Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 20

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 20

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
20-ci hissə
 

10

ƏMİRƏLMÖMİNİN ƏLİNİN (Ə) HÖKUMƏTİNİN PROQRAMLARI-2[1]

Bağişlayan və mehriban Allahın adı ilə!

ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ‏ إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله) الَّذِي بَعَثَهُ بِالْحَقِّ لَتُبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً وَ لَتُسَاطُنَّ سَوْطَ الْقِدْرِ حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ وَ لَيَسْبِقَنَّ سَابِقُونَ كَانُوا قَصُرُوا وَ لَيَقْصُرَنَّ سَبَّاقُونَ كَانُوا سَبَقُوا وَ اللَّهِ مَا كَتَمْتُ وَشْمَةً وَ لَا كَذَبْتُ كِذْبَةً وَ لَقَدْ نُبِّئْتُ بِهَذَا الْمَقَامِ وَ هَذَا الْيَوْمِ أَلَا وَ إِنَّ الْخَطَايَا خَيْلٌ شُمُسٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا وَ خُلِعَتْ لُجُمُهَا فَتَقَحَّمَتْ بِهِمْ فِي النَّارِ أَلَا وَ إِنَّ التَّقْوَى مَطَايَا ذُلُلٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا وَ أُعْطُوا أَزِمَّتَهَا فَأَوْرَدَتْهُمُ الْجَنَّةَ[2]

 

Ötən söhbətin xülasəsi

Qeyd etdiyimiz kimi, bu xütbə xilafətin ilk günlərinə aiddir və Əmirəlmöminin Əli (ə) İslam xəlifəsi və hakimi olaraq öz xalqına etdiyi ilk çıxışında bu xütbəni söyləmişdir. Bu xütbə əvvəldən axıra kimi fəsahət, bəlağət nümunəsi və söz gözəlliyinə rəğmən, olduqca zəngin möhtəvanı, dərin mənanı, xalq və onun rəhbərinin ictimai həyatına aid zəruri məsələləri əks etdirir. Xütbənin başlanğıcında qeyd etdiyimiz kimi, Əmirəlmöminin Əli (ə) verdiyi sözün icrasına zəmanət verir, sonrakı cümlədə isə olduqca mühüm bəşəri qanunauyğunluqdan söz açır; belə ki, kim keçmiş ibrətlərdən nəticə çıxarsa və ibrət aynasında gələcək təhlükələri müşahidə etsə, təqva ruhu, həssaslıq, diqqət, ehtiyat və zahiri haqq, batini isə batil görünənlərdən çəkinmək sayəsində onlardan amanda qalacaqdır.

Keçən həftə geniş şəkildə şərh etdiyimiz kimi, insan yaradılışı ilə əlaqəli bu məsələ həyatın qanunauyğunluqlarının inikası olmaqla yanaşı, Əmirəlmöminin Əlinin (ə) çıxış etdiyi xüsusi zaman çərçivəsi və mövqeyində bir reallıq və gerçəkliyin təsviri idi. Yəni, o Həzrət bu bəyanla iyirmi beş il yanılan və bu yanlışlığın cəzasını çəkən bir xalqa öz keçmiş səhvlərini təkrarlamaması, gələcəyin yolundakı çətinliklərin aradan qaldırılması istiqamətində onlardan ibrət almasını buyurur. Həzrət onlara Allahın bəxş etdiyi ağıl və iradə xüsusiyyətinə sahib bir varlıq kimi, öz ənənəvi səhvlərinə qapanıb qalmamağı tövsiyə edir. Yəni, indiyə qədər etdiyiniz səhvlər kifayətdir! Səhvə yol verməyiniz nəticəsində Allahın layiqli və səlahiyyətli insanlara aid etdiyi məqamı nalayiq şəxslərə həvalə etdiniz və ictimai-siyasi qüdrət məqamını ilahi meyarlarla uzlaşmayan kəslərə tapşırdınız. Səhvliyiniz səbəbilə Quran üzərində düşünmədiniz, Peyğəmbəri-Əkrəmin (s) vəsiyyətinə əməl etmədiniz və bu səhvlərin cəzasını çəkdiniz. Bu səhvlərin cəzasını necə çəkdiniz? Uca səslə Quran oxunan bir cəmiyyətdə Əbuzərlər, Abdullah ibn Məsudlar, Əmmar Yasirlər, yaxşı və seçilmiş insanlar azlıq təşkil etdilər! Bu zümrənin fəzilət və dəyərlərindən məhrum qalan insanlar sizin və onların taleyinə hakim kəsildilər və bu, ən ağır cəza idi. İslamın zahirinə önəm verməklə onun batini, mənası və həqiqətini anlamadınız və ondan uzaq qaldınız. Elə bilirdiniz ki, Allah yolunda cihad edirsiniz və fəth olunmamış əraziləri fəth edəcək, sərvət, dövlət və qüdrətləri öz əlinizdə toplayacaqsınız. Amma sizin cəmiyyətinizdə İslamın əsas bünövrələrindən biri olan hüquq bərabərliyi və yaşayış vasitələrindən bərabər şəkildə istifadə hüququndan əsər-əlamət olmadığını bilmədiniz. Sizin cəmiyyətinizdə insanlar ac olduqlarından gecəni yata bilmir, analar övladlarını qazanın dibinə yalnız adi su tökməklə başlarını qatır və yatızdırırdılar. Amma Əbdürrəhman ibn Ovf öldükdən sonra onun varisləri ondan qalan qızılları balta ilə doğrayıb öz aralarında bölüşdürürdülər.[3] Bu dərəcədə dəhşətli ictimai təbəqələşmə harada görülüb?!

Haqqı haqq sahibinə, qüdrət və hakimiyyəti Allahın tapşırdığı şəxsə həvalə etmədiyiniz üçün indi də onun cəzasını çəkirsiniz. Elə bildiniz ki, sizin cəmiyyətinizə Peyğəmbər (s), layiqli və səlahiyyətli əmr sahibləri rəhbərlik etmədikdə, sizin aranızdan Quranlar yığışdırılacaq? Amma Quran oxunduğu üçün İslamın hələ də yaşadığını təsəvvür etdiniz! Əmirəlmöminin Əlini (ə) ev dustağı etdikdə, ilahi haqqı öz sahibindən aldıqda (ilahi meyarlara əsasən, bu məsələdə ləyaqət şərtdir, yoxsa məzhəblərarsı bəhsə daxil olmaq istəmirəm), hakimiyyət və rəhbərlik işlərini Allahın səlahiyyət verdiyi kəsin əlindən çıxarıb bəşəri maraq və istəklərə təhvil verdikdə, cəmiyyətdə Quranın yandırılacağını gözlədiyinz halda yandırılmadığına, əksinə onun toplanıb yaşadığına əmin olduğunuz zaman anlamırdınız və indi də onun cəzasını çəkirsiniz. O böyük xətanın – cəmiyyətdə baş qaldıran ayrı-seçkilik və təbəqələşmənin acısını indi də dadırsınız. Həmin cəmiyyətdə kiminsə düşünmək və anlamaq haqqı yoxdur, anlasa da, onu dilinə gətirmək haqqı yoxdur. Yəhudi Kəbul-Əhbar isə ixtiyar sahibiniz, xəyanətkar düşmən dostunuzdur. Odur ki, keçmiş səhvlərdən ibrət alın:

إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ

“İbrətlər kimə qarşısındakı cəzaları aydınlaşdırırsa, təqva onu şübhələr diyarına düşməkdən qoruyub-saxlayacaqdır.”

Bu bir cümlə!

Sonra Həzrət Əli (ə) camaatı həqiqətə daha da yaxınlaşdırır. O gecə də diqqətinizə çatdırdım ki, məsələnin düyün nöqtəsinin açarı zəmanəni düzgün və olduğu kimi tanımaqdadır. Zəmanəni tanımayanlar çaşqınlıqdadırlar. Hansı zəmanədə yaşadığını, hansı mövqedə olduğunu bilməyən, öz ətrafındakı ideoloji və əməli cərəyanları hiss etməyənlərdən cəmiyyətin və dinin xeyrinə heç bir ümid gözləmək olmaz. Əmirəlmöminin Əli (ə) hər kəsdən yaxşı bilirdi ki, öndər olmaq istəyən kəs düzgün həyat tərzinə, insanlıq dünyasına, layiqli müsəlman cəmiyyətinə sahib olmaq üçün ilk növbədə öz zəmanəsini tanımalıdır. Zəmanəsini tanımadığı təqdirdə, islahatçılar nə qədər fəryad etsə də, səsini ucaldıb danışsa da qulaqardına vuracaq və onun üçün faydasız olacaq; çünki zəmanəsini tanımır və “Onlar nə danışır?” – deyə düşünür. Cəmiyyətdə “Eltor” vəbasının yayıldığından xəbərsiz olan bir şəxs tibb işçiləri və həkim heyətlərinin əl-ayağa düşüb çadırlar qurduğuna, karantin rejiminin tətbiqinə təəccüblənəcək, onların insanları müayinə və müalicə etdiyini gördükdə, “Onlar nə edir, nə üçün edirlər?” – deyib mat-məəttəl fikrə dalacaq. Nə baş verdiyini danışsan da, qulağı olmadığından yazıq eşitməyəcək, bəsirəti olmadığından görməyəcək. Odur ki, öncə onu dünya xəbərləri və hadisələri, dünyada baş verən ideoloji və ictimai cərəyanlar barəsində məlumatlandırmaq lazımdır.

Əmirəlmöminin Əli (ə) onunla beyət edən və hakimiyyəti ona tapşıran müsəlmanlara hamının tanış olduğu nümunəni bəyan etmək və göstərmək istəyir :

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

“Agah olun! Həqiqətən, sizin başınıza gələn bəla Allahın sizin Peyğəmbərinizi (s) seçdiyi gündə düçar olduğunuz bəlanın forması kimidir.”

Ay camaat! Öz zəmanənizi tanımaq istəyirsiniz? Bilirsinizmi sizin zəmanənizin problemi və ümumi bəlası nədir? Sizin və cəmiyyətinizin həyatındakı bəla, eynilə Peyğəmbəri-Əkrəmin (s) dövründə Ərəbistan yarımadasını təhdid edən bəladır. كَهَيْئَتِهَا – Bəla eynilə həmin bəladır.

Peyğəmbəri-Əkrəmin (s) vəfatından 25 il, İslam quruluşundan 35 il, İslamın zühurundan yarım əsrə yaxın bir vaxt keçir. Cahiliyyət büsatı yığışdırılıb. Canlı və cansız bütlər yerlə yeksan olub. Qüreyş hakimləri ya məğlubiyyətə uğrayıb, ya da ölüb murdar olublar. İndi isə Əmirəlmöminin Əli (ə) ayağa qalxıb, “Sizin cəmiyyətin bəlası o dövrün bəlasıdır!” – deyə çıxış edəndə, heç kim anlamır, hamı fikrə gedir. Həzrət buyurur ki, ayıq olun, düşünün və bilin ki, bu bəla elə həmin bəladır!

Cahiliyyət dövrünün bəlası nə idi? Hansı xüsusiyyətləri ilə seçilir və fərqlənirdi? Buna diqqət yetirin, cahiliyyət dövründə zehninizə gələn hər bir bəla var idi; yoxsulluq, zülm, sosial təbəqələşmə, ayrı-seçkilik və s. İnsan dəyərsiz olmuşdu. Hər bir qövmün və cəmiyyətin düçar olduğu hər bir ictimai bəla Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi dövrdəki cahil və azğın cəmiyyətdə mövcud idi. Görəsən, Əmirəlmöminin Əli (ə) bu geri dönən hansı bəlanı nəzərdə tuturdu? Bu, bir az diqqət tələb edir; məsələni dəqiqliyi ilə araşdırmalı və həmin ictimai bəlaların hansının birincidərəcəli, hansının isə ikincidərəcəli olduğunu öyrənməliyik. Bunu siz Əmirəlmöminin Əlidən (ə) öyrənən ardıcıllarından öyrənin. Sosial məsələlərin təhlilində – xəstəliklər və dərmanlarının ayırd edilməsində həmişə köklərə – birincidərəcəli əsas məsələlərə diqqət yetirin, öncə səbəbləri tanıyın, səbəblər tanındıqda, nətcələr də tanınacaq, səbəblərin aradan qaldırılması ilə nəticələr də aradan qalxacaqdır. Budaqlara – ikincidərəcəli məsələlərə elə də əhəmiyyət verməyin.

Bir Allah bəndəsi saralıb yerə tökülmüş budaqlardan təngə gəlmişdi, onları tez-tez yığıb yandırırdı. Bir nəfər yaxınlaşıb ona dedi ki, ya yarpaqları saralmış bu quru budağı kəs, ya da bu budaqlardan birdəflik canını qurtarmaq istəyirsənsə, ağacı kökündən çıxar, yoxsa indi yerə düşmüş dörd-beş dənə yarpağı təmizlədikdən sonra, yenə də onlar töküləcək!

İncəzövqlü bir şəxs bir cümlədən ibarət bir tablonu neçə illərdir ki, sərgidə nümayiş etdirir. Mən onun bu cümləsini eşidəndə çox xoşuma gəldi və həmişə də təkrar edirəm. Həmin tabloda yazılmış cümlə belədir: “Bataqlıqları qurutsanız, ağcaqanad öz-özünə öləcək.” Ağcaqanadları bir-bir öldürməyin faydası yoxdur. Bir sadəlövh farmakoloq özündən də sadəlövh olan birinə ağcaqanadların qırılıb məhv olması üçün təklif etmişdi ki, ağcaqanadları bir-bir tutub gözünə dərman töksün, o zaman ağcaqanadlar kor olacaq və onları tutmaq asanlaşacaq!... Sən ağcaqanadları bir-bir və yaxud ağcaqanad öldürən dərmandan istifadə edərək birdəfəlik yüz ağcaqanadı öldürsən də, bataqlıq elə həmin andaca sənə indiyə qədər görmədiyin, necə uçacağından, bədəninə necə qonacağından əsla məlumatın olmadığı müxtəlif növ yüzlərlə ağcaqanad təhvil verəcək.

İndi mən də öyünürəm ki, Allaha və dinə xatir bir nəfərə daim Allahdan, dindən və İslamdan danışıram, sözlərimi beyninə yeritmək istəyirəm, hələ həmin adam bundan sonra müsəlman olacaq, ya olmayacaq, inanclı olacaq, ya olmayacaq, məlum deyil! Sən bax, gör, bu təfəkkür tərzi ilə neçə nəfəri hidayət edə bilərsən? Birini hidayət etdinsə, bəs o birini necə hidayət edəcəksən? İkincini hidayət etdinsə, axı üçüncü də var? Cavab verirsən ki, müxalif qüvvələr on-iyirmi nəfərdən artıq deyil ki! – Hamısını hidayət edəcəyəm. Əvvəla, “inşallah” de ki, Allah sənə yüz iyirmi il ömür versin və sənin də onların hamısını hidayət etməyə vaxtın və fürsətin olsun. Bu qısa ömür müddətində bu iş qeyri-mümkündür. İkincisi də Allah o milçəyi yaradan bataqlıq kimi belələrinin sayəsini sənin və sənin kimilərin üzərindən əskik etməsin ki, yüz iyirmi ilin hamısını çalışıb işləyəsən; sən hidayət etdikcə, sənin üçün (başqa bir azğın) meydana çıxacaq.

Bir gün Kəsrəvini və yaxud fılan ateisti məhkum etməklə özümüzlə öyünməyək. Həm öz ömrümüzü tələf etdik, həm də başqalarının ömrünü bitirdik. İndi isə başımızı qaldırıb görürük ki, insanlara İslamdan heç bir şey öyrətmədiyimiz üçün İmam Zamanın (ə.c.) hüzurunda xəcalətliyik. Bizim cəmiyyətimiz elə həmin cəmiyyət, bataqlıq elə həmin bataqlıqdır, hər gün bir ağcaqanad baş qaldırır, hər gün də sancır; elə yerdən sancır ki, heç ağlına belə gəlmir. Hər gün bir avazla başımzı tumarlayır və müəyyən rənglə boyayırlar. Biz də onların istəklərinə uyğun olaraq başımızı çox rahatlıqla tumarlatdırır və boyatdırırıq. Nə vaxta qədər qafil olacağıq! Haçana qədər gözlərimizi döyəcəyik? Haçana qədər irəli addımlamayacağıq? Haçana qədər “dəyirman daşı ətrafında dolanan ulaq” tək (kəhimarit-tahunə)[4] yerimizdə sayacağıq? Haçan məqsədə çatacağıq? Bu qədər güc sərf edirik, amma irəliləyiş yoxdur. İmam Zamanın (ə) hüzurunda da xəcalətliyik.

Əmirəlmöminin Əlinin (ə) bizə verdiyi bu qanun və meyarı tanımalısan; kökü tanımalısan ki, gövdəni, budaqları və yarpaqları da bir-birindən ayırd edə biləsən və başını solmuş yarpaqları yığmaqla qatmayasan. Odur ki, biz Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyindən öncə cahiliyyət dövründə yaşayan insanların yanlış ictimai vəziyyətini araşdırdıqda, belə bir vəziyyətin bir amildən qaynaqlandığını görürük. Çünki cahil cəmiyyətin başında Allahdan qeyrisi dayanmışdı. Elə buna görə də, yoxsulluq, nadanlıq, bərabərsizlik, qardaş qırğını, təhlükəsizlik, digər bədbəxtliklər və bəlalar hökm sürürdü. Çünki həmin cəmiyyətə Allahdan qeyrisi hökmranlıq edirdi. Bir cəmiyyətə Allahdan qeyrisi hökmranlıq edərsə, belə də olmalıdır. Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçildiyi vaxtda da vəziyyət belə idi, Əmirəlmöminin Əli (ə) iyirmi beş ildən sonra xilafət kürsüsündə əyləşdikdən və təqdim edilən mirası qəbul etdikdən sonra da həmin vəziyyət hökm sürürdü. Bir cəmiyyətə Allahdan qeyrisi, yəni şirk hakim olarsa, bu cəmiyyətdə nadanlıq, yoxsulluq, təbəqələşmə də, zülm, zorakılıq, quldurluq da, insanın dəyərdən düşməsi də olacaqdır.

Çarə nədir? Çarə odur ki, aləmlərin Rəbbinin şərikləri – Allah-Taalanın qüdrət və hakimiyyət dairəsini haqsız yerə mənimsəyənlər kənara çəkilməlidirlər. Necə ki, Əmirəlmöminin Əli (ə) bu işi bir dəfə Peyğəmbəri-Əkrəmin (s) dövründə yerinə yetirdi və Qüreyş böyüklərinin burnunu yerə sürtdü; bir dəfə də xilafətə çatdıqdan sonra yerinə yetirdi və o zaman müşrik adını daşıyan Allah şəriklərinin zahirləri ilə batinləri eyni idisə, artıq bu gün həmin şəriklər “Allahın bəndələri” adını daşıyır, zahirləri ilə batinləri fərqlidir.

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

“Agah olun! Həqiqətən, sizin başınıza gələn bəla Allahın sizin Peyğəmbərinizi (s) seçdiyi gündə düçar olduğunuz bəlanın forması kimidir.”

Bu da digər cümlə!

Artıq Əmirəlmöminin Əli (ə) bir viranənin varisidir. Buna təəccüb edirsiniz? O Həzrətin zamanındakı İslam ölkəsi abad və böyük idi. Dünyanın adi siyasi termini ilə ifadə etmək istəsək, bir imperiya idi. Hicaz, İraq, Misir, İran, şərq və qərb abadlıqlarından tutmuş Bizans imperatorluğunun sərhədlərinə qədər ərazini əhatə edirdi. Hətta bu imperiyanın süqutundan sonra bir çox ölkələr İslam qüdrətinin tabeçiliyində qalmışdı. Amma bütün bunlar məsələnin zahiri idi, bəs batini nədən ibarət idi? Batini çürüklük və imansızlıqdan ibarət idi, İslamın həqiqi təməlləri sıradan çıxmışdı. İslamın həqiqi təməli və prinsiplərindən biri insana verilən dəyərdən ibarət idi:

مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا

“Hər kim can qisası olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, sanki bütün insanları (insanlığı) öldürmüşdür...”[5]

Bir insanın dəyəri bu qədərdir. İmam Səccad (ə) bir insanın dəyəri haqqında belə buyurmuşdur:

إِنَّهُ لَيْسَ لِأَنْفُسِكُمْ ثَمَنٌ إِلَّا الْجَنَّةَ فَلَا تَبِيعُوهَا إِلَّا بِهَا

İnsanın qiyməti yalnız Cənnətdir. “Sizin qiymətiniz Cənnətdən başqa bir şey deyil. Elə isə, özünüzü ondan başqasına satmayın.”[6] Odur ki, insan özünü zəlil etməməli, Allahdan qeyrisinin müqabilində kiçilməməli və kölə olmamalıdır. Yalnız Allaha itaət etməli, Onun əmrinə təslim olmalıdır. Budur insanın qiyməti!

O zaman insan dəyər və qiymətdən o qədər düşmüşdü ki, Əbuzər kimi bir şəxsiyyəti Şamda çulsuz bir dəvəyə mindirib ayaqlarını bağladılar və Mədinəyə qədər o vəziyyətdə gətirdilər. O, Mədinəyə çatanda, artıq ayaqlarından qan süzülürdü.[7] Bir insana bundan artıq hörmətsizlik olarmı? Görəsən, bundan artıq insana hörmətsizlik olarmı ki, bir hakim tərəfindən haqsızlıq və zorakılığa məruz qalan camaat şikayət üçün xəlifənin hüzuruna getdikdən sonra xəlifə onlara dörd kəlmə xoş söz deyib yola sala, sonra da hakimə məktub yazıb bildirə ki, (misal üçün) Zeyd, Əmr və Bəkr səndən şikayət etmək üçün gəlmişdilər, onları geri qaytardım, onlarla necə istəyirsənsə, elə də rəftar et![8] İnsanları ələ salmaq, müsəlmanları aldatmaq, onların istək və ehtiyaclarını görməzdən gəlmək, onlara etinasızlıq və əhəmiyyət verməmək; bundan da artıq təhqir və hörmətsizlik varmı?

İslam cəmiyyəti zahirən çox gözəl və bərbəzəkli görünsə də, daxili puç və çürük idi, içi qurdlanmış və məhv olmuşdu.

 

Ardı var.. 

 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, xütbə 16 – 1374/12/06.

[2]. “Nəhcül-bəlağə”, xütbə 16.

[3]. “Murucuz-zəhəb”, c. 1, səh. 434.

[4]. “İxtisas”, Şeyx Müfid, səh. 245.

[5]. “Maidə” surəsi, ayə 32.

[6]. “Tuhəful-uqul”, səh.391.

[7]. “Tarixi-Yəqubi”, c.2, səh.172.

[8]. “Tarixi-Təbəri”, c.3, səh.401.

 

Google+ WhatsApp ok.ru