Azərbaycan və Ermənistan atəşkəsə razılaşdılar

Azərbaycan və Ermənistan atəşkəsə razılaşdılar

Moskvada Dağlıq Qarabağa dair Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında keçirilən üçtərəfli danışıqlarda Bakı və Yerevan Qarabağda atəşin dayandırılmasına razılaşıblar.

 
Maide.az "azadliq.org"a istinadla xəbər verir ki, Atəşkəs oktyabrın 10-da saat 12:00-da qüvvəyə minir.
 
Danışıqlar 12 saat müddətində, demək olar fasiləsiz davam edib.
 
Bu barədə məlumatı Sergey Lavrova istinadən RIA Novosti agentliyi verib.
 
Lavrov deyib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışı ilə, habelə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında razılaşmalara müvafiq olaraq tərəflər humanitar məqsədlə hərbi əsirlərin və başqa saxlanan şəxslərin Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə dəyişdirilməsi üçün oktyabrın 10-u, saat 12-dən atəşin dayandırılmasına dair razılığa gəliblər.
 
Bu da bildirilir ki, Bakı və Yerevan münaqişənin dinc yolla ən qısa müddətdə tənzimlənməsi məqsədilə “substantiv danışıqlara” başlamaq barədə razılaşma əldə ediblər.
 
Məlumatda vurğulanır ki, tərəflər habelə Qarabağa dair danışıqlar formatının dəyişməzliyini təsdiq ediblər.
 
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada keçirilən danışıqların yekunları üzrə qəbul etdiyi birgə sənəddə trəflər aşağıdakı addımlar barədə razılığa gəliblər:
 
"1. 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən hərbi əsirlərin və digər saxlanılanların və ölənlərin cəsədlərinin mübadiləsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və meyarlarına uyğun olaraq humanitar məqsədlərlə atəşkəs elan edilir.
 
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
 
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın əsas prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə substantiv danışıqlara başlayırlar.