Bəzi bankların bağlanacağı gözlənilir

Bəzi bankların bağlanacağı gözlənilir

«Exo» qəzetində «Azərbaycanda daha bir neçə bank bağlanacaq və bu, qaçılmaz prosesdir» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkənin bank sisteminin durumu ekspert Əkrəm Həsənovla müzakirə edilir.
 
Ə.Həsənov deyib ki, hazırda manat sabitdir. Amma Mərkəzi Bank (MB) bunu pul kütləsinin azaldılması hesabına təmin edib.
 
Ekspertin deməsinə görə, indi dollar ekvivalentində dövriyyədə 4 milyard manatdan bir qədər çox pul var. Halbuki, 2015-ci ildə bu rəqəm 16 milyard dollara bərabər idi.
 
Ə.Həsənov hesab edir ki, indiki sərt pul siyasəti iqtisadi aktivliyin azalması prosesini daha da sürətləndir: «MB manatı bundan sonra da sıxa bilər. Hətta ABŞ dollarından baha da edər. Amma pul olmadan iqtisadiyyat funksiyasını yerinə yetirə bilməz. Bu sirr deyil ki, son zamanlar xeyli şirkətlər ölkəni tərk ediblər, işçilərin ixtisar olunması bu gün də müşahidə edilir. Hətta dövlət orqanlarında əmək haqları aylarla verilmir, bir sözlə, problem çoxdur».
 
Ekspert deyib ki, 2017-ci ilin ilk rübündə bir neçə bank öz müştərilərinin əmanətlərini qaytarmaqdan imtina edib: «Bu, keçən ildən baş verir və Maliyyə Bazarına Nəzarət Palatası bu problemi həll edə bilmir. Bundan isə əziyyət çəkən çoxdur. Bu isə bank sahəsindəki duruma pis təsir göstərir, əhali banklara etibar etmir».
 
Ə.Həsənovun fikrincə, ilin sonuna kimi daha bir neçə bank bağlanacaq: «Amma başa düşmək lazımdır ki, bu, bütünlükdə bank sektoruna müsbət təsir göstərəcək. Odur ki, Palatanın 2016-cı ildə qalan bankların maliyyə bazarını tərk etməyəcəkləri bəyanatı səhv idi». /

Google+ WhatsApp ok.ru