarda cəmiyyətin gerilədiyi bilinirdimi? Bir müddət keçdikdən sonra bilinəcəkdi. Peyğəmbəri-Əkrəmdən (s) sonra haçan İslam cəmiyyətinin irticaçılığı və geriləməsi bilinməyə başladı? Böyük İslam mübarizləri, qılıncları ilə İslama başıucalıq gətirənlər künc-bucaqda eyş-işrətlə, sərvət yığmaq və ağalıq etməklə məşğul olmağa başladıqları zaman, eyiblər üzə çıxmağa başladı. Zahirə aldananlar bunu gözləmirdilər, gördülər ki, bir tərəfdə Əbdürrəhman ibn Ovf, bir tərəfdə Zübeyr ibn Avam, bir tərəfdə Təlhə ibn Übeydullah, bir tərəfdə İran fatehi Səd ibn Əbi Vəqqas eyş-işrətlə məşğuldurlar. Hələ bunlar tanınmışlar idi. Tanınmayan minlərlə simaların da başqa yerlərdə başları sərvət yığmaq və eyş-işrətə qarışmışdı. Bu məsələ, artıq, cəmiyyətdə təbəqələşmə yarandığı zaman bilindi. Bu təbəqələşmə birdən-birə deyil, tədriclə baş vermişdi. Onların tutduqları yolun sonu belə də olmalı idi. Xəstəlik baş verdikdə və insan dəyərdən düşdükdə, zahiri kriteriyalar dəyərə çevrilir. İnsan kimdir? Allahın verdiyi nemətlərdən layiqincə bəhrələnib özünü tərbiyələndirən varlıqdır! İnsan Əbuzər Qifaridir. İslamın bu cəmiyyətdə süquta uğradığı və məhvə məhkum olduğu bilindiyi gün Əbuzər kimiləri sürgün etdilər. Bir cəmiyyətdə Əbuzər kimilər rahat və təhlükəsiz yaşaya bilmirsə, həmin cəmiyyətin islami cəmiyyət olmadığı gün kimi aydındır, bunun dəlil-sübuta ehtiyacı yoxdur. Bir cəmiyyətdə Abdullah Məsudun qabırğaları sındırılırsa, demək, bu cəmiyyətə “islami cəmiyyət” adını vermək olmaz. Bir cəmiyyətdə yəhudilərin baş mollası Kəbul-Əhbar adlı xəbis, ikiüzlü və mənfur bir yəhudi zahirdə müsəlman olur, amma imtahan edilmədən, biliyinin doğruluğu yoxlanılmadan Osmanın əlinin altında çalışmağa (mollalıq etməyə) başlayır. Abdullah ibn Abbas kimilər isə onun qarşısında şagirdlik etməlidirlər. Belə cəmiyyətin islami cəmiyyət olmaması məlumdur və bunun üçün başqa dəlil-sübuta ehtiyac yoxdur.

Belə bir vəziyyətdə aydındüşüncəli, azadfikirli insanlar Əlinin (ə) bu göstərişinə əməl etməliydilər, amma etmədilər. O Həzrət onlara xatırladaraq buyurur:

إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ

“Həqiqətən, ibrətlər hər kimə qarşısındakı cəzaları aydınlaşdırırsa, təqva onu şübhələr diyarına düşməkdən qoruyub-saxlayacaqdır.”

Həmin gün camaat Ad, Səmud və Firon qövmünün həlakət səbəblərini arayıb-araşdırmalı və ondan ibrət almalı idi. Məgər Qurani-Kərimdə:إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِّنْهُمْ – “Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı. Onlardan bir dəstəni zəifliyə (və qul olmağa) sürükləyirdi.” – deyə buyurmamışdı? Fironla bağlı məsələ budur və bundan başqa deyil. Fironun أَنَا رَبُّكُمُ الْأَعْلَى“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” – iddasını təhlil etsən, bunu görəcəksən. Əgər Fironun qəlbinə daxil olsan, Allahın varlığının inkarını görəcəksən. Yoxsa, haradasa eşitmisiniz ki, Firon Allaha inanırdı? Bir sözlə, camaat da onun əhvalatını Quranda oxumuşdular, bu tarixi hadisədən düzgün nəticə çıxararaq, onu bir ayna kimi öz qarşılarına qoymalı və nə gördüklərinə tamaşa etməliydilər.

“Yer üzündə baş qaldırıb hökmranlıq edən” kim idi? “Oranın əhalisini müxtəlif zümrələrə parçalayan” kim idi? “Onlardan bir dəstəni zəifliyə və qul olmağa sürükləyən” kim idi? Fərq bu idi ki, o gün Firon bunları edirdisə, müsəlman xalqının zamanında da Fironu başqası əvəz edirdi. Bunu camaat görməli və başa düşməliydi ki, belə vəziyyətdə islami həyat tərzi sürmək qeyri-mümkündür.

Yaşamaq olurdu, amma islami tərzdə yaşamaq, İslama etiqad bəsləmək mümkün deyildi. Müsəlman cəmiyyətinin özünə təkan verməkdən başqa yolu qalmamışdı. Amma bunu anlamırdılar. Bunu onlara deyən Əmirəlmöminin Əli (ə) oldu.

Bəli, Əmirəlmöminin Əli (ə) həqiqətləri söylədi. Bundan sonra zəngin ilahi elmin mənbəyi, hər şeydən – keçmiş tarixi ibrətlərdən, hazırkı və gələcək hadisələrdən agah, ibrət aynası, Allah tərəfindən uzaqgörənlik nemətinə sahib olan Əmirəlmöminin Əli (ə) baxıb hər şeyi görür, buna görə də İslam cəmiyyətini keçmiş bataqlıqlara düşməkdən qoruyub-saxlayan bir proqram tənzimləyir. Keçmiş bataqlıqlar nə idi? Zülmkarlıqlar, haqsızlıqlar, fəsadlar, insanların bir-birinin canına düşməsi, camaatın boğazından yapışan bədbəxtliklər. O Həzrət elə bir proqram tənzimləməliydi ki, bu bədbəxtliklər bir də baş qaldırmasın.

İslam cəmiyyətinin cahiliyyət dövrünə qayıdışı

Burada Əmirəlmöminin Əlinin (ə) sonrakı cümləsini şərh edəcəyəm, lakin ondan əvvəlki cümlə də çox maraqlıdır:

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

“Agah olun! Həqiqətən, sizin başınıza gələn bəla Allahın sizin Peyğəmbərinizi (s) seçdiyi gündə düçar olduğunuz bəlanın forması kimidir.”

Əmirəlmöminin Əli (ə) dörvünün mürgüləyən, tarixi izləməsinə baxmayaraq, öz zəmanəsini izləməyən insanlara zəmanəni tanıtdırır. Doğrudan da, cəmiyyətdə ayıq bir insanın vəzifəsi nə qədər də ağırdır! Bir ayıq insanın vəzifəsi anlamayan cəmiyyətə yalnız keçmişi deyil, mövcud və indiki zamanı, həm də gələcəyi başa salmaq, şərh etmək və işıqlandırmaqdır. Əmirəlmöminin Əli (ə) bu cümlədə bu vəzifəni icra edir, sanki cəmiyyətə deyir ki, ay camaat, ey sadəlövh insanlar, yalnız Mədinə məscidində namaz qılmaqla, Peyğəmbəri-Əkrəmin (s) zəmanəsinə nisbətən məscidi genişləndirməklə özünüzə təskinlik verməyin! Ey İslam sərkərdələri! İslam dünyasını fəth etməklə, hər bir yerdə Quran və “Əşhədu əllə iləhə illəllah” səslərinin ucalması, camaatın namaz qılması, həccə getməsi, oruc tutması, zəkat verməsi ilə sevinməyin! İslam elə budurmu? Belə deyil, yanılırsınız! İslamın və Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyinin ilk günlərində bəşər cəmiyyətini təhdid edən bəlalar, eynilə sizin zəmanənizə üz gətirmişdir. Fərq yalnız bu bəlaların dinin və İslamın zahiri libası ilə örtülməsindədir. Yalnız zahiri deyil, onun pərdəarxasını da görə bilən və tanıyan gözlərin xoş halına! Əmirəlmöminin (ə) bunu anlatmaq istəyir və buyurur:

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ

Agah olun ki, o böyük bəla geri dönmüşdür!”

Necə dönüb?

كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

“Peyğəmbəri-Əkrəmin (s) zəmanəsində mövcud olan bəla kimi! O Həzrətin zəmanəsindəki bəla nə idi? Şirkmi? O Həzrətin peyğəmbərliyi dövründə ərəb xalqı və bütün dünyanı bürüyən bəla zalım hakimlər, kütləvi quldarlıq, köləlik və istismarçılıq idi. O günün cəmiyyətinə nadanlıq hakim idi və cəmiyyət öz nadanlığını anlamırdı, bədbəxtliklər cəmiyyətin boğazından yapışıb buraxmırdı, onlar isə bunu hiss etmirdilər. O gün insanlar müxtəlif tanrılara səcdə edirdilər. Əmirəlmöminin Əli (ə) buyurur ki, ay yazıqlar, indi də belə bir vəziyyət yaranıb və sən elə bilirsən ki, üzünü Allaha tərəf tutub Ona səcdə edirsən! Bəli, zahirdə Allaha səcdə edirsən, amma qəlbən və cismən minlərlə müxtəlif qondarma tanrılara mütisən. Yalançı tanrı və məbudların daş və ağac, ya da insan cinsindən olması arasında heç bir fərq yoxdur.

Bu tanrı Adəm oğullarından, insan ailəsindən idi. Onun ağlamaq və məsum baxışlarla, yaxud qaş-qabaq sallamaq və qılınc siyirməklə, yaxud zahirdə dindar olması, ya da aşkar şəkildə küfr və şirkini elan etməsi ilə insanı öz itaətinə və Allah dərgahında günaha dəvət etməsi arasında heç bir fərq yox idi!

Əmirəlmöminin Əli (ə): “Agah olun! Peyğəmbəri-Əkrəmin (s) zəmanəsində düçar olduğunuz bəla, eynilə yenidən sizə üz tutub. Bilin ki, Peyğəmbəri-Əkrəmin (s) dövründəki cahiliyyət kimi, indi də acınacaqlı vəziyyətdə, cahiliyyətdəsiniz, zahiri şeylərlə özünüzü aldatmayın.” – deyə buyurmaqla insanlara hazırkı durumlarını açıqlayırdı.

Görəsən, Peyğəmbəri-Əkrəmin (s) dövründə ərəb xalqlarının başına nələr gəlmişdi? O dövrdə müsəlman olanlar olmuş, müsəlman olmayanlar və İslama müxalif olan bütün qüvvələr də müsəlmanların əlləri ilə həlak edilmişdilər.

Həzrət buyurur ki, ay camaat, siz də həlak olacaqsınız, Osmanın hakimiyyət yükündən nicat tapsanız da, həyat tərziniz hələ də Osmanın dövründəki kimidir. Yanlış rejimlər dağıldı, bilin ki, sizin də yanlış quruluşunuz dağılıb aradan gedəcək.

Təsəvvür edin ki, qayanın üstündə və hündür bir yerdə dayanmısınız, əlinizdə də kəndirə bağlanmış ağır bir daş vardır. Birdən bu daş əlinizdən düşüb yuxarıdan aşağı dığırlanır. Bu zaman siz iki yoldan birini seçməlisiniz: ya əlinizdəki kəndiri buraxmalı, ya da siz də daşla birlikdə uçuruma yuvarlanmalısınız. Cəmiyyətdə hansısa bir quruluş, təşkilat və mədəniyyət məhvə və süquta məhkum oldusa, həmin quruluşu, təşkilatı və mədəniyyəti qəbul edib ona üzv olanların qarşısında da iki yol vardır: ya üzvlükdən çıxmalı, ya da həmin quruluş, təşkilat və mədəniyyətin dağılması ilə onlar da məhv olmalıdırlar. Əmirəlmöminin Əli (ə) insanlarla eynilə bu cür danışır və buyurur ki, sizin başınıza gələn bəlalar elə keçmiş bəlalardır və probleminiz Peyğəmbəri-Əkrəmdən (s) öncəki cahiliyyət dövrünün nadanlığıdır.

Əmirəlmöminin Əlinin (ə) vasitəsilə cəmiyyətdə əsaslı dəyişiklik

İndi sizinlə nə etmək lazımdır? Sizinlə necə rəftar etməliyik? Proqramı necə tənzimləməliyik? O zaman Həzrət buyurur:

وَ الَّذِي بَعَثَهُ بِالْحَقِّ لَتُبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً وَ لَتُسَاطُنَّ سَوْطَ الْقِدْرِ حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ

“And olsun Peyğəmbəri haqq olaraq göndərənə! Bir-birinizə elə qarışacaqsınız, elə yuxulayacaq, elə pərişan olacaq, elə yıxılacaqsınız, torpaq ələkdən keçdiyi kimi, islami meyarlarla elə ələnəcək və bu meyarlarla uzlaşmadıqda meydandan elə qovulacaqsınız, qaynar qazan kimi elə qaynayacaqsınız ki, sizdən ən aşağıda olan ən yüksək məqama yüksələcək, sizdən ən yüksəkdə olan isə ən aşağı məqama enəcək, eynilə qazanın içində qaynayan maddə kimi olacaqsınız.

Əmirəlmöminin Əlinin (ə) cümləsi budur. Sizi Allaha and verirəm, baxın görün, qısa bir cümlədə nə qədər maarif var! Mən naqis bəyanımla, azacıq imkanla Həzrətin bu bir neçə cümləsinə etdiyim şərh bir saat, bir saatdan da artıq çəkir. Siz bacı və qardaşlar, çalışın, özünüzü bu çeşməyə yaxınlaşdırın, onun üzərində düşünün. “Nəhcül-bəlağə”ni başa düşmək üçün bəşər tərəqqisinin bizə verdiyi yeni dünyagörüşdən bəhrələnək. Əgər ayıq olsaq və bəsirət gözünə sahib olsaq, mərifət okeanları ilə üzləşəcəyik.

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Ələvi maarifi ilə tanış et və ona əməl etməkdə bizə müvəffəqiyyət bəxş et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əmirəlmöminin Əlinin (ə) həqiqi şiələrindən et!

İlahi! Tarixi ibrətlərə qarşı gözümüzü aç!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, keçmiş və indiki vəziyyətimizi bizə əyan et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əlinin (ə) ardıcılarından et, dünya və axirətdə, fərdi və ictimai həyatımızda, yaşayışımızda və ölüm zamanımızda bizi Əlidən (ə) ayrı salma!

Rəhiməllahu mən qərəəl-fatihə – Fatihə surəsini oxuyana Allah rəhm etsin.

 

Ardı var.. 

 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 


[1]. “İsra” surəsi, ayə 16.

[2]. “Ələq” surəsi, ayə 6-7.

 

Google+ WhatsApp ok.ru