Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə dair yeni sənəd imzalanacaq

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə dair yeni sənəd imzalanacaq

Rəşt -Astara dəmir yolunun təkmilləşməsi layihəsi Azərbaycan və İranın birgə iştirakı ilə həyata keçiriləcək.  Bu barədə İranın Azərbaycandakı səfirliyindən  Maide.Az -a  məlumat verilib.

 Məlimatda bildirilir ki, iyulun 26-da  Bakıda  İran-Azərbaycan hökumətlərarası komissiyasının işçi qrupunun iclasında bu haqda razılığa gəlinib.

 İşçi qrupun iclasına İran tərəfindən yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan və Azərbaycan tərəfindən   iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev başçılıq edib.

İclasda Rəşt-Astara dəmir yolu layihəsinin təkmilləşməsində sərmayə yatırmağın yolları haqqında müzakirələr aparılıb.

İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan deyib ki, Rəşt-Astara  dəmir yolu layihəsi Azərbaycan və İran şirkətlərinin birgə əməkdaşlığı ilə tikiləcək və layihəyə hər iki ölkə birgə sərmayə yatıracaq. "Bu məqsədlə Azərbaycan hökuməti 500 milyon dollar vəsait nəzərdə tutub. Bu əməkdaşlığa dair sənəd İran prezidenti Həsən Ruhaninin Bakıya gözlənilən səfəri zamanı imzalanacaq və yaxın 2-3 ayda icra olunacaq."

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.
 

Google+ WhatsApp ok.ru