Azərbaycan iqtisadiyyatı nə qədər kiçiləcək? 16 Sentyabr 2020 17:23 İqtisadiyyat Asiya İnkişaf Bankı (AİB) 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 4.3 faiz kiçiləcəyini proqnozlaşdırır. Bu barədə bankın bu günlər açıqladığı "Asian Development Outlook 2020" (ADO) hesabatında bildirilir. "COVID-19-la bağlı məhdudiyyətlərin artması və gəlirlərin azalması 2020 il ərzində davam edəcəyi üçün ümumi istehlakın kəskin şəkildə azalmasını gözləyirik. Neft hasilatının azalması və pandemiyanın da yaxın aylarda davam edəcəyi gözlənir", - AİB-in saytında yer alan hesabatda bildirilir. ÜDM-in kiçilməsi tempinə görə, AİB-in gözləntiləri Azərbaycan hökumətinin proqnozuna yaxındır. Azərbaycan Dövlət Gömrük Komitəsi də bu günlər bildirdi ki, bu ilin 8 ayında ölkə iqtisadiyyatı 3 faiz kiçilib. Tədiyyə balansında vəziyyət necədir? AİB-in proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansının kəsiri ÜDM-in 5.1 faizini təşkil edəcək. Bankın ekspertləri qeyd edib ki, bu il ölkə 2015-16-cı illərdən sonra ilk dəfə cari əməliyyatlar hesabının kəsirinə qayıdacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2020-ci ilin I yarısında ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabı müsbət -598.2 milyon dollar olub. Lakin bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə azdır. AİB ilə münasibətlər AİB-in proqnozları Azərbaycan üçün vacib sayılır. Çünki bu bank ölkənin əsas kreditorları sırasındadır və hökumətə islahatlarla bağlı məsləhətlər verir. 2022-23-cü illərdə AİB iqtisadi islahatlara dəstək üçün Azərbaycana iki bərabər tranşla 500 milyon dollar kredit ayırmağı planlaşdırır. Bu vəsait dövlət xərclərinin, fiskal idarəetmənin səmərəliliyinin artırılmasına, dövlət müəssisələrinin islahatlarına, biznes mühitinin yaxşılaşdırılmasına və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına yönəldilməlidir. 2018-2019-cu illərdə Azərbaycan AİB-dən "dövlət sektorunun idarə edilməsi və səmərəliliyinin artırılması proqramının təkmilləşdirilməsi" (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) üçün də 500 milyon dollarlıq kredit cəlb edib. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank ölkəyə 5 milyard dollardan artıq kredit verib. "Rəqəmlər bir çox hallarda reallığı əks etdirmir" "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri Azər Mehtiyev mövzu ilə bağlı AzadlıqRadiosuna bunları deyib: "Həm hökumətin, həm də AİB-in hesabatları müəyyən hesablamalara əsaslanır. Hər birinin öz hesablama metodologiyası var, müəyyən məlumat bazalarına əsaslanıb proqnozlar verirlər". İqtisadçının fikrincə, buna alternativ başqa proqnozlar da ola bilər, amma hər şey məlumat bazasından, onun doğru-dürüst olmasından asılıdır. A.Mehtiyev təəssüflə deyib ki, Azərbaycanda belə məlumatların dəqiq proqnozlaşdırılması üçün müstəqil ekspertlərin yetərli statistik bazası yoxdur. Digər tərəfdən, o hesab edir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlər bir çox hallarda reallığı əks etdirmir. İqtisadçının fikrincə, əslində, müşahidələr də onu göstərir ki, mövcud ssenaridə Azərbaycanda ilin yekununa ÜDM-də təqribən 4.5 faiz azalma real görünür. A.Mehtiyevə görə, qarşıdakı illərdə proseslərin gedişi dünya bazarında neftin qiymətindən və pandemiyanın davam etməsindən asılı olacaq. "Böhranın nəticələri zaman keçdikcə, daha çox hiss edilir" İqtisadçı-alim Əli Əlirzayev isə bunları deyib: "AİB-in açıqladığı proqnoz rəqəmləri ilə bağlı hesab edirəm ki, bu tendensiya ilə ÜDM 4.8-5 faiz civarında azalacaq. Əgər 2020-ci ilin 7 ayında 2.8 faiz azalma varsa, ilin sonuna kimi bu, davam edə bilər. İstənilən böhranın nəticələri zaman keçdikcə, daha çox hiss edilir". Onun fikrincə, bunun olmaması üçün ölkəyə investisiya qoyulmalıdır. Ə.Əlirzayev deyib ki, Azərbaycanda 2023-cü ildə böyük inkişafdan danışmaq tezdir, çünki həmin vaxta iki il qalır, amma pandemiyanın və onun fəsadlarının nə qədər davam edəcəyi bəlli deyil. /azadliq.org / Teqlər : #Azərbaycan,#iqtisadiyyatı,#nə,#qədər,#kiçiləcək?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bloomberg: Dünyanı ağır iqtisadi böhran gözləyir Rusiya neft razılaşmasını pozur